16 sentyabr 2019 17:55
888

Mun Ce-in: KXDR-ABŞ danışıqları tezliklə bərpa olunacaq

Koreya Xalq Demokratik Respublikası (KXDR) və ABŞ arasında işçi səviyyədə danışıqlar tezliklə bərpa olunacaq. Cənubi Koreya sülh prosesini tam dəstəkləməkdə davam edəcək.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın dövlət başçısı Mun Ce-in Prezident sarayında komandasının üzvləri ilə həftəlik görüşündə deyib. Prezident bu danışıqların Koreya yarımadasında sülh prosesinin güclənməsinə xidmət edəcəyini bildirib.

Danışıqların dəqiq vaxtı və yeri barədə ətraflı açıqlama verməyən Prezident Mun Ce-in ölkəsinin Vaşinqton-Pxenyan dialoqunu fəal şəkildə dəstəklədiyini, danışıqların səmərə verməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Mun Ce-in BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyası çərçivəsində Birləşmiş Ştatların Prezidenti Donald Tramp ilə görüşündə bu mövzunu müzakirə edəcəyini də vurğulayıb.

Cənubi Koreya lideri sessiya zamanı BMT-dən və beynəlxalq ictimaiyyətdən Koreya sülh prosesinə daha çox diqqət ayrılmasını istəyəcəyini deyib.