31 may 2019 10:21
548

Müasirliyi qəbul edən və gələcəyə doğru sürətlə addımlayan ölkə

Dövlətimizin başçısı İlham Əliyevin ənənəvi olaraq keçirdiyi müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə ölkəmizin uğur yolunda inamla irəliləməsini şərtləndirən amillər bir daha diqqətə çatdırıldı

Əbəs yerə deyilmir ki, gələcəyə keçmişimizlə addımlayırıq. Bu reallıq da hər zaman önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük ümidlərlə addımlayan xalq tarixin sınaqlarından daim üzüağ çıxıb. Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə bunu bir daha təsdiqləyirik. Bu gün  böyük fəxr hissi ilə qeyd edirik ki,  güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu mühüm hadisəni də böyük sevinc hissi ilə yaşadıq ki, artıq 10 milyonluq ölkəyik. Dünyanın 10 xoşbəxt ölkəsi, xalqı sırasında yer alan Azərbaycan dövlətinin, xalqının qürurverici uğurları davamlı, heyrətləndiricidir. Beynəlxalq aləmdə  iqtisadi möcüzələr ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatçısı, təşəbbüsləri gerçəkliyə çevirən, etibarlı tərəfdaş, müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlər üçün ideal məkan, demokratik  prinsipləri dünəninin, bu gününün və sabahının əsası kimi  qəbul edən ölkədir.

Azərbaycanın bugünkü reallıqlarından bəhs edərkən  ilk olaraq beynəlxalq baxışın hansı səviyyədə olduğunu şərh etmək bir tələb kimi qarşımızda dayanır. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev  müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltmişdir. “Biz İslam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır” söyləyən cənab İlham Əliyev qeyd etmişdir ki,  Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlər İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərir. İslam həmrəyliyinin möhkəmlənməsi gündəlikdə duran əsas məsələlərdən biridir. Azərbaycan öz tərəfindən bu istiqamətdə çox ciddi addımlar atır və atacaq. Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim qoyulan  ənənəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını ifadə edərək bildirmişdir ki, bu mühüm addım müsəlman ölkələrini və xalqlarını birləşdirən qardaşlıq əlaqələrinə dəstək və dayaq olmaq öhdəliyinizin bir təzahürüdür. Gənc Azərbaycanın  müstəqilliyinin ilk illərində bir çox çağırışlarla üzləşdiyini və o zaman onların öhdəsindən gəlməyin qeyri-mümkün göründüyünü xatırladan səfir qeyd etmişdir ki,  lakin ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan bu təhlükələrin öhdəsindən uğurla gələrək inkişaf etmiş, müasirliyi qəbul edən və gələcəyə doğru sürətlə addımlayan bir ölkəyə çevrilə bilmişdir. Eyni zamanda, qürur hissi ilə öz qədim İslam irsini və mədəniyyətini də qoruya bilmişdir.

Azərbaycanın möhtəşəm inkişafını, yenidən qurulmasını, bir çox sahələrdə apardığı islahatlarını və uğurlu transformasiyasını heyranlıqla müşahidə etdiklərini xüsusi vurğulayan Nasir Əbdül Kərim Əbdül Rəhim bildirmişdir ki, müsəlman aləminin  ayrılmaz və vacib  üzvü kimi Azərbaycan Dağlıq Qarabağdan tutmuş Əl-Qüds, Əl-Şərif, Kəşmirə qədər və digər işğal olunmuş müsəlman əraziləri ilə bağlı məsələlərdə ədalətli haqq işini böyük səylə dəstəkləmiş, həmçinin bu günün çoxsaylı çağırışları ilə mübarizədə birgə səylərin önündə olmuşdur. Bunlardan biri də məkrli və yanlış məfhum olan islamofobiya ilə mübarizə aparmaqdır. Azərbaycanın sülhün, inklüzivliyin və hörmətin üstünlük təşkil etdiyi, müxtəlif dinlərin nümayəndələrinin bir-biri ilə harmoniya içində yaşayıb-çalışması ilə İslamın həqiqi ruhunu nümayiş etdirən parlaq ulduzlardan biri olduğu böyük inamla qeyd edilmişdir.

Həmin qəbulda bütün işğal olunmuş müsəlman ərazilərinin və müqəddəs yerlərin öz həqiqi sahiblərinə qayıdacağına,  İslamın adına ləkə gətirən pis, bədxah və cahil qüvvələrin məğlub ediləcəyinə və bununla da bəzi ölkələrimiz üzərində olan qara buludların çəkiləcəyinə,  qardaş ölkələrimiz arasında birlik və harmoniyanı bərqərar etmək üçün fikir ayrılıqlarının aradan qaldırılacağına əminlik ifadə olunmuşdur.

Göründüyü kimi, Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olmasını şərtləndirən əsas amillərdən biri ölkəmizin öz tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə sahib çıxması və daim inkişaf etdirməsidir. Ötən ilin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, cari ilin isə “Nəsimi İli”  elan edilməsi də bu kimi mühüm məqamlara bir daha işıq salır.  Ölkə Prezidenti  bildirir ki,   hazırda  dünyada gedən çox ağır proseslər şəraitində Azərbaycan nümunəsi özünü daha aydın şəkildə  büruzə verir. Azərbaycan nümunəsi təsdiqləyir ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşaya bilər: “Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir.”  Azərbaycanın multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlılığı, tolerant ölkə kimi qazandığı nüfuz göz qabağındadır.  2016-cı il “Multikulturalizm İli”, 2017-ci il  “İslam Həmrəyliyi İli” çərçivəsində  keçirilən tədbirlər,  həmçinin ölkəmizin  2015-ci ildə ev sahibliyi etdiyi  ilk Avropa Oyunları,  2017-ci il   IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın multikulturalizmi həyat tərzi  qəbul etməsinə, müxtəlif mədəniyyətlər və dinlər arasında körpü roluna bir daha aydınlıq gətirdi.

Bu günümüzün əsas çağırışlarından olan  İslam həmrəyliyinin möhkəmləndirilməsi, İslam mədəniyyətinin  dünyaya təqdimatının yüksək səviyyədə həyata keçirilməsi istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar beynəlxalq səviyyədə təqdir olunmaqdadır.  Dövlətimizin başçısı İlham Əliyevin ötən il  Belçikaya səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində də ölkəmizin  sabitləşdirici faktor kimi mövqeyi, mədəniyyətlər və dinlərarası dialoqların təşkili üçün ideal məkan qəbul olunması   yüksək dəyərləndirilmişdir.  Almaniya  Kansleri Angela Merkel ötən il Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda olarkən ölkəmizin Şərqlə Qərbin arasında körpü rolunu yüksək dəyərləndirərək bu reallığı da qeyd etmişdir ki, Azərbaycan ənənələri olan dövlətdir.  

Qarşıdakı illər üçün  hədəflər açıqlanarkən bir daha  bildirilir  ki,  milli mənəvi, dini dəyərlər, ənənələr  bundan sonra da inkişafımızın  əsas istiqaməti olacaq. Bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda  ilk növbədə  Azərbaycanın göz önünə gəlməsi təsadüfi deyil. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub,  xalqımız vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bu məqamı da təəssüf hissi ilə qeyd edirik ki, islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir.

Əvvəldə vurğuladığımız kimi, çoxkonfessiyalı ölkə olaraq ölkəmizin  xarici siyasətində Qərb və Avropa dövlətləri ilə yanaşı, islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər əsas yer tutur. Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu  təsdiqləyir. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı  ilə əməkdaşlığının yüksələn xətt üzrə inkişafında da onun tutduğu mövqe əhəmiyyətli rol oynayır. Qurumun sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycan müasir dünyada islam həmrəyliyinin möhkəmləndirilməsinə ciddi əhəmiyyət verir. İslam Əməkdaşlıq Təşkilatının sammitlərində, Zirvə görüşlərində Azərbaycanın   islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir.  “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev  2017-ci  il ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını  islamofobiyaya qarşı ən  real mübarizə kimi dəyərləndirir. Eləcə də İslam aləmində narahatlıq doğuran hadisələr - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri  taleyüklü məsələ olmaqla  həmrəyliyin, birliyin vacibliyini  aktuallaşdırır.

Müsəlman ölkələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin həllində  Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirən cənab İlham Əliyev qeyd edir ki,  Azərbaycan da öz növbəsində  beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını  dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olmuşdur: “Bizim üçün islam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir.  Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük... Biz çalışmalıyıq ki,  islam aləminin birliyini tam təmin edək.”

Yeganə Əliyeva, “İki sahil”