28 yanvar 2021 15:03
1063

"Milli şura" xarici anti-Azərbaycan dairələrin maşasıdır ÖZƏL RƏY

“Milli şura" yarandığı gündən öz antimilli mövqeyi ilə seçilib. Müxalifətin radikal qanadının yaratdığı “milli şura” nın Azərbaycanın milli maraqlarına tam zidd siyasi xətt tutması yeni hadisə deyil. Onlar bütün dövrlərdə açıq-aşkar Azərbaycana qarşı fəaliyyət göstəriblər. Həm 2016-cı ilin Aprel döyüşləri, həm 2020-ci ilin iyul hadisələri, həm də İkinci Qarabağ savaşından sonrakı dövrdə onların anti-Azərbaycan fəaliyyətinin şahidi olmuşuq.”

Bu fikirləri “İki sahil”ə politoloq Yusif Bağırzadə “milli şura”nın Vətən müharibəsi və ondan sonrakı dövrdə sərgilədiyi mövqeyə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, “milli şura” adlandırılmasına baxmayaraq, təsis edildiyi ilk gündən antimilli mahiyyət nümayiş etdirməsi bu qurumun fəaliyyətində ana xəttə çevrilib: “Bu qurumun ideologiyasının əsasında da Azərbaycana qarşı təbliğat aparmaq dayanır. Özünü “milli şura” adlandıran qurum həmişə olduğu kimi, 44 günlük Vətən müharibəsində də xəyanətkar missiyasını reallaşdırdı, ermənilərin dəyirmanına su tökməklə cəmiyyəti çaşdırmağa çalışdı. İndi isə müharibənin başa çatmasından sonra da antimilli şura öz çirkin fəaliyyətindən geri qalmayaraq, ağalarının tapşırığı ilə Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmağa çalışır. Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərqərar olunması ilə yekunlaşmış Vətən müharibəsinin nəticələrinin təftiş edilməsi Azərbaycanın düşmənlərinin və onlara havadarlıq edənlərin anti-Azərbaycan təbliğatının başlıca vəzifəsinə çevrilib.”

Y.Bağırzadə qeyd edib ki, 1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsini uduzan AXC-Müsavat hakimiyyətinin “milli şura” da təmsil olunan nümayəndələri bu gün bu hərəkətləri ilə anti-Azərbaycan qüvvələrlə bir mövqedə dayanırlar desək, səhv etmərik: “Azərbaycanın düşmənləri ilə eyni mövqe sərgiləyən və elə həmin düşmənlər qədər anti-Azərbaycan təbliğatı aparanların özlərini “milli şura” adlandırması heç bir halda qəbul edilən deyil. 30 il ərzində işğal altında olan torpaqlarımızın işğaldan azad olunduğu, Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatdığı, bütün dünyanın Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşdığı bir zamanda antimilli şura bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur və ilham mənbəyinə şübhə yaratmağa çalışır. Buna isə milli xəyanətdən başqa ad vermək mümkün deyil.”

Həmsöhbətimiz əlavə edib ki,  1993-cü ildən hazırkı dövrə qədər daim radikallıqları, antidövlətçilik fəaliyyətləri ilə seçilən qruplar 28 ildən sonra, yəni bu gün də öz köhnə təfəkkürlərində qalmaları ilə yanaşı, həm də “beşinci kolon”un emissarları olduqlarını göstərdikləri fəaliyyətlə sübut edirlər. Anti- Azərbaycan dairələrinin maşası və ölkəmizdəki missionerləri olan “milli şura”çılar əllərinə düşən hər fürsətdə milli maraqlarımıza, dövlətçiliyimizə, sabitliyə, vətəndaş həmrəyliyinə zərbə vurmaq üçün ən çirkin üsul və vasitələrdən istifadə edirlər. Gizli maliyyə dəstəyinin qarşılığında xaricdəki havadarlarının sifariş və tapşırıqlarını canla-başla yerinə yetirən bu antimilli dəstə informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını hər keçən gün daha da genişləndirərək yerli və beynəlxalq ictimai rəyi çaşdırmaqda davam edirlər. Onların tutduğu bu yol  xəyanət yoludur və bu xəyanətlərə görə onlar gec-tez cavab verməli olacaqlar”.

Yaqut Ağaşahqızı, “İki sahil”