15 yanvar 2019 18:39
3371

Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar fevralın 1-dən 25-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər gizir hazırlığı kursuna qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla beş il müddətinə müqavilə bağlanacaq və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.

Namizədlər müvafiq sənədləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına təqdim etməlidirlər. Müraciət üçün tələb edilən sənədlər barədə Müdafiə Nazirliyinin saytında ətraflı məlumat verilib.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2019-cu il fevralın 1-dən 25-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək. Telefon: (012) 538-85-62.

Məhkumluğu olan hərbi vəzifəlilərin gizir hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.