20 yanvar 2021 19:30
628

Misirdə virtual tədbir

Azərbaycanın Misirdəki səfirliyi və “Vətənpərvər” Diaspor Təşkilatları Birliyinin təşkilatçılığı ilə 20 Yanvar hadisələrinə həsr olunmuş virtual tədbir keçirilib.

"İki sahil" AZƏRTAC*a istinadən xəbər verir ki, tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən səfirliyin əməkdaşı Emil Rəhimli, diaspor rəhbəri, tədqiqatçı alim Seymur Nəsirov, diaspor təşkilatının sədr müavini Sədaqət Səmədova və digər diaspor üzvləri Qanlı Yanvar hadisələri haqqında fikirlərini və xatirələrini bölüşüblər. Qeyd olunub ki, Misirdəki diplomatlarımız və bu ölkədə yaşayan azərbaycanlılar son illər xalqımızın haqq səsinin ərəb ictimaiyyətinə çatdırılması, xüsusən 44 günlük Vətən müharibəsində yerli mətbuatda erməni təxribatlarının qarşısının alınması və düşmənin yalan təbliğatının ifşası üzrə geniş fəaliyyət göstəriblər.

Qanlı Yanvar hadisələrindən bəhs edən çıxışçılar vurğulayıblar ki, həmin ağır günlərdə sovet rejiminin təqibi altında olan ümummilli lider Heydər Əliyev respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu dəhşətli cinayəti qətiyyətlə pisləyib, onu törədənlərin və təşkilatçıların cəzalandırılmasını tələb edib. Məhz bu bəyanat Qanlı Yanvar hadisələrinə verilən ilk siyasi qiymət idi. Eyni zamanda, 20 Yanvar faciəsi xalqımızın iradəsini sındıra, onun azadlıq və müstəqillik əzmini yox edə bilmədi, əksinə, cəmiyyətin bütün təbəqələrinin daha sıx birləşməsinə səbəb oldu. Həmin hadisələrin kulminasiya nöqtəsi isə 1991-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini elan etməsidir.

Tədbirdə vurğulanıb ki, Qanlı Yanvar hadisələrinin 31-ci ildönümü xalqımız üçün əlamətdar bir dövrdə - Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti nəticəsində Ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etməsi və ərazi bütövlüyümüzü bərpası şəraitində qeyd edilir. Vətən müharibəsində bu şanlı Qələbəmiz şəhidlərin müqəddəs ruhu qarşısında ən böyük xidmətdir.

Sonda diaspor təşkilatının üzvləri tərəfindən Azərbaycanın haqq səsinin Misir ictimaiyyətinə çatdırılması və ölkəmizin ədalətli mövqeyinin təbliği üzrə təkliflər irəli sürülüb.