23 avqust 2019 17:26
795

Millimiz Avropa çempionatında mübarizəyə başlayıb

Avqustun 23-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında ilk görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, C qrupunda mübarizə aparan millimiz Macarıstanın paytaxtı Budapeştdə Xorvatiya yığması ilə qarşılaşır.

Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.

C qrupunun oyunları Budapeştdə təşkil olunacaq.

Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıblar.

Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa çempionatında gücünü sınayacaq yığmamız mükafatçılar sırasına düşə bilməyib.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıblar.

Çempionata sentyabrın 8-də yekun vurulacaq.