12 dekabr 2019 11:08
2129

Mixail Qorbaçov anlayırdı ki, Heydər Əliyevə kompromatlarla, şantajla qalib gələ bilməyəcək

Sovet dövlətinin tanınmış siyasi xadimlərindən biri, uzun illər SSRİ xarici işlər naziri, sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləmiş Andrey Qromıko oğlu Anatolinin sualına cavabında bildirmişdi ki, Siyasi Büro üzvləri arasında SSRİ-ni idarə edə biləcək üç nəfər real namizəd var: Heydər Əliyev, Qriqori Romanov və  Mixail Qorbaçov.

Andrey Qromıko onların arasında Heydər Əliyevin daha şanslı və layiqli namizəd olduğunu bildirmişdi. Ancaq  qeyd etmişdi ki, SSRİ rəhbəri olmağa Heydər Əliyevə yalnız milliyyəti mane ola bilər. Hadisələrin sonrakı gedişi göstərdi ki, Andrey Qromıko fikrində haqlı imiş.

Anatoli Qromıko yazdığı “Kremlin labirintlərində” adlı kitabında bu barədə geniş bəhs açmışdı. Göstərmişdi ki, Siyasi Büronun cavan üzvlərindən biri olan Heydər Əliyev digər tanınmış siyasi xadimlərdən istedadı, yüksək şəxsi keyfiyyətləri və bacarığı ilə fərqlənir.

Heydər Əliyevin əvəzsiz dövlət xadimi olması Yer kürəsinin quru hissəsinin üçdə birini əhatə edən SSRİ-də sadə vətəndaşların da etiraf etdikləri həqiqət idi. Böyük şəxsiyyət siyasətdə o qədər populyar idi ki, Rusiyanın nüfuzlu telekanallarından olan Rusiya İctimai Televiziyasının məşhur aparıcısı Leonid Yakuboviç “Pole çudes” proqramında sual qoymuşdu: “Dünyanın ən nüfuzlu siyasətçisi kimdir?” Suala “Heydər Əliyev” cavabını verən qadın qalib olaraq bahalı avtomobil udmuşdu.

Ancaq istər dövlət adamlarının, istərsə də milyonlarla  sadə vətəndaşın rəğbətini və məhəbbətini qazanan Azərbaycanın böyük oğlunu gözləri götürməyənlər də vardı. Bu cür bədxahların başında  duran SSRİ rəhbəri Mixail Qorbaçov həm şəxsi qərəz, həm də ermənipərəst əhval-ruhiyyəsi altında siyasi rəqibinə qarşı çirkin mübarizə aparırdı. Qorbaçovun Heydər Əliyevlə münasibəti bir neçə məsələyə və hadisəyə görə pozulmuşdu.

1985-ci ildə Baş katib Çernenkonun vəfatından sonra Mərkəzi Komitənin Siyasi Bürosunda ən yüksək posta  yalnız iki nəfərin namizədliyi barədə düşünürdülər. Onlar ya SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevi, ya da Mərkəzi Komitə katibi Mixail Qorbaçovu seçməli idilər. Dövlət başına keçən qisasçı Qorbaçov tezliklə Heydər Əliyevə və Azərbaycana qarşı kompromatlar və irimiqyaslı hücum planı hazırladı. Bu işdə öz maraqları olan ermənilər də ona canfəşanlıqla kömək göstərirdilər. Akademik Abel Aqanbekyanın Fransanın  “Humanite” qəzetinə verdiyi müsahibə heç də təsadüfi deyildi. O, Dağlıq Qarabağ problemini  qabartmaqda M. Qorbaçovun razılığını almışdı.

Moskvada SSRİ rəhbərliyi tərəfindən Heydər Əliyevə güclü təzyiqlər göstərilirdi. “Yuxarının” göstərişi ilə Azərbaycandan onun haqqında böhtan və “şikayət” məktubları təşkil edilir və qəzetlərdə məqalələr dərc olunurdu. Ancaq fəaliyyəti həmişə billurtək şəffaf olan Heydər Əliyevə heç nə yapışmırdı, hücumların qarşısında polad iradə ilə dağ kimi dayanmışdı.

Mixail Qorbaçov hakimiyyət başına  keçsə də, anlayırdı ki, Heydər Əliyevə kompromatlarla , böhtan və şantajla qalib gələ bilməyəcək. İki rəhbər şəxsiyyət arasında narazılıqlar artır, uçurum getdikcə dərinləşirdi. 1986-cı il aprelin 26-da Çernobıl Atom-Elektrik Stansiyasında dəhşətli qəza baş verdi. Heydər Əliyev Siyasi Büroda xalqa bu barədə dərhal məlumat verilməsini tələb etdi. Ancaq Qorbaçovun təkidi ilə məlumat gizlədildi və yalnız beş gündən sonra, yəni 1 May bayramından sonra xalqa açıqlandı.

Alkoqolizmə qarşı mübarizə üçün üzüm plantasiyalarının məhv edilməsi məsələsində də iki rəhbərin fikirləri bir-birinə tamamilə zidd oldu. M. Qorbaçovun yenidənqurma planındakı səhvləri göstərməklə Heydər Əliyev böyük risk edərək özünün haqlı olduğunu sübut etdi. Hətta bu məsələnin müzakirəsindən əvvəl Heydər Əliyevdən Siyasi Büronun iclasında edəcəyi məruzənin mətnini dəyişməyi xahiş etdilər. Məruzənin mətni hamını heyrətə və təşvişə salmışdı. Mərkəzi Komitədə hamı təlaş içərisində idi. MK katibliyinin əməkdaşları vurnuxur, biri gedib biri gəlir, lakin Heydər Əliyevi fikrindən döndərə bilmirdilər. Məruzədə M. Qorbaçovun yenidənqurma ideologiyasının zərərli nəticələri əks olunurdu. MK-da Heydər Əliyevdən xahiş edirdilər ki, heç olmazsa məruzəsindəki bəzi mühüm məqamları çıxarsın, kəskin ifadələri yumşaltsın. Lakin Heydər Əliyevi əqidəsindən, tutduğu yoldan və ya sözündən daşındırmaq mümkün deyildi.

Siyasi Büronun iclasındakı məruzəsində Heydər Əliyevin arqumentləri o dərəcədə güclü idi ki, Mixail Qorbaçov etiraz və ya düzəliş etməyə bəhanə tapa bilməmişdi. Beləliklə, qisasçılıq M. Qorbaçovda siyasi rəqibinə qarşı kin-küdurəti daşdırdı. Qarşısındakı məğlubedilməz şəxsiyyətdən yaxa qurtarmaq üçün sivil mübarizədə ard-arda uduzurdu. Qalırdı yalnız istefa məsələsi. Ona da bəhanə yox idi, çünki Heydər Əliyev dövlət rəhbərləri arasında fiziki cəhətdən ən sağlam, tükənməz enerjili və gümrah idi. İstefaya göndərmək üçün isə onda ağır xəstəlik tapılmalı idi...

Şantaj və təzyiqlərin polad kimi möhkəm olan Heydər Əliyevə qətiyyən təsir göstərmədiyini görən M. Qorbaçov və onun komandası müxənnət üsula əl atdılar...

O zaman Siyasi Büro üzvlərinin sağlamlığına, mətbəxinə, səfərlərinə, işə gedib-gəlmələrinə ayrı-ayrı mühafizə dəstələri nəzarət edirdilər. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi  9-cu idarəsinin əməkdaşı, Heydər Əliyevin mühafizə şöbəsinin rəisi Aleksandr İvanov Moskvada nəşr olunan “Versiya” qəzetinə açıqlamasında bildirib ki, Heydər Əliyevin səhhətində heç vaxt, heç bir qüsur aşkar edilməmişdi. 1987-ci il mayın 11-də, yəni ad gününün səhəri günü saat 6-da həmişə olduğu kimi, yatağından qalxıb geyindi, idmanla məşğul olub yeməyə getdi. Adəti üzrə kəsmik, sıyıq və südlü çay sifariş etdi. Yeməkdən sonra qəflətən halı pisləşdi, yaxasını açıb uzandı. Sonra Heydər Əliyev katibliyin müdiri Valeri Qridnevi, o da Nazirlər Sovetinin növbətçi həkimini, həkim isə SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin həkimlərini çağırdı. Həkim briqadası gələn kimi birbaşa Heydər Əliyevin ürəyinə iynə vurdular. Təcili tibbi yardım maşınına özü getdi. Onu xəstəxanaya apardılar.

Aleksandr İvanov söyləyib ki, mən xəstəxanaya gələndə Heydər Əliyev huşsuz vəziyyətə düşmüşdü və iki gün bu vəziyyətdə qaldı. Sonralar mənə deyirdi ki, əvvəlcə ürəktutması ilə, sonra isə iynə ilə əlaqədar nə isə qəribə hisslər baş verdi. Ancaq bu izaholunmaz hisslər necə yaranmışdı? Bunun səbəbini öyrənməyə çalışırdı. Ancaq o şəraitdə bunu kimdənsə öyrənmək qeyri-mümkün idi.

Heydər Əliyev hələ infarkt böhranında olarkən ona yenidən təzyiq etməyə başladılar. Məqsəd bir idi-Heydər Əliyev könüllü surətdə istefaya getməlidir. Miçurin prospektindəki Mərkəzi Klinik Xəstəxanada ona kimlər təzyiq göstərmirdi? Ancaq Heydər Əliyev həmişəki kimi sarsılmazdı.

Mərkəzi Komitənin katibi Yeqor Liqaçov, MKX-yə rəhbərlik edən SSRİ Tibb Elmləri Akademiyasının prezidenti akademik Yevgeni Çazov bu siyahının başında yer almışdılar.

Həmin ilin noyabrında SSRİ Ali Sovetinin sessiyası başa çatdıqdan sonra Heydər Əliyevi Kremlə çağırdılar. Orada onu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Andrey Qromıko gözləyirdi. Sovet dövlətinin üç ali rəhbəri Heydər Əliyevi istefa verməyə məcbur etdi. Səbəb və ya bəhanə isə guya səhhətinin yol verməməsi qoyulmuşdu. Halbuki, Heydər Əliyev ondan sonra ən dramatik vəziyyətdə yaşayan  Naxçıvana və Azərbaycana on bir il rəhbərlik etdi. Bütöv bir dövləti “ölü” nöqtədən çıxarıb inkişafa apardı. Ancaq lənətlənmiş  Mixail Qorbaçov siyasi iflasa uğrayaraq gülünc və təhqiramiz bir vəziyyətdə kürsüsünü Boris Yeltsinə təhvil verməli oldu.

Bütün bunlar hələ sonra olacaqdı, qayıdaq bəhs açdığımız mövzuya.

Mühafizə rəisi Aleksandr İvanov xatırlayır ki, Heydər Əliyev istefa ərizəsini yazandan sonra bağ evinə gəldi. Xeyli susub fikrə getdi və nəhayət, mənə dedi:

-Saşa, sən cavansan, bəlkə də baş verənləri yaxşı başa düşmürsən. Amma üç ildən sonra bu yenidənqurmanın nə ilə qurtaracağını görəcəksən.

Bu, hələ 1987-ci ilin soyuq noyabr günündə deyilmiş uzaqgörən sözlər idi və üç ildən sonra SSRİ dağılmağa başladı.

Hər işdə prinsipial və ardıcıl olan Heydər Əliyev hey düşünür, sapsağlam olduğu bir vaxtda gözlənilməz ürəktutmasının, ürəyinə iynə vurulmasının səbəb və mahiyyətini dəqiq bilmək istəyirdi...

Həmin ərəfədə Moskvada qəribə və dəhşətli hadisələr cərəyan edirdi. Heydər Əliyevə xidmət göstərən persona bir-bir sıradan çıxırdı, müəmmalı  infarktdan az-çox xəbəri olanlar dünyadan sirli şəkildə gedirdilər. Birinci katibliyin rəisi Valeri Qridnev Kutuzov tağı yaxınlığında “avtomobil qəzasına” düşüb öldü. Onun ardınca Heydər Əliyevi müalicə edən həkim Dmitri Neçayevi DTK-nın Miçurin prospektindəki evinin girişində öldürdülər. Dmitri Şerbatkin isə özünü yaşadığı  hündürmərtəbəli binanın pəncərəsindən yerə atdı. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin birinci müavini, ordu generalı Semyon Sviqun naməlum səbəbdən özünü güllələdi. Çoxları yaxşı bilirdi ki, Sviqunla Heydər Əliyev uzun illərin dostlarıdır. Sov.İKP Mərkəzi Komitəsinin işlər müdiri Kruçina özünü yuxarı mərtəbədən ataraq intihar etdi.

Beləliklə, müəmmalı “infarktın” sirrini sağ qalan Mixail Qorbaçovdan başqa kimsə bilmədi. Heç şübhəsiz ki, Heydər Əliyevin ətrafında baş verənlər onun tapşırıqları ilə icra olunub. SSRİ-nin yüksək vəzifəli şəxslərinin fiziki və mənəvi terrorlara məruz qoyulmaları və bu hadisələrin üstünün açılmaması belə düşünməyə tam əsas verir.

Üstündən on il keçəndən sonra Heydər Əliyev ABŞ-ın məşhur Klivlend xəstəxanasında müayinə olunarkən oradakı həkimlərə vaxtilə infarkt keçirdiyini bildirmişdi. Həm də siyasi motivlərdən uzaq, o zaman ətrafında baş verənlərdən bir kəlmə də danışmamaq şərti ilə. Yüksək dərəcəli alim-həkimlər onu ciddi yoxlamalardan keçirəndən sonra bildirmişdilər ki, siz heç vaxt infarkt keçirməmisiniz. Onlar heyrət edirdilər ki, Moskvada bu diaqnozu Heydər Əliyevə necə və nəyə görə təyin ediblər. Yalnız onda Heydər Əliyev əsl həqiqəti, yəni heç bir infarkt keçirmədiyini bildi.

“Kremlin labirintlərində” kitabının müəllifi Anatoli Qromıko xatirələrində yazıb ki, Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyərkən o, Bakıya elmi konfransa gəlib. Heydər Əliyev bir çox alimləri, yazıçıları və jurnalistləri  və onu evinə şam yeməyinə dəvət edib. Gecədən xeyli keçməsinə,  gərgin iş gününün başa çatmasına baxmayaraq Azərbaycanın rəhbəri yorulmaz və gümrah görünürdü. O, respublikanın gələcək iqtisadi inkişaf planlarından həvəslə danışdı. Gecəyarı hamının yuxusunun gəldiyini hiss edib ayağa qalxdı, üzr istədi, bizi tərk etməli olduğunu bildirdi və dedi ki, indi vağzala gedəcək, oradan da respublikanın kənd rayonlarına səfərə çıxacaq. Çünki yetişdirilmiş məhsulun itkisiz təhvili və vaxtında qəbulu məsələlərini nəzarətdə saxlamaq vacibdir. Biz qonaqsevər ev sahibini həyətə qədər müşayiət etdik. Evin yanında Heydər Əliyevi qara “Limuzin” gözləyirdi. O, əlini qaldırıb hamımızla xudahafizləşdi və dönüb cəld hərəkətlə avtomobilə əyləşdi. Mən düşündüm: “Bax, Sovet İttifaqına belə  müdrik və enerjili rəhbər lazımdır.”

Bəli, Allahın heç nə əsirgəmədiyi dahi Heydər Əliyev bütün dövrlərdə əlçatmaz zirvədə dururdu. O, bəşərin fövqünə ucalmış fenomen dövlət xadimi kimi xalqın yaddaşında və Azərbaycan tarixində əbədi olaraq yaşayacaqdır!

Vəli İlyasov, “İki sahil”