10 oktyabr 2019 20:09
186

Müqəddəsliyin səsi

Müqəddəsliyin qayibanə səsini ürəyiylə qəlbitəmizlər eşidə bilər. ..

Müqəddəsdliyin səsi ön xətdə daha həssaslıqla eşidilir...

Ön xətdə sonuncu gəlişimdə tərxis ərəfəsində olan əsgərlərdən biri sözarası demişdi ki, tərxis olunan əsgər yoldaşlarımla əlaqələrimiz kəsilmir. Onlar bizə yazırlar və deyirlər ki, Hərbi andla baslayan hərbi xidmət bizə də Vətəni daha böyük məhəbbətlə sevməyi öyrətdi, məsuliyyətlilik hissimizi möhkəmləndirdi, onu əsl vətəndaş kimi formalaşmağımızın başlanğıcı bildik. Biz də bir daha əmin olduq ki, Azərbaycan əsgəri bundan sonra da Vətənə, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edəcək, biz də onların sırasında. Onda komandirimizdən eşitdiklərim yadıma düşdü:

   - Vətən  sevgisi, Vətənə sevgi bəşəri sevgidi.

   Təbəssümüm təbəssümlərə qarışmışdı.

   Ön xətdə həm bu söhbətin davamını eşitməyə, həm də səmimiyyətlə kəlmələşəcəyim əsgərlərin döyüş əzmini, qələbə ruhunu könlümə köçürməyə tələsməkdəyəm.

   Payız səhərinin könüləyatımlı həzin mehi mənə ötən il dəniz səviyyəsindən min metrlərlə yüksəklikdə əsgərlərin əhatəsində gördüklərimin ən kövrəyini - ləçəkləri titrəşən dağ çiçəklərini xatırladır. O titrəyişi gözlərimdən könlümə köçürməkdəykən komandir demişdi:

   - Əsən yellər bu torpaqdan güc alan çiçəklərdən ləçək qopartmaq qüdrətində deyil.  Həm hərbçi qətiyyəti kimi, həm də torpağa sevginin ifadəsi kimi dinlədiyim o kəlmələrin eynini, bənzərini eşitməyə tələsirəm - fərqli bir məkanda, fərqli bir zamanda, eyni fəsildə, 25-26 gün fərqlə eşitdiklərim ürəyimin sevinc payını daşdıracaq.

   Ləngiyən zaman ürəyimin uçuntusunu hiss etmir, şübhəsiz. Hiss etsəydi yollar ayağımın altında sürüşərdi...

   Səngərlərin qənşərindəyəm. Mənə elə gəlir ki, çiynimi dağa söykəmişəm.

   Ürəyim məni səngərin qənşərindən on-on beş addımlıq məsafənin o tərəfinə çəkir. Orda döyüş növbətçiliyi aparanların timsalında ordumuzun şəxsi heyətinin qətiyyətini, məsuliyyətini, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətini görəcəm, hər birinin mənəvi-psixoloji hazırlığı ürəyimi dağa döndərəcək.

   2016-cı ilin aprelindən sonra səngərlərdə gördüyüm qətiyyətin eynini görürəm. Bu qətiyyət qarşı tərəfi bir anlığa da olsa nəzarətsiz qoymayan qətiyyətdi.

   - Ön xətdə xidmətin məsuliyyəti daha böyükdür. Əsgərlərimiz qarşı tərəfi ciddi nəzarətdə saxlayırlar. Düşmənin bütün tərpənişləri izlənilir. Müşahidə olunanlara görə müvafiq tədbirlər görülür, -  zabit Aqil Hüseynov inamla deyir.

   - Qarşı tərəf dediniz. Diqqətlə nəzarətdə saxlayıb hiddətlə baxdığınız o ərazilər də bizim ərazilərdi, -  deyirəm.

    “Sizin - Anteylərin əhatəsində olanlar torpağın gücünü daha həssaslıqla duyur. Torpaq onun “dilini bilənlərə” könül açır, sevincini bildirir, dərdini, ağrı-acısını deyir...” - dediyim əsgərlərin baxışları bizi xoş ovqatla əhatələyir...

   Zabit Aqil Hüseynovun qaşları çatılır:

   -Öz ərazilərimizdən öz ərazilərimizi nəzarətdə saxlayan əsgərlərimiz də bizim kimi  düşünür...

   Əsgərlərimizin əhatəsindəyəm. Bayaqkı söhbəti xatırladırıq. Əsgərlər bizə, sonra qarşı tərəfə baxır. Bu qeyrət baxışların, bu dəyanət baxışların ruhuna necə bağır basmayaydım?..

   -Yeniyetməliyimizdə də, çağırışçı olanda da müharibədə törədilənlər haqqında məlumatlarımız varıydı. Ermənilərin törətdiyi faciələrdən də xəbərdarıydıq. Müharibə səbəbindən ev-eşiyindən qaçqın düşənlərin çəkdiyi əzab-əziyyətləri də görmüşdük, - əsgərlərdən biri  onun sözünə söykək kimi deyir:

   -Bunları hələ hərbi xidmətə çağırılmamışdan bilirdik. Hərbi and içəndə də, ilkin sıra hazırlığına başlayanda da, atıcı silahların istismar xüsusiyyətlərini öyrənəndə də, təlimlərdə də əsgər olaraq torpaqlarımızın işğaldan azad ediləcəyi əmrinə hazır olmuşuq, indi də hazırıq.

   Hər iki əsgərin dediklərini Vətənə əsgər sevgisi bilirik.

   Belə kəlmələri 2016-cı ilin mart ayının sonlarında Arazın sahilində -  Cəbrayılın Cocuq Mərcanlı kəndində döyüş mövbətçiliyindən qayıtmış əsgərlərdən də eşitmişdim. Onların da döyüş əzmində qələbə ruhu görmüşdüm. Ordan Lələtəpəni nəzarətdə saxlayan əsgərlərin ürəyindən keçənləri bilmək çətin deyildi.

   Yarım aydan sonra yenə Cocuq Mərcanlıdaydım. Yenə əsgərlərin əhatəsindəydim. Əsgərlər yenə Lələtəpəyə sarı baxırdılar. Bu dəfə Lələtəpəyə deyil, Lələtəpənin zirvəsindən o yana...

Əsgərlərə bunları da deyirəm. Təkcə informasiya kimi deyil, düşüncələrim əsgərlərin düşüncələrindən söz, kəlmə tamsınması üçün deyirəm.

Zabit Aqil Hüseynov deyir:

-Onda nə eşitdiklərinizi güman edə bilərik. Təkcə güman etmək yox, yanınızda olmus kimi deyə bilərik.

Digər əsgər əlavə edir:

-Qələbəyə görə yaşanılan qürurdan danışılıb.

Əsgərlərdən biri deyir:

-Torpaqlarımızı işğaldan azad edəcəyik.

Zabit belə deyir:

- Bu qürurun Böyük Qələbəni də yaşadacağına zəmanət əvəzi əminlik dinləyibsiniz.

Əsgərlər könlümü söz-söz telləndirir. Bütün varlığımla  inanıram ki, Ali Baş Komandanın döyüş əmri qələbəylə tamamlanacaq. Əsgərlər deyirlər ki, o əmri böyük istəklərlə gözləyirik. Biz də qalib əsgər olmaq istəyirik. Müharibədən sonra biz də çağırışçılara, yeniyetmələrə qələbəylə nəticələcək döyüşlərdən danışmaq niyyətindəyik...

Bu ilin payızının gəlişi ərəfəsində bu biçim döyüş əzmi Ali Baş Komandanın döyüş əmrinə təşnəlikdi, bu qələbə ruhu torpaqlarımızın işğaldan azad ediləcəyinə içilən anddı, vəddi, qələbəyə zəmanətdi. Bu əzm, bu ruh Lələtəpə, Byraqtəpə, Günnüt zəfərləri ərəfəsində Azərbaycanda yaşanılan döyüş əzminin, qələbə ruhunun davamıdı. Ona görə belə möhtəşəmləşib. Bu möhtəşəmliyi Vətənə sevgi, hərbçi məsuliyyəti, hərbçi-vətəndaş qətiyyəti yaradıb. Səngərdə bu dönməz qətiyyətin könüləyatımlı cazibəsində Ali Baş Komandanın döyüş əmriylə yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad ediləcəyindən də danışacağıq.

Zabit Aqil Hüseynov indi görürmüş kimi əsgərlərə baxmışdı. Bu gözdoyduran baxışlarda təəssübkeslik də vardı, ehtiram da vardı, sevgi də. Bu baxışların eynini 2016-cı ilin ilkin yazında - döyüşlər ərəfəsində Cocuq Mərcanlıda da gördüyümü demişdim. Zabit gülümsünmüşdü. Bu təbəssümün səmimiliyi də mənə eşitdiklərim qədər könül xoşluğu vermişdi. Zabitin həmin döyüşləri xatırladığına əminəm. Xatırlamısdı və özünün o zabitlərlə, əsgərlərin o əsgərlərlə müqayisə edilməsi onu elə əvvəlki səviyyədə qürurlandırmışdı:

-Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının zəmanətilə deyirəm ki, biz Böyük Qələbəylə nəticələnəcək döyüşlərə tam hazırıq. Çox istərdik ki, döyüş əmri bu payız, elə bu günlərdə verilsin.

Bu ilin payızının qələbə ovqatlı gəlişini ön xətdə yerləşən “N” hərbi hissəsinin zabit və əsgərləri də duyur. Bu duyum döyüş əzmindən, qələbə ruhundan süzülən duyumdu. Ona görə belə ötkəmdi.

Əsgərlərin niyyəti məmləkətin niyyətidi. Bu niyyət həm də şəhidlərimizin ruhunun niyyətidi, min illik dövlətçilik tariximizin niyyətidi...

Əsgərlərin əhatəsində torpağın gücünü də daha yaxşı hiss edirsən, müqəddəsliyin qayibanə səsini də daha həssaslıqla eşidirsən...

Rəşid Faxralı