15 mart 2019 10:49
855

Müharibə başlasa bunun günahı və ağır nəticələri Ermənistanın üzərində qalacaq

Azərbaycan Silahlı Qüvvələrinin son hərbi təlimləri Ermənistanda mövcud müharibə təşvişini bir az da artırıb. Erməniləri qorxuya salan səbəblərdən biri də təlimdə ordumuzun ən güclü silahlardan, ağır texnika və raket komplekslərindən də istifadə etməsidir. Lakin təşvişin səbəbi təkcə bu deyil...

Xatırladaq ki, təqribən üç ay əvvəl, 2018-ci ilin sonlarında da Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdi. O zaman Ermənistan mətbuatı yazırdı ki, Azərbaycan bu təlim zamanı mərkəzi bölgələrdən təmas xəttinə doğru təlim məqsədilə köçürdüyü hərbi birləşmələri geri qaytarmayıb. Bu, düşmən tərəfində Azərbaycanın müharibəyə tədricən hazırlaşması kimi qiymətləndirilirdi. Buraya Ermənistanla sərhədin şimal-qərb istiqamətinə Sərhəd Qoşunlarının yerləşdirilməsi zamanı yaranan ajiotajı da əlavə etsək ölkəmizin son hərbi davranışlarının ermənilərdə ciddi qorxu yaratdığını görmək mümkündür.  

Son hərbi təlimdə ordumuzun “Polonez” raket kompleksindən və ən ağır tanklardan istifadə etməsi düşməni daha da təşvişə salıb. Rusiyalı hərbi ekspert  Aleksandr Perenjiev yerli mediaya açıqlamasında bildirib ki, Azərbaycan bununla sadəcə hücuma deyil, həm də ildırımsürətli bir əməliyyata hazırlaşır: “Sürətli hərəkətlər məşq edilir ki, hücum gözlənilməz və intensiv olsun. Aydındır ki, bu, Dağlıq Qarabağa hücum qruplaşmasıdır...”. Ekspert hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh prosesinin, ümumiyyətlə, aparılmadığı nəzərə alınarsa, yaxın zamanda müharibənin olması labüddür.

Rusiyalı digər hərbi ekspert Pavel Felqenqauer də  Azərbaycanın bu təlimlərlə ərazilərini işğaldan azad etməyə hazırlaşması ehtimalının böyük olduğunu bildirib. O, fikrini təlimdə yüksək dəqiqliyə malik ən müasir silahlardan istifadə edilməsi ilə əsaslandırıb. Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunda ötən il silahlanmaya qəbul edilmiş  İsrail istehsalı olan “Lora” raket sistemi xüsusilə yüksək dəyərə malikdir: “Belə müasir texnologiyalı və  dəqiq silah  nə Ermənistan, nə də Rusiya ordusunda var”.

Hər iki ekspertin fikirləri Ermənistan üçün arzuolunan nəticələr vəd etmir. Onlar əminliklə Azərbaycanın son təlimlərlə Ermənistanla müharibəyə hazırlaşdığını bildirirlər.

Qeyd edək ki, müharibənin yenidən başlayacağı fikrini indi bir çox icmalçılar səsləndirirlər. Onların bu düşüncələrinə əsas verən amil isə Ermənistan tərəfinin günahı üzündən münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində heç bir irəliləyişin olmamasıdır. Digər tərəfdən, təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində Təhlükəsizlik Şurasının iclasını keçirməsi də birmənalı qarşılanmır. Bu davranış beynəlxalq hüququn kobud şəkildə pozulması və heçə sayılmasıdır. Lakin elə Ermənistanın özündə bir qrup ekspert hesab edir ki, Paşinyan üzdə Azərbaycana “meydan oxumaqla” və danışıqlar prosesində biri-birinə zidd davranışları ilə əslində müharibənin yaxınlaşmasına şərait yaradır. Siyasi ekspertlərin ümumi qənaəti bundan ibarətdir ki, Paşinyan Ermənistanın və dolayısı ilə onun hakimiyyətinin xilas yolunun əraziləri Azərbaycana qaytarmaq olduğunu anlayır. Lakin daxili təzyiqlər səbəbindən bunu açıq söyləyə və həyata keçirə bilmir. Belə olan halda Azərbaycanın sürətli hərbi hücumu onun öz niyyətini reallaşdırmasına zəmin yaradacaq.

Taleh Turqut, “İki sahil”