Elm və texnologiya əsrində yaşadığımıza baxmayaraq, ele indi də bir çox insan əgər qarşısından qara pişik keçərsə yolunu dəyişəcək, yaxud da mətbəxdə duzu dağıtdığına görə üzüləcək. Əksər insanların düşüncələrinə görə, xalq inanclarında bir doğruluq var və əcdadlarımız bunları əsrdən əsrə toplayıblar. Bəziləri isə bu mövhümata ümumiyyətlə, inanmır. Bəs siz mövhumatlara inanırsınızmı?
Sınmış güzgü
Hesab olunurdu ki, güzgü bizdən ruhumuzu qoparan əşyadır. Bəs güzgü sınsa nə baş verər? Deyilənə görə əlbəttə ki, bədbəxtlik. Belə deyirlər ki, güzgü tərəfindən qoparılan ruhlar bizim taleyimizə mənfi təsir göstərir.
Geri qayıtmaq olmaz
Bəzi insanların düşüncələrinə görə, yolundan qayıdan insan istiqamətini dəyişərək, enerjısını itirmiş olur və istədiyi istiqamətə dönmək üçün mütləq güzgüyə baxmalıdır.
Qara pişik
Demək olar, hər kəs bilir ki, qara pişik sizin qarşınızdan keçəndə, bu, uğursuzluğa yozulur. Bu mövhum bizə orta əsrlərdən gəlib. Pişiklərlə yaşayan (adətən yaşlı) tənha qadınların ifritə hesab olunması və özlərinin də pişiyə çevrilə bilməsi ilə bağlı inanc bu inancın yaranmasına səbəb olub.
Quş nəcisi
Qədim inanclara görə, üzərimizə və yaxud asılan paltara düşən quş nəcisi sahibinə var-dövlət gətirir. Quşlar hər zaman Allaha və mələklərə yaxın olan varlıq hesab olunurdu. Ona görə, qədim zamanlardan bəri quşlar ilə bağlı hər şeyin lütf olduğunu düşünürdülər. Quş nəcinin xüsusi gücə malik olduğunu düşünürdülər. Məhz buna görə, köynəyinin üstündə belə ləkəni görən insanlar bunun yaxşı bir əlamət olduğuna inanırlar.
Barmaqları qatlamaq
Barmaqları “xaç” formasına salmaq qədim bir inanclardan biridir və bu hərəkət xeyirə yozulur. Bu jestin maraqlı bir tarixçəsi var. Xristianların təqib olunduqları zamanlarda, onlar bir-birini bu jest vasitəsilə tanıyırdılar. Bu gün barmaqların qatlanması yalan deyərkən özünü qorumaq mənasında istifadə olunur. Çox güman ki, bu mövhumat xristian xaçının insanı yalana görə cəhənnəmə vasil olmaqdan xilas etdiyinə inamla bağlıdır.
Taxtaya vurmaq
Bunu adətən alınan xoş xəbərdən sonra edirlər. Hesab olunur ki, bununla siz öz uğurunuzu bəd nəzərdən gizlədirsiniz. Deyilənə görə, bu qədim inanc bizə insanların ağaclarda yaxşı ruhların yaşadığına inandıqları dövrdən gəlib. Hər hansı ağacı taqqıldatmaqla insan həmin ruhları köməyə çağırır.
Bıçaqın üzərindən yemək olmaz
Qəribə bir inanclardan biri də odur ki, bıçaqın üzərindən yemək məsləhətli deyil. Bıçaq ilk növbədə soyuq silah növünə aid olduğuna görə, hər kəsin həyatını ala bilər. Qədim inanclara görə, bıçaqın məhz buna görə mənfi enerjisi var. Ona görə, bəzi insanların düşüncələrinə görə bu yad cisimdən gələn mənfi impulslar insana ötürülərək onu qəddarlaşdıra bilər.
Qulaq qaşınması
Əvvəllər insanlar inanırdılar ki, bizim sağ çiynimizdə mələk oturub, sol çiynimizdə isə şeytan. Sahibinin həyatını idarə etmək üçün hər biri insanın qulağına nəsə pıçıldamağa çalışır. İnsanlar qulaq qaşınmasının bununla əlaqədər olduğunu düşünürdülər.
At nalı
Bəzi insanlar qapının üstünə nal asmağın evə xeyir gətirdiyini və insanı gecə kabuslarından xilas etdiyini düşünür. Bu inanc nalda 7 dəliyin olması ilə bağlıdır. Əksər ölkələrdə 7 uğurlu rəqəm sayılır. Bundan başqa, nalın hazırlandığı dəmir, inanca görə, gecə kabuslarımızda gördüyümüz qorxulu ruhları qova bilir.
13 rəqəmi
İddia edilir ki, 13 uğursuz rəqəmdir. Elə bu səbəbdən bir çox memarlar binaların 13-cü mərtəbəsini, yaxud pilləkənlərdə 13-cü pilləni işarələməkdən imtina edirdilər. Bu rəqəm qarşısında qorxu o qədər realdır ki, psixoloqlar bunu bir fobiya adlandırıblar.
Samirə Tağıyeva, “İki sahil”