25 aprel 2019 20:57
1014

Misir KİV-ləri Azərbaycan və Çin liderlərinin görüşündən yazıb

Misirin nüfuzlu "Əl Bayan", "Əl Dustur" və "Şafaqna" elektron nəşrlərində və digər KİV-lərdə aprelin 24-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin və "Bir kəmər, bir yol" ikinci beynəlxalq forumunda iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında keçirilmiş görüş barədə məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə ÇXR-in Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Azərbaycan tərəfinin və şəxsən Prezidentin Çin-Azərbaycan əlaqələrinin inkişafına və "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasına göstərdikləri böyük diqqəti yüksək qiymətləndirdiyi qeyd olunur. O vurğulayıb ki, Azərbaycan bu təəşəbbüsə ilk qoşulanlar sırasındadır və prosesdə fəal iştirak edir. Si Cinpin qeyd edib ki, Azərbaycan Avrasiya məkanında Çinin əməkdaşlıq etdiyi əsas tərəfdaşlardan biridir. ÇXR-in sədri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu xarici və daxili siyasətini, Azərbaycan xalqının rifahının yüksəldilməsini və iqtisadi sahədə əldə edilən nailiyyətləri xüsusi olaraq vurğulayıb. Qəzetlər yazırlar ki, onun sözlərinə görə, Çin "Bir kəmər, bir yol" təşəbbüsündən tam şəkildə istifadə etmək üçün Azərbaycanla birgə iş aparmaq, həmçinin bir çox sahələrdə əməkdaşlığı möhkəmləndirmək, mədəniyyət və təhsil mübadiləsini genişləndirmək, iki ölkə arasında qarşılıqlı anlaşmanı və dostluğu daha da dərinləşdirmək niyyətindədir.

Materiallarda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə Çinin Azərbaycan üçün vacib dost və tərəfdaş olduğunu, bir çox məsələlərdə ölkəmizi dəstəkədiyini qeyd edib. O vurğulayıb ki, Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünə fəal şəkildə qoşulub və ilk gündən onun iştirakçısı olub. Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib ki, Azərbaycan Xəzər dənizi üzərindən beynəlxalq nəqliyyat dəhlizi tikmək və özünün unikal coğrafi mövqeyindən istifadə edərək regionlararası əlaqələri dəstəkləmək niyyətindədir. Azərbaycanın lideri, həmçinin terrorçuluğun, separatçılığın və ekstremizmin aradan qaldırılması istiqamətində öz ölkəsinin Çinlə əməkdaşlıq etmək istədiyini bildirib.

https://www.elbayan-news.com/391742?fbclid=IwAR11BWeL3HMT6Iaf0LDP-0Ew3-YXKW6tHkWDKD35EU_r5tpdUpwc23ci_WQ