24 fevral 2020 20:54
1472

Misirin sabiq Prezidentinin səhhəti ağırlaşıb

Misirin sabiq Prezidenti Hüsnü Mübarəkin səhhətində ciddi problemlər yaranıb. AZƏRTAC xəbər verir ki, bu barədə onun vəkili Fərid əl-Deeb məlumat yayıb. Onun sözlərinə görə, bu yaxınlarda ağır cərrahiyyə əməliyyatı keçirən Hüsnü Mübarək bazar günü yenidən hərbi hospitala aparılıb. O, hazırda reanimasiya şöbəsindədir. Sabiq dövlət başçısının yanına yalnız yaxın qohumları buraxılıb.

H.Mübarəkin oğlu Alaa yanvar ayında atasının üzərində ağır cərrahiyyə aparıldığı və sağlamlıq vəziyyətinin sabit olduğu barədə məlumat vermişdi.

Misirin sabiq Prezidenti 2011-ci ildə Yaxın Şərqdə "ərəb baharı" adlanan iğtişaşların fonunda bu ölkədə baş vermiş dövlət çevrilişi nəticəsində həbs edilmişdi. Onu mitinq iştirakçılarının qətlə yetirilməsində ittiham ediblər. Lakin 2017-ci ildə sabiq Prezidentə bəraət verilib. Mübarəkin oğulları Alaa və Gamal da korrupsiya ittihamı ilə həbs edilmişdi və Qahirə məhkəməsi bu günlərdə onların barəsində bəraət hökmü çıxarıb.

Qeyd olunub ki, H.Mübarəkin müalicəsi Prezident Əbdülfəttah əs-Sisinin nəzarəti altında həyata keçirilir.