02 iyun 2020 13:08
1092

Millimizin baş məşqçisi: Syomin elə qışqırırdı ki...

"Onun toplanışları zamanı o qədər qaçırdıq ki, oyunçular həqiqətən qaytarırdılar".

"Report"un məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç "Match TV"yə açıqlamasında bu yaxınlarda Rusiya "Lokomotiv"indən istefaya göndərilən Yuri Syomin barədə danışarkən deyib.

2001 - 2003-cü illərdə Moskva klubunda 73 yaşlı mütəxəssisin başçılığı altında oynamış xorvatiyalı onunla bağlı xatirələrini bölüşüb. Veteran müdafiəçi Syominin məşqlərdə xeyli hirsli olduğunu bildirib: "Çantaları təpikləyirdi. Elə qışqırırdı ki, ağzından tüpürcək çıxırdı. Onun üçün yer və ya vaxt fərqi yox idi: paltardəyişmə otağında da, meydançada da, stadionun dəhlizində də, avtobusda da qışqırırdı. Amma baş məşqçi olandan sonra onu başa düşdüm".

Obradoviçin sözlərinə görə, rusiyalı komandanı məhz bu yolla qələbəyə, çempionluğa kökləyirdi: "2002-ci ildəki çempionluqdan sonra yaxşı içdik və Syominin başqa tərəflərini kəşf etdim. Əvvəllər onunla kafedə oturmamışdıq. Yalnız rəhbərliyi altında məşq edir, zalda çalışır, nahar edir və ayrılırdıq. Yaxından ünsiyyət qurmamışdıq. Həmin vaxt yanımda əyləşdi, çiynimə vurdu və qucaqladı. Spirtli içki qəbul etdik. Sual verdi ki, niyə hər matçda bu qədər yaxşı oynamaq istəmirsən? Mən isə soruşdum ki, siz niyə həmişə mənə qışqırırsınız? Aramızda bu cür səmimi söhbət oldu".

Qeyd edək ki, 2019-cu ildən U-21-ə başçılıq edən Milan Obradoviç 2001-ci ildə "Lokomotiv"lə Rusiya kubokunu da qazanıb.