19 noyabr 2019 20:09
1307

Müasirləşən Azərbaycan Ədliyyəsi

Ötən il 100 yaşını qeyd etmiş Azərbaycan ədliyyəsi bu il yaranmasının 101 illiyini böyük təntənə, sevinc və qürur hissi ilə qeyd edir.

Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni bir vaxtda təsis edilmiş Ədliyyə Nazirliyi bir əsrdən artıq şərəfli inkişaf yolu keçmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli ədliyyənin demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr tarixi Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.

Ulu öndərin hüquq siyasətini uğurla həyata keçirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də  məhkəmə qərarlarının icrasının təmin edilməsi Nazirliyin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində həyata keçirilmiş ardıcıl islahatlar nəticəsində bu sahənin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar təkmilləşdirilərək “İcra haqqında”, “İcra məmurları haqqında” qanunlara mütərəqqi dəyişikliklər edilmiş, “Yerli icra və probasiya qurumlarının nümunəvi Əsasnaməsi” təsdiq olunmuş, kadr korpusu demək olar ki, gənc hüquqşünasların hesabına formalaşdırılmış, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin tətbiqinə geniş yer ayrılmışdır.

Bu tədbirlərin davamı olaraq ölkə başçısının 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda məhkəmələrin və digər orqanların qərarlarının icrası sahəsində normativ bazanın təkmilləşdirilməsi məqsədilə bu sahəni tənzimləyən vahid qanun layihəsinin hazırlanması və təqdim olunması tədbirlər planına daxil edilmiş, Azərbaycan Respublikasının Baş icra məmurunun rəhbəri olduğu və İcra Baş İdarəsində yaradılmış işçi qrupu tərəfindən “İcra Məcəlləsi”nin layihəsi hazırlanmış və hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir.

Müasir ədliyyə sisteminin yol xəritəsi alan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanında məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı mühüm tapşırıqlar müəyyən edilmişdir.

Qeyd olunmalıdır ki, 2017-ci ildən başlayaraq İcra Xidmətinin bütün yerli qurumlarında istifadə olunan “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi sözügedən Fərmanda Ədliyyə Nazirliyinin qarşısına bir vəzifə kimi qoyulmuşdur. Bu sistem vasitəsi ilə icra məmurlarının icra işi üzrə tərəf olan şəxslər barədə məlumat əldə etməsi xeyli asanlaşmışdır. Belə ki, bu sistemin tətbiqi və onun digər dövlət orqanlarının müvafiq elektron bazaları ilə inteqrasiyası nəticəsində icra məmurları iş üzrə tərəflərin şəxsiyyəti, əlaqə nömrələri, daşınar və daşınmaz əmlakları, həyata keçirdikləri notariat hərəkətləri, sərhədkeçmə, vergi ödəyicisi olub-olmaması, əmək haqqı, pensiya, sosial müavinət alıb-almaması, hüquqi şəxslərin bank hesabları və əmlakları barədə məlumatları real vaxt rejimində əldə etmək imkanı qazanmış və bu da işin operativ həllinə öz töhfələrini verməkdədir. Hazırda sistemin onlayn rejimdə fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi istiqamətində genişmiqyaslı işlər görülür.

Bununla yanaşı, Ədliyyə Nazirliyinin internet saytında yaradılmış “Elektron xidmətlər” bölməsində İcra xidməti tərəfindən müxtəlif xidmətlər, o cümlədən “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” xidməti vətəndaşların istifadəsinə verilmiş və hər gün minlərlə şəxs bu xidmətdən yararlanır.

Qeyd olunan Fərmanda icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görülməsi barədə tapşırığın icrası daim diqqət mərkəzində saxlanılır. Bununla bağlı mütəmadi olaraq yerli icra qurumlarına əməli köməklik göstərilir, işlərin daha effektiv icrasının təmin edilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Fərmanın icrasının təmin olunması, yerli qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin strukturu təkmilləşdirilərək idarədə Analitik-nəzarət şöbəsi yaradılmışdır.

Eyni zamanda vurğulamaq lazımdır ki, İcra xidmətinin fəaliyyəti kütləvi informasiya vasitələrində daim işıqlandırılır. İctimai Televiziya kanalı ilə əməkdaşlıq nəticəsində hər həftənin bazar günü “Qanundan kənar” verilişinin “İcra məmuru” rubrikasında icra məmurlarının gündəlik fəaliyyəti, icrası çətin və mürəkkəb işlər yayımlanır, bu zaman vətəndaşlar üçün maraqlı olan hüquqi məsələlərə izah verilərək aydınlıq gətirilir.

Bir ədliyyə işçisi kimi əminəm ki, yüz ildən artıq tarixi olan ədliyyə əməkdaşları bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcək və üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Bu əlamətdar gün münasibətilə bütün ədliyyə işçilərini təbrik edir və fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram.

Rüstəm Rəhimov,

Ədliyyə Nazirliyi İcra baş idarəsinin Analitik-
nəzarət şöbəsinin aparıcı məsləhətçi, kiçik ədliyyə müşaviri