Qarabağ müharibəsində düşmənlə qəhrəmanlıqla döyüşən igid oğullarımızın sayı kifayət qədərdir. Bu müharibədə canını özündən çox sevdiyi vətəninə fəda edən və şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur.
Mübariz İbrahimov haqqında çoxlu məlumatlar dərc olunsa da, öncə onunla bağlı zəruri bilgiləri bir daha qeyd etmək yerinə düşər.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O, 1994-cü ildə şəhid M.Piriyevin adını daşıyan Əliabad kənd tam orta məktəbinə daxil olaraq 2005-ci ildə həmin məktəbi bitirmiş və hərbi xidmətə çağırılmışdır. 2007-ci ildə hərbi xidmətini çavuş rütbəsində başa vurmuşdur. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında öz arzusu ilə yenidən gizir rütbəsində cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saatlarında M.İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyaraq onun zəif cinahlarını üzə çıxarır. Qeyri-bərabər döyüşdə səhərə qədər döyüşərək qəhrəmancasına şəhid olur. Ermənistan tərəfi bütün insani və müharibə qaydalarını pozaraq Mübariz İbrahimovun cəsədini verməkdən imtina edərək cəsədi 141 gün özündə saxlamışdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsi olaraq 6 noyabr 2010-cu il tarixdə M.İbrahimovun meyiti düşməndən alınmışdır.
2010-cu il noyabrın 7-də keçirilən vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləmişdir. Sonra şəhid, Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Bu gün Biləsuvar şəhərində lisey-məktəb kompleksi, küçə Mübariz İbrahimovun adını daşıyır. Onun doğum günü hər il rayonun təhsil müəssisələrində qeyd edilir, müxtəlif tədbirlər, idman yarışları təşkil olunur. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırılıb.
2011-ci il 15 iyunda Biləsuvar şəhərində Mübariz İbrahimovun heykəlinin və Əliabad kəndi ərazisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Ombudsman Elmira Süleymanova və digərləri çıxış edərək onun qəhrəmanlıqlarından danışmışlar. Elə həmin ildə Türkiyədə hazırlanmış və istifadəyə buraxılmış yük gəmisi onun şərəfinə “Mübariz İbrahimov” adlandırılıb.
2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib və onun Azərbaycan Dövlət Neft və Sənaye Universitetində abidəsi ucaldılıb.
2010-cu ildə rejissor Etibar Məmmədov Mübariz İbrahimova həsr edilən “Müqəddəs zirvə” adlı film çəkmişdir. 2013-2014-cü illərdə TRT1 kanalında göstərilən serialda onun qəhrəmanlığı geniş yer almışdır.
Torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda canından keçmiş Mübariz İbrahimovun doğum günü hər il Biləsuvar rayonunun təhsil müəssisələrində qeyd edilir, müxtəlif tədbirlər, idman yarışları təşkil olunur.
Bütün bunlar barədə Biləsuvar Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Aqşin Bağırovun Əliabad kənd tam orta məktəbinin müəllimləri ilə 2019-2020-ci tədris ili ərəfəsində həmin məktəbdə keçirilən görüşündə geniş danışılmışdır. Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev iştirak etmişdir.
Məktəbin direktoru Bəsirə Rüstəmova, tarix müəllimi, M.İbrahimovun sinif rəhbəri Elnura Əliyeva, ədəbiyyat müəllimi Oqtay Quliyev, həmçinin şəhidin sinif yoldaşı, hazırda bu məktəbdə informatika fənni üzrə müəllim işləyən Cəmalə Əliyeva və digərləri Mübariz haqqında ürəkdolusu danışaraq vurğulamışlar ki, o, uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı kənddə hamı onun bu arzusundan xəbərdar idi. Onun əsas amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi.
Azərbaycanın Milli Qəhrəmanının haqqında danışanlar qeyd etmişlər ki, heç vaxt artıq hərəkət etməyi xoşlamayan Mübariz özünü elə apararmış ki, kimsə ona “güldən ağır” söz deməsin. Bir də balacalıqdan kiminsə onunla hökmlə danışmasını qəbul etməzmiş. Amma mehribanlıqla deyilən bir sözü iki etməzmiş. Məhz bu xasiyyətlərinə görə valideynləri onunla həmişə xoş davranardılar.
Mübariz döyüş filmlərinə baxmağı çox xoşlayardı. Bir az böyüyəndən, həyatı dərk edəndən sonra telekanallarda Xocalı faciəsi ilə bağlı verilişlərə baxıb özünə yer tapa bilməz, yumruğunu düyünləyərdi...
Mübariz İbrahimov ədəbiyyatı həvəslə oxuyardu. Yuxarı siniflərdə də tarix və ədəbiyyatı yaxşı oxumuşdu. Xüsusən Mikayıl Müşfiqin şeirlərini çox sevir və öyrənirdi. Ümumiyyətlə, təhsil illərində onun qeyri-kafi qiymətləri olmayıb, fiziki tərbiyədən isə həmişə “5” alıb. Dərsə davamiyyəti yüksək olub. Həmçinin uşaqlıqdan böyük maraq göstərdiyi idman növlərindən boksla məşğul olmağı sevirdi.
Tədbirdə, həmçinin qeyd edilmişdir ki, Mübariz İbrahimovun qəhrəmanlığı bütün Azərbaycan gəncləri üçün bir örnəkdir. Onun müəllimləri öz şagirdləri ilə fəxr edirlər. Təkcə onlar yox, böyükdən kiçiyə qədər hər bir azərbaycanlı onunla qürur duyur. Mübariz öz adını Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qanı ilə yazıb. Onun qəhrəmanlığı və həyatı şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarında, onlarda yüksək mənəvi keyfiyyətlərin aşılanmasında və uşaqların sağlam həyat tərzinə hazırlanmasında bir nümunədir və bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi gündəlik nəzarətdə saxlanılmalıdır.
Bununla yanaşı, tədbirdə ötən dərs ilinin bəzi nəticələri, yeni tədris planları, müəllimlərin yaradıcılıq fəaliyyətləri və peşəkarlığı, tədris-təlim resurslarından istifadə, təhsil mədəniyyəti barədə müzakirələr də aparılmışdır.
Biləsuvar RTŞ-nin müdiri A.Bağırovun çıxışında şagirdlərin dərs məşğələlərinə davamiyyəti, fənlərin tədrisi vəziyyəti, məktəbin informasiya-kommunikasiya üzrə maddi-texniki bazanın möhkəmləndirilməsi, hərbi-vətənpərvərlik işinin təşkili və digər zəruri məsələlərə əsas diqqət yetirmişdir.
Görüşdə Təhsil Nazirliyinin nümayəndəsi 2019-2020-ci tədris ilində müəllimlərə uğurlar arzulayıb. Çıxışının sonunda isə Mübariz İbrahimovun həyatı və qəhrəmanlığı, ilk növbədə, onun təhsil aldığı məktəblə bağlı xatirə kitabının hazırlanmasını və çap olunmasını təklif edib. Həmin kitabda bilavasitə məktəbin müəllimləri, Mübariz İbrahimovla bir sinifdə oxumuş məzunların xatirələri öz əksini tapa bilər. Təklif iştirakçılar tərəfindən yekdilliklə bəyənilib və dəstəklənib.
R.Ağayev