15 avqust 2020 17:15
1031

Müharibə veteranlarına ərzaq sovqatları çatdırılıb

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımlarının paylanılması aksiyası həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə reallaşdırılır.

Məqsəd koronavirus pandemiyasının yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan veteranlara dəstək göstərməkdir.

Aksiya ilə bağlı bir sıra Rayon Veteranlar Təşkilatlarının sədrləri tərəfindən quruma minnətdarlıq məktub və teleqramları daxil olmaqdadır. Belə ki, Bakı şəhəri Yasamal, eləcə də Ağdaş, İsmayıllı, Qəbələ, Xaçmaz, Balakən, Beyləqan, Daşkəsən, Sabirabad, Zaqatala, Salyan rayon veteranlar təşkilatlarının sədrləri koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan Böyük Vətən müharibəsi veteranlarına ərzaq yardımları paylanılması aksiyasını yüksək qiymətləndirirlər. Onlar veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və aksiyanın təşəbbüskarına minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanın 40-dan çox şəhər və rayonunda yaşayan İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb.

Veteranlarla görüşlərdə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminə ciddi əməl olunmasının, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik və tibbi-profilaktik qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, təşkilat “Evdə qal, həyatları xilas et!” və dövlətimizin başçısının “Biz birlikdə güclüyük!” çağırışları ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü vaxtda dövlətimizin başçısı tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir.