22 fevral 2019 18:33
958

Multikulturalizm təcrübəsinin təbliği prioritetdir

Ölkə Prezidenti İlham Əliyevin “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu məqsədə xidmət edir


Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda  multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədilə imzaladığı  “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamında qeyd olunduğu kimi, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı,  ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi  tanınıb.  Ötən dövr ərzində  ölkəmizdə  multikulturalizm  ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Azərbaycanın multikulturalizm siyasəti beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bu gün bir çox dövlətlər Azərbaycanın uğurlu təcrübəsini öyrənir. “Bakı Prosesi” multikultural dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirilib. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 4 fevral 2019-cu il tarixli Sərəncamı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Forum bu il mayın 2-3-də keçiriləcək. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilmiş bu kimi tədbirlər ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından son dərəcə mühümdür.

“İndiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir. Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir” söyləyən cənab İlham Əliyev ölkəmizin multikultural cəmiyyətlərin formalaşmasına töhfələrinin davamlı olduğunu, tolerant ölkə kimi nüfuz qazandığını əsaslı şəkildə diqqətə çatdıraraq, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” və 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsini, həmçinin ölkəmizin 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini Azərbaycanın müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə kimi mövqeyinin möhkəmləndirilməsi kimi diqqətə çatdırır. Cənab İlham Əliyevin xarici ölkələrə  səfərlərinə, eyni zamanda, Azərbaycana bu və ya digər ölkələrin dövlət başçılarının səfərlərinə diqqət yetirsək, keçirilən görüşlərdə, tərəfdaşlığın inkişafına dair imzalanan sənədlərdə Azərbaycanın multikultural dəyərlərin inkişafı istiqamətində göstərdiyi səylər təqdir edilərək, əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd olunur. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan “Tərəfdaşlığın prioritetləri” sənədində də bu məqam qeyd olunmuşdur ki, dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilib. Ölkəmiz İslam mədəniyyətinin dünyada təqdim edilməsində mühüm rol oynayır. Bir çox Avropa ölkələrində təşkil olunan sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ, dinimizin dəyərlərini təcəssüm etdirir.

Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir. İslam Əməkdaşlıq Təşkilatının sülhməramlı fəaliyyətinə dəstək verən Azərbaycanın qurumun sammitlərində, Zirvə görüşlərində  islamofobiyaya qarşı mübarizədə fəal iştirakı xüsusi önə çəkilir. “Biz müsəlmanlara qarşı törədilən cinayətləri qətiyyətlə pisləyirik” söyləyən Prezident İlham Əliyev 2017-ci ildə ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında 50-dən artıq müsəlman ölkəsinin iştirakını islamofobiyaya qarşı ən real mübarizə kimi dəyərləndirir. Eləcə də İslam aləmində narahatlıq doğuran hadisələr - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmalar, qaçqın böhranının hər biri taleyüklü məsələ olmaqla həmrəyliyin, birliyin vacibliyini aktuallaşdırır.

Ölkə Prezidenti daim çıxışlarında dünyanın ikili siyasətindən və onun yaratdığı problemlərdən bəhs edir, diqqəti Xocalı soyqırımına, Dağlıq Qarabağ müharibəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman Qərb, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların  müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu  bildirir. “Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandırır. Rəsmi Bakı bəyanatlarında bu məqamı da diqqətə çatdırır ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətdə olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur.

Dövlətimizin başçısı İlham Əliyevin ötən il mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı imzaladığı sənəd də bu istiqamətdə atılan addımların tərkib hissələrindəndir. Bu kimi sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, dünyanın ikili siyasətinin doğurduğu problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması fonunda ədalətə ədalət gözü ilə yanaşmaq imkanları artacaq.

O da bildirilir ki, belə yanaşmalara baxmayaraq, dünyada multikulturalizmin bir çox ünvanları vardır. Dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması dövrün tələbidir.  Sivilizasiya bu istiqamətdə inkişaf edir, ümumbəşəri dəyərlər hər bir normal cəmiyyətdə birgəyaşayış qaydalarının əsas prinsipləri üzrə formalaşır.

Bir vacib amil də hər zaman önə çəkilir ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda daxili işə müdaxilələr, dünyada müharibələr də az olar. Dövlətimizin başçısı İlham Əliyev dünyada baş verən hadisələrin fərqli şəkildə təqdim olunmasında bu məqamı da vurğulayır: “Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.”

Hər sahədə təcrübəsi nümunə olan, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə dövlətlər, xalqlar arasında dostluq körpüsünü günbəgün möhkəmləndirən Azərbaycanın məqsədi  regional əməkdaşlığı inkişaf etdirmək, millətlərarası münasibətləri daha da yaxşılaşdırmaq, dinlərarası dialoqu gücləndirməkdir. İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar hər zaman bütün millətlərə hörmətlə yanaşmışlar. Ölkəmizdə inkişaf etdirilən demokratiyanın tələblərinə uyğun olaraq insanlar üçün sərbəst düşünmək, istədiyi dinə inanmaq imkanı yaranır.

Ümumiləşdirmə aparsaq, insanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı suni yaradılan fobiyalarla mübarizədə istifadə olunan multikulturalizmin təbliği daha vacib və aktualdır. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev bildirir: “Biz öz gündəliyimizi təklif edirik. Bu, multikulturalizm gündəliyidir... Biz əməkdaşlıq və qarşılıqlı anlaşma gündəliyini təklif edirik. Bunlar müsbət meyillərdir. Bu baxımdan bizim rolumuz əsasən ənənələrimiz və ölkəmizin ehtiyacları üzərində qurulub. Çünki Azərbaycan çoxmillətli, çoxkofenssiyalı ölkədir. Azərbaycanda əmin-amanlıq hökm sürür, müxtəlif etnik və dini qrupların nümayəndələri sülh və ləyaqət şəraitində yaşayırlar. Eyni zamanda, bu, dünyaya bir mesajdır. Biz tənha bir ada deyilik, qoşuluğumuzda digər ölkələr var və bizim qanunauyğun marağımızdır ki, bu sahədə regionda və dünyada müsbət inkişaf mövcud olsun.”

Yeganə Əliyeva, “İki sahil”