11 oktyabr 2019 19:45
1318

“Milyonçu” Xalq yazıçısı

YAP Yasamal rayon təşkilatında Çingiz Abdullayevin gənclərlə görüşü keçirildi

Azərbaycan və   müasir  dünya ədəbiyyatında  dedektiv romanları,  maraqlı əsərləri ilə   oxucuların rəğbətini qazanan,  qələmini   jurnalistikanın  publisistika janrında sınayan nasir, Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığa  tələbəlik  illərindən başlamışdır. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakultəsini bitirən, uzun müddət respublikanın hüquq-mühafizə orqanlarında çalışmış atası  Akif Abdullayevin yolunu davam etdirən gənc Cingizin romanları arasında dedektiv janrında yazılan əsərlərin çoxluq təşkil etməsində bu amilin böyük təsiri olmuşdur.

İyirmidən artıq sanballı romanın müəllifi,  Azərbaycan Yazıçılar Birliyinin katibi ( müavini), hüquq elmləri doktoru Çingiz Abdullayev  ictimaiyyətçi,  oxucularının hörmətini qazanan ziyalı  kimi də böyük hörmətə layiqdir. “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri kimi  ölkəmizdə gənclərin futbola marağının artırılmasında da  xidmətləri vardır. Xarici ölkələrdə belə əsərləri ilə tanınan, geniş oxucu auditoriyası qazanan  yazıçı Polşanın Krakov Universitetinin fəxri professoru, , H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Demokratik  Ziyalılar İttifaqı nəzdində  yaradılan Milli Akademiyanın doktorudur. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Rus,  ingilis, italyan dillərində sərbəst danışan Çingiz Abdullayevin Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünya ölkələrində yayılmışdır.  Müasir dünya ədəbiyyatında  müxtəlif  janrlarda ən çox əsər yazan, məhsuldar yazıçı kimi məşhurlaşan yazıçı 194 adda kitabın müəllifidir. Keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü kimi  Çexoslolvakiya, Yuqoslaviya,  Bolqarıstan, Danimarka, Polşada keçirilən tədbirlərdə  nümayəndə heyətinin üzvü kimi iştirak etmişdir.

Bir neçə tammetrajlı filmin ssenari müəllifi olan Çingiz Abdullayev   təcrübəli prodüser, məsləhətçi kimi də tanınır.

Xalq yazıçısı adına layiq görülən, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilən Çingiz Abdullayev oxucuları ilə görüşə  illərdən bəri çəkdiyi zəhmətin bəhrəsi olan, ona  “ milyonçu”  adını qazandıran,   ömrünün  yaradıcılıq  “sərvəti” olan bu cür zənginliklərlə    gəlir.

Dünən Yeni Azərbaycan  Partiyası Yasamal rayon təşkilatında Xalq yazıçısı Çingiz Abdullayevlə  gənclərin görüşü keçirildi. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Xalq yazıçısının yaradıcılığından danışdı.

Gənclərə xoş arzularını çatdıran  Çingiz Abdullayev bildirdi ki, millətin, xalqın, dövlətin gələcəyi  vətəndaşların intellekt səviyyəsindən, insan kapitalına verilən dəyərlərlə bağlıdır:

-İnsanın dünya görüşü yüksək olduqca onun cəmiyyətdəki rolu, fəaliyyəti artır, mənsub olduğu  xalqa daha çox fayda verə bilir. Bunları şərtləndirən amillərdən ən  başlıcası ölkədə ziyalı potensialının artmasıdır. Ziyalılığa aparan yol kitabla ünsiyyətdən başlayır.  Bilik mənbəyi olan  kitabla ünsiyyət insanı  mənəvi cəhətdən zənginləşdirir, gələcəyə baxışını formalaşdırır. İnsan nə qədər çox mütaliə edərsə , onun mənəviyyatı, dünyagörüşü bir o qədər  zənginləşir, nitqi,  dünya hadisələrinə baxışı, təfəkkürü , fikr və düşüncələri təkmilləşir.

Xalq yazıçısı yaradıcılığının əsas istiqamətlərindən, gələcək planlarından danışdı, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə etdi, onların şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğuladı.

Gənclərin  suallarını cavablandıran Çingiz Abdullayev tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

Tədbirdə  YAP sıralarına qəbul olunan bir qrup gəncə partiyanın üzvlük vəsiqələri verildi.

Xuraman İsmayılqızı, “İki sahil”