14 iyul 2020 12:03
3842

Mingəçevir şəhərinə virtual səyahət təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin məntiqi davamı olan “Vətənimizə virtual səyahət” layihəsini uğurla davam etdirərək növbəti virtual turu Mingəçevir şəhərinə təşkil edib.

Kitabxanadan bildirilib ki, videoçarxda şəhərin tarixi ilə bağlı izləyicilərə maraqlı faktlar çatdırılır və fotolar nümayiş olunur. Videoçarxda İkinci Dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəri olan Mingəçevirin tikintisi, böyüməsi və inkişafı ilə bağlı informasiya verilir. Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış Mingəçevir su anbarı, Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) və Mingəçevirdə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası haqqında maraqlı məlumatlar videoçarx vasitəsilə izləyicilərə təqdim olunur.

Materialda Heydər Əliyev Mərkəzi, Tarix Muzeyi, Rəsm Qalereyası, Mingəçevir Dövlət Dram Teatrı, Gənclər Evi, Bayraq Meydanı, Soyqırımı abidəsi, Şəhidlər xiyabanı, Mingəçevir Dövlət Universiteti, Ana Dili abidəsi və digər müasir tikililərin, bununla yanaşı bir sıra istirahət mərkəzləri və parkların fotoları göstərilir.

Şəhərin kosmosdan görünüşünün fotosunun da yer aldığı videoçarx Azərbaycanın Milli Qəhrəmanları olan mingəçevirlilərdən Malik Əsədov, Ruslan Muradov, Dilqəm Nağıyev, Rəşad Mirabov və digər görkəmli şəxsiyyətlərin siyahısı ilə yekunlaşır.

Videoçarxda yer alan “Mingəçevir” mahnısı Xalq artisti Brilliant Dadaşova tərəfindən ifa olunur.

Mingəçevir şəhəri haqqında videoçarxı kitabxananın “YouTube” kanalında və “Kitabsevər uşaqlar”ın “Facebook” səhifəsində izləmək olar.