20 oktyabr 2019 19:40
1078

Müharibə veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub - FOTO

Hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilmiş birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kiçik çavuş Elçin Əjdər oğlu Vəliyevə “Hərbi xidmətlərə görə” medalı təqdim olunub.

"Report" Müdafiə Nazirliyinə idtinadən xəbər verir ki, nazirliyin rəsmiləri, Ağcabədi rayon İcra Hakimiyyəti rəhbərliyi, qeyri-hökumət təşkilatları və hərbi hissənin nümayəndələrinin, eləcə də müharibə veteranları, gənclər, məktəblilərin iştirak etdikləri tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin müstəqilliyi tarixindən, bu müstəqilliyin əbədi, sarsılmaz və dönməz olmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha da möhkəmləndirilməsindən, ordu quruculuğunda qazanılmış nailiyyətlərdən bəhs edib.

Qeyd olunub ki, ölkəmizin iqtisadi yüksəlişi, vətəndaşların firavan yaşaması üçün uğurlu dövlət siyasəti aparılır. “Sözün həqiqi mənasında Azərbaycan müstəqillik yollarında inamla irəliləyir. Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasında yer alıb. Hərbi qulluqçuların sosial müdafiəsi istiqamətində mühüm irəliləyişlər var. Şəhid ailələrinə, müharibədə sağlamlığını itirən döyüşçülərə, həmçinin müharibə veteranlarına dövlət qayğısı yüksək səviyyədədir. Məhz bugünkü tədbir də ölkə rəhbərliyinin keçmiş döyüşçüyə diqqət və qayğısının bariz nümunəsidir”, – Ş.Məmmədov deyib.

Bütün bunlara görə ölkə rəhbərliyinə şəxsən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən rayon icra hakimiyyətinin başçısı bir daha bəyan edib ki, bütün xalqımız kimi ağcabədililər də Qarabağ uğrunda mübarizədə Azərbaycan naminə Ali Baş Komandanın hər bir əmrinə müntəzirdir.

Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan əsgərinin bu gün ölkə rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilməsindən, həyatını hərbi peşəyə həsr edənlərə xüsusi önəm verildiyindən geniş söhbət açıb. O, bildirib ki, uzun illər keçməsinə baxmayaraq bir qrup keçmiş döyüşçü prezidentin Sərəncamına əsasən döyüş orden və medalları ilə təltif olunublar. Onlardan biri də Ağcabədi rayonunun Füzuli kəndindən olan müharibə veteranı kiçik çavuş Elçin Vəliyevdir.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, ehtiyatda olan kiçik çavuş E.Vəliyev 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Yeni yaranmaqda olan Azərbaycan Ordusunun ilk döyüşçülərindəndir. Laçın, Qubadlı, Ağdərə, Tərtər uğrunda döyüşlərdə mahir topçu kimi tanınıb. Düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verib.

Ondan yaşca böyük olan qardaşları Mahir və Vüqar da birinci Qarabağ müharibəsinin iştirakçılarıdırlar. Onlar 1996-cı ilə qədər Azərbaycan Odusunun sıralarında cəbhə bölgələrində xidmət ediblər və bu gün də Qarabağ uğrunda döyüşlərə hazır olduqlarını bildiriblər.