16 sentyabr 2020 18:30
591

Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcək

Dövlətimizin başçısı İlham Əliyev  yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində bir daha bildirmişdir ki, mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik

 

Dövlətimizin başçısı İlham Əliyev  yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində yeni məktəb tikintisindən, ali məktəblərin korpuslarının genişləndirilməsindən bəhs edərək  bu addımların   böyük vəsait tələb etdiyini bildirməklə yanaşı, onların  ayrıldığını da diqqətə çatdırmışdır: «Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük.»

   Cənab İlham Əliyev bu vacib məqamı da xüsusi vurğulamışdır ki,  müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir: «Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək.»

   Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Birinci yerdə ölkəmizin müdafiə xərcləri dayanır. Dövlətimizin başçısı bildirir ki, əgər  müharibə şəraitində olmasaydıq, təhsil xərcləri birinci yerdə olardı. Hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir, özlüyündə bir göstəricidir, həyata keçirilən  siyasətin təzahürüdür.  Cənab  İlham Əliyev  bu çağırışı da  edir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək.

     Cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atıldı. Ən əsası qarşıya qoyulan məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyi önə çəkildi və buna  uyğun olaraq  regional inkişaf proqramları qəbul olundu,  uğurla icra edildi.  Artıq 4-cü Dövlət Proqramın icrasının ikinci ilindəyik.  Dövlət Proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının, keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar açıb.

    Qeyd etdiyimiz kimi, davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Hər zaman qeyd olunduğu kimi,  iqtisadiyyatın inkişafı  elmin və yeni texnologiyaların  inkişafı ilə zəncirvari bağlıdır. İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr verir. Ölkə əhalisinin 85 faizindən çoxu  internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda  internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni   4G, 5G  xidmətləri təqdim edilir. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir  ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin  Dünya İqtisadi Forumunun hesabatlarında  Azərbaycan bu sahədə də  liderliyini qoruyur.

  Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına diqqətin bariz nümunəsi dövlətimizin başçısı İlham Əliyevin  17 fevral 2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” nın uğurlu icrası  nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsinin nəzərəçarpacaq dərəcədə artmasını,   2013-cü ilin ölkəmizdə  “İKT ili” elan edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini xüsusi qeyd etməliyik. “İKT ili”ndə  ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxıldı. Ölkə Prezidenti  İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti kimi dəyərləndirərək bildirmişdir: “Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.”  “Azərspace-1”  ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verir. 2016-cı ildə  “Azərsky” müşahidə peyki və 2018-ci ildə  isə  “Azərspace- 2” peyki orbitə buraxıldı. “Bu peyklərin çox böyük əhəmiyyəti var” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər. Peyklərin kommersiya tərəfi də xüsusi qeyd olunmalıdır.  Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində  qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə  nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim  izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində  “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində  bu sahədə də xaricdən asılılıq tamamilə aradan qaldırılıb. Bir sözlə, Azərbaycan qısa müddətdə  dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib. Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində təkcə region  deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq  hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmiş, ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də deyilənlərin təsdiqidir.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi məsələsindən bəhs edərkən  bu mühüm  məqamı xüsusi qeyd edir ki, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilmişdir. Cəmi bir dəfə, o da Bakı şəhərində: “O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdi. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir.” Bu mühüm hadisəni  Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirən cənab İlham Əliyev ölkəmizin bu tədbirə  ev sahibliyinin böyük məsuliyyət və bununla bərabər böyük fürsət olduğunu  vurğulayır.

    Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması  bir daha  bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. “XX əsr texnoloji mübarizə  əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” deyən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki,  genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində  son illər ərzində  əldə edilmiş  təcrübə bizə imkan verir ki, Konqres ən yüksək səviyyədə  keçirilsin. Bundan sonra da  kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində  əlavə addımlar atılacaq. 

Qeyd edək ki, Azərbaycanın qarşıdakı illərdə hədəflərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmiş və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu,  potensialı önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev konsepsiyaya uyğun olaraq ölkədə  innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmaq üçün İKT sektorunun inkişafının prioritetliyini mühüm vəzifə kimi qarşıya qoyub.  Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün  İKT sektorunun həcminin 4 dəfədən çox  genişləndirilməsi  nəzərdə tutulub.  Bu mühüm addımlar  onu deməyə əsas verir ki,  müstəqil Azərbaycan dövlətinin gələcək tarixi də İKT-nin davamlı inkişafı ilə əlamətdar olacaq və ölkəmiz bu sahədə daha möhtəşəm uğurlara imza atacaq.  Bu günümüzün əsas çağırışını-İKT sektorunun tərəqqisini sürətləndirmək üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi, onların dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin potensial imkanlarından səmərli istifadə olunması istiqamətində atılan addımların davamlılığı da göz önündədir.  Cənab İlham Əliyev daim bildirir ki,  ölkənin iqtisadi tərəqqisi kadr hazırlığı ilə uzlaşmalıdır.

   Hazırkı pandemiya dövründə ölkəmizin  yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində əldə etdiyi uğurlar özünü daha qabarıq şəkildə büruzə verir. COVID-19-la mübarizənin tələblərinə uyğun olaraq özünütəcridin qorunması,  həmçinin bu və ya digər ölkələrə əlaqələrdə məsafələrin gözlənilməsi bütün beynəlxalq səviyyəli tədbirlərin, görüşlərin videoformatda  keçirilməsini zərurətə çevirir. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşlərinin, BMT Baş Assambleyasının xüsusi sessiyasının, Şərq Tərəfdaşlığı ölkələrinin  Sammitinin  keçirilməsi, həmçinin dövlətimizin başçısı İlham Əliyevin  bu və ya digər beynəlxalq maliyyə qurumlarının, şirkətlərin rəhbərləri ilə görüşləri də deyilənlərin təsdiqidir.  Həmin tədbirlərin iştirakçıları ölkəmizdə yeni texnologiyaların inkişafına verilən önəmdən və əldə olunan nəticələrdən razılıqlarını ifadə etmişdilər. Bu fikir xüsusi vurğulanmışdır ki, digər ölkələrlə  belə təmasların qurulmasında müəyyən problemlər yaşanır. Azərbaycanın yalnız beynəlxalq səviyyədə deyil, daxildə də  koronavirus infeksiyası ilə mübarizəni gücləndirmək, onun tələblərinə riayət olunmasını təmin etmək üçün müasir texnologiyaların  yaratdığı imkanlardan istifadəyə daha çox meyil göstərməsi diqqətdən kənarda qalmır. Mübarizə tədbirlərinə başlandığı gündən «evdə qal sağlamlığını qoru!» çağırışına uyğun olaraq  insanların  ətrafdakılarla  ünsiyyətləri yeni texnologiyalar əsasında qurulmuş, eyni zamanda, dövlət müəssisələrində  mərhələli iş rejiminin tətbiqi,  fəaliyyətin evdən tənzimlənməsi və sair kimi  məqamlar da  onlayn həyata keçirildiyindən ölkəmizdə yeni texnologiyaların  inkişaf səviyyəsini nümayiş etdirir. Mart ayından orta və ali məktəblərin fəliyyətinin dayandırılması, distant təhsilə üstünlük verilməsi də bu tərkibdəndir.

   Qeyd etdiklərimiz fonunda bir daha bu ümumiləşdirməni apara bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin hər bir ölkənin gələcək inkişafının yeni texnologiyalarla bağlı olması barədə səsləndirdiyi tezislər bugünümüzün reallıqlarında bir daha öz təsdiqini tapır. Cənab İlham Əliyev daim bildirir ki, Azərbaycanın təcrübəsi bütün sahələrdə nümunə olmalıdır. Ölkəmizdə həyata keçirilən kompleks tədbirlər hər bir hədəfə  yüksək səviyyədə nail olmağa, çağırışları düzgün cavablandırmağa  geniş imkanlar yaradır.

Yeganə Əliyeva, «İki sahil»