10 yanvar 2019 10:27
4747

Möhtəşəm tarixə səyahət EKSKLÜZİV - FOTO, VİDEO

“Azərbaycan nefti” sərgisi interaktiv, 3D formatlı proyeksiya və stendlər vasitəsilə neftin yaranması dövründən bugünədək milyon illərlə ölçülən böyük bir tarixi əhatə edir


Bu gün SOCAR transmilli enerji şirkətləri arasında yer alır. SOCAR Azərbaycanın qlobal brendidir. Şirkət təkcə Azərbaycanda deyil, müxtəlif ölkələrdə əməliyyatlar həyata keçirir və bununla da respublikamıza gəlir və mənfəət qazandırır. Dövlət Neft Şirkətinin tarixi Azərbaycanın neft tarixi ilə bağlıdır ki, bu da bizim üçün böyük qürur mənbəyidir. Azərbaycanın və SOCAR-ın bir özəlliyidir ki, dünya tarixində neft sənayesi ilə bağlı olan bütün ilklər ölkəmizdə baş verib. Sənaye üsulu ilə ilk quyunun qazılması, ilk neft emalı zavodu, ilk neft tankeri, ilk neft boru kəməri, hətta dənizdə ilk neft çıxarılması Azərbaycanın adı ilə bağlıdır.

SOCAR da Azərbaycanın neft tarixinin yeganə varisidir ki, bununla fəxr edir və bu kimi faktları dünyaya tanıtmağa çalışır. Bu məqsədlə SOCAR-ın yeni inzibati binasında “Azərbaycan nefti” adlı interaktiv sərgi təşkil olunub. İstər xarici və yerli qonaqlar, tələbələr, şagirdlər bu sərgidə olurlar və ölkəmizin neft tarixi haqqında ətraflı məlumatlar əldə edirlər. Sərgi interaktiv, 3D formatlı proyeksiya və stendlər vasitəsi ilə neftin yaranması dövründən bugünədək milyon illərlə ölçülən böyük bir tarixi əhatə edir. Odur ki, sərginin ziyarətini “Möhtəşəm tarixə səyahət” də adlandırmaq olar.


Biz - “İki sahil” qəzetinin əməkdaşları olaraq
SOCAR-ın yeni inzibati binasında yaradılan
“Azərbaycan nefti” sərgisi haqqında oxucularımıza məlumat vermək üçün həmin məkanda olduq.


SOCAR-ın Baş ofisinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verdi ki, bu sərgi Azərbaycanın neft tarixinin müxtəlif dövrlərini əhatə edir: “Ta qədim dövrdən başlayır. Yəni, hələ eramızdan əvvəl neft çıxarılaraq məişətdə istifadə olunurdu. Sərgidə Azərbaycanın ilk neft bumuna qədər olan dövrün bütün faktları nümayiş etdirilir və müasir tariximizin ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən yeni neft strategiyasının əsas nailiyyətləri təqdim edilir. Demək olar ki, bu sərgidə həm də gələcəyə və gələcək inkişafına bir işarə var. Göründüyü kimi, sərgi interaktiv vasitələrlə təşkil olunub.”

Sərginin bir hissəsi qədim dövrlərdə neftdən və qazdan istifadə üsulları barədə məlumatları əks etdirir. Qədim dövrlərdə neftdən müxtəlif vasitələrdə istifadə olunurdu. Hətta o zamanlar müharibələrdə də neftdən istifadə olunurdu. Azərbaycan ərazisi bizim eradan əvvəl II əsrdə Çinlə Roma imperiyasını birləşdirmək məqsədi ilə salınan, bəzi şaxələri XVI və hətta XVIII əsrlərə qədər mövcud olan  Böyük İpək Yolunun üzərində yerləşirdi və bu da Abşeron neftinin həmin marşrutla daşınmasına geniş imkanlar açmışdı. Sərgidə diqqət çəkən stendlərdən biri də məhz o dövrlərə uyğun şəkildə hazırlanmış “Böyük İpək Yolu”dur.

1846-cı ildə Bakının Bibiheybət kəndində V.N. Semyonovun təklifi ilə kəşfiyyat məqsədilə dünyada ilk neft quyusunun mexaniki üsulla (əl ilə firladılan burla) qazılmasına başlanır və 21 metr dərinliyində quyudan neft əldə edilir. Bu üsulla  kütləvi şəkildə qazma işlərinə isə 1871-ci ildən start verilir. Sərgidə Abşeron yarımadasında neft sənayesinin inkişafına təkan vermiş həmin quyunun maketi nümayiş etdirilir, ziyarətçilərə bütün bu tarixi proseslər haqqında ətraflı məlumat verilir.

Qeyd etmək yerinə düşər ki, 2017-ci ilin 26 aprel tarixində Prezident İlham Əliyev SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, tarixi mənbələr və son illərdə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər dünyada sənaye üsulu ilə neft quyusunun qazılmasına Bibiheybətdə başlanıldığını bir daha sübut edir.

İ.Əhmədov sərginin müxtəlif hissələri ilə bağlı məlumat verdi: “Burada gördüyünüz kimi, Azərbaycanda hasil olunan müxtəlif neft növləri göstərilib. Bizim dünyada tanınan brendimiz “Azərilayt” neftidir və keyfiyyətinə görə yüksək qiymətə satılır. 2-cisi  ağ neft, 3-cü isə kondensatdır. Kondensat əsasən qaz olan yataqlardan əldə olunur. Bu da yüksək keyfiyyətli neft növü hesab olunur. Kondensatın da başqa bir adı ağ neftdir. Daha sonra sərgidə Azərbaycanda mövcud təbii hadisə olan palçıq vulkanları da yer alıb. Ehtimal olunur ki, palçıq vulkanları da karbohidrogen yataqları ilə bağlıdır. Yəni oradan bəzən qaz, bəzən də alov çıxır ki, bu da bir növ qaz-neft yataqları ilə əlaqəlidir.”

Sərginin Texnoloji innovasiyalar bölməsi Azərbaycanda buruqla neft quyularının qazılmasının növbəti mərhələsinə həsr olunub və 1871-ci ildən  1971-ci ilədək bir əsrlik dövrü əhatə edir. Sovet dövründə (1920-1991-ci illər) Azərbaycan neft sənayesinin əldə etdiyi uğurlara, o cümlədən 1941-ci ildə turboburla 2 000 metr dərinliyində maili quyunun qazılmasına, dənizdə ilk estakadaların tikintisinə başlanmasına, dünyanın 8-ci möcüzəsi adlandırılan “Neft Daşları”nda məhsulun  alınmasına və buradakı mədənlərin sonrakı  inkişafına, üzən qazma qurğularının tətbiqinə və tikintisinə, habelə 1971-ci ildə bir milyardıncı  ton neftin çıxarılmasına xüsusi diqqət yetirilir. Buradakı sütunda isə 1920-ci illərdə işlədilmiş metal konstruksiyalı ilk mancanaq dəzgahının maketi qoyulub.

İbrahim Əhmədov, həmçinin neftin daşınmasında ilk neft tankerinin də məhz Azərbaycan tarixinə aid olduğunu vurğuladı: “Neftin nəqli üçün 1877-ci ilin noyabr ayında İsveçin “Mutala” gəmiqayırma zavodunun direktoru Sven Almqvist və Lüdviq Nobel ilk neftdaşıyan tankerin layihəsini hazırlayıb inşa etdiriblər. Gəmi “Zoroastr” (Zərdüşt) adlanırdı. Bu tanker vasitəsilə neft dünya bazarlarına çıxarıldı. Həm də neftin satış üçün dünyada ilk dəfə olaraq boru kəməri də məhz Azərbaycanda inşa edilib. Bu kəmər vasitəsilə Azərbaycandan Gürcüstanın Batumi şəhərinə kimi neft nəql olunmağa başlayıb. Bir faktı xüsusi vurğulamaq istəyirəm ki, XX əsrin əvvəlində Azərbaycan dünyanın ümumi neftə olan tələbatının 50 faizdən çoxunu təmin edirdi. Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində II Dünya müharibəsi illərində cəbhə aramsız neft və neft məhsulları ilə təchiz edilmişdir. Bu dövr ərzində Azərbaycan nefçiləri bütün çətinliklərə baxmayaraq, 75 milyon ton neft hasil etmiş, cəbhəyə 22 milyon ton təyyarə benzini və sürtkü yağları göndərmişlər. Təyyarə benzininin 90 faizini döyüşən orduya Bakı zavodları vermişdi.”

Sərgidəki eksponatlar da sübut edir ki, dənizdə neft quyularının qazılmasının əsası 1901-ci ildən Bibiheybətdə dənizin sahilyanı hissəsinin torpaqla doldurularaq sonradan neft quyularının qazılmasına cəlb olunması ilə başlanmışdır. Bu texnoloji proseslər 1949-cu ildə Neft Daşlarında hasilatın başlanması ilə məntiqi sonluğuna çatmışdır. 1901-ci ildən 2017-ci ilədək dənizdə neftçıxarmanın keçdiyi inkişaf  yolu barədə xronoloji məlumatlar da böyük maraq doğurur.

Azərbaycan neftayırma sənayesinin inkişafına həsr olunmuş bölmənin materialları 1837-ci ildən başlayır və 2017-ci ilə qədər 180 illik bir dövrü əhatə edir. Emal sənayesinin keçdiyi şərəfli yolu əks etdirən bu bölmədə inkişaf dinamikasının ən ümdə məqamları xronoloji qaydada təqdim olunur.

İbrahim Əhmədov məlumat verdi ki, müstəqillik illərində neft sənayesinin uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Sərgidə ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə neft və qaz sənayesinin inkişafındakı xidmətləri və 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi yeni neft strategiyasının həyata keçirilməsində oynadığı müstəsna rol xüsusi elektron lövhədə əksini tapıb. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan öz neft strategiyasında yeni bir vektor müəyyən etdi. 1994-cü ilin  sentyabr ayının 20-də imzalanmış “Əsrin müqaviləsi”  ilə ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının əsası qoyuldu. Azərbaycan neft və qaz sənayesinin ən böyük nailiyyətlərini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında məhz həmin strategiya çərçivəsində uğurla həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr təşkil edir. Ölkə Prezidentinin bilavasitə təşəbbüsü və rəhbərliyi altında həyata keçirilmiş neft-qaz layihələri sərgidə geniş və əyani əksini tapır. Dövlətimizin başçısı SOCAR-ın yeni inkişaf istiqamətlərini müəyyən edib. SOCAR yerli hasilatçıdan və dövlətin yerli təmsilçisindən tam funksional, müxtəlif sahələrdə bütün dəyər zənciri üzrə fəaliyyət göstərən qlobal şirkətə çevrilmişdir. Bu gün ölkəmiz üçün SOCAR gəlirlərin 90 faizindən çox hissəsini xarici ölkələrdən əldə edir. Bununla yanaşı əsas neft və qaz hasilatımız bu gün Azərbaycanla bağlıdır. Bu da kökü tariximizin ən qədim dövrlərinə bağlanan  ənənələrimizin bu gün də davam etdirilməsi deməkdir.”

Sərgidə mövcud olan başqa bir monitorda Azərbaycan neft sənayesinin görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlar toplanmışdır və burada  hər bir şəxs haqqında interaktiv şəkildə məlumat əldə etmək olar.

İbrahim Əhmədov bir faktı da açıqladı ki, bu gün SOCAR-da fəaliyyət göstərən bir çox mütəxəssislər, qocaman neftçilər bu tarixi dövrün ciddi bir hissəsinin canlı şahidləridir: “SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə kimi neftçilərimizin tarixi təcrübəsi SOCAR üçün, Azərbaycan üçün olduqca əhəmiyyətlidir.”

Bu gün Xəzər dənizində ən müasir üzən qazma qurğuları və dəniz özülləri fəaliyyat göstərir. Sərgidəki monitorlardan birində  həmin qurğuların dəniz suyunun dərinliyindən asılı olaraq fəaliyyət göstəriciləri əks olunur. Burada həmçinin nəinki Xəzərdə, ümumiyyətlə, dünyada unikallığı ilə seçilən Heydər Əliyev adına üzən qazma qurğusunun maketi nümayiş etdirilir. Ekranda kadrlar bir-birini əvəz etdikcə ziyarətçilərdə Azərbaycanın neft-qaz sənayesinin uğurları haqqında ətraflı təsəvvür yaranır. Ölkəmizin ixrac  neft və qaz kəmərləri, ixrac potensialı isə boru obrazında  rəmzi ifadəsini tapıb.

Bundan əlavə, sərgidə elektron kitabxana da fəaliyyət göstərir. SOCAR-ın Baş ofisinin işçiləri asudə vaxtlarında dünya kitabxanasına birbaşa çıxışı olan həmin elektron kitabxanadan istifadə edə bilərlər.

Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto),
Nurlan Məlikzadə, 
“İki sahil”