10 iyul 2019 21:12
95

Monqolustanın mərkəzində 738 baş ev heyvanını ildırım vurub

Monqolustanın Arxanqay əyalətinin Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, ölkənin mərkəzi hissəsində 738 baş ev heyvanını ildırım vurub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə iyulun 9-da bu əyalətin Seserleq inzibati ərazi vahidində baş verib. Tələf olmuş heyvanlar iki heyvandar ailəsinə məxsus olub.

Xüsusi xidmət əməkdaşları və Arxanqay əyaləti administrasiyasının nümayəndələri hadisə yerində araşdırma aparırlar.

Monqolustan ölkədə ev heyvanlarının baş sayı ilə əhalinin sayı arasındakı nisbətə görə dünyada aparıcı dövlətlərdən biridir. Lakin heyvandarlıqda vəziyyət təbii amillərdən əhəmiyyətli dərəcədə asılıdır.

Monqolustan əhalisinin təqribən 40 faizi heyvandarlıq və əkinçilik hesabına dolanır.