18 iyun 2020 10:53
1644

Murat Lecompte: “SOCAR Turkey” pandemiya dövründə sərmayələri arasındakı sinerji və rəqəmsallaşmanın müsbət nəticələrini gördü

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradəsi nəticəsində həyata keçirilən Cənub Qaz Dəhlizinin önəmli həlqəsi və böyük sərmayə qoyulan TANAP Azərbaycan təbii qazını Türkiyə və Avropa bazarına çatdırdığı üçün hər iki ölkə baxımından, eyni zamanda, regionun inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “SOCAR Turkey Enerji A.Ş”nin (STEAŞ) xarici əlaqələr üzrə direktoru Murat Lecompte deyib.

- “SOCAR Turkey”in fəaliyyətinin Azərbaycan və Türkiyə üçün əhəmiyyəti barədə məlumat verərdiniz.

- Bildiyiniz kimi, qloballaşan dünyada dünya bazarlarına çıxmadan, beynəlxalq ticarətin bir parçası olmadan iqtisadi və siyasi inkişaf demək olar ki, mümkün deyil. Avropanın və Türkiyənin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycanın istər iqtisadi olaraq daha da güclənməsi, istərsə də regionda və dünyadakı əhəmiyyətli rolunun artması baxımından enerji sektoru ilə bərabər digər sahələrdə də regional və beynəlxalq səviyyədə əməkdaşlıq qurması olduqca vacibdir. Beynəlxalq şirkət olan SOCAR bütün bu reallıqları diqqət mərkəzində saxlayaraq geostrateji cəhətdən olduqca böyük əhəmiyyətə malik, bir çox nəhəng transmilli layihələrlə bərabər, dünyanın bir çox ölkələrinə sərmayələr də qoymaqdadır. Bu ölkələr arasında ən böyük strateji əhəmiyyət kəsb edən ölkələrdən biri də qardaş Türkiyədir. Böyük bir bazar olmaqla yanaşı, Türkiyənin neft-kimya məhsullarına olduqca böyük tələbatı var. Demək olar ki, neft-kimya məhsullarına olan tələbatın böyük qismi xaricdən idxal edilir. Bu baxımdan həmin sahəyə qoyulan sərmayələr Türkiyə üçün olduqca böyük əhəmiyyətə malikdir. Sadəcə, Türkiyənin daxili bazarının böyüklüyünü nəzərə alsaq, görərik ki, bu sərmayələrin qoyulması nə qədər rasional qərardır. İkinci, ən önəmli amil isə Türkiyənin coğrafi mövqeyidir. Belə ki, üç tərəfi dənizlə əhatə olunan Türkiyə dünya bazarlarına çıxa bilmək üçün güvənli, sabit və eyni zamanda, iqtisadi baxımdan da ən uyğun seçimdir. Azərbaycanın dünya bazarlarına çıxışı və o bazarlarda rəqabət apara bilməsi üçün Türkiyə olduqca önəmli coğrafi məkanda yerləşir. Bu baxımdan qoyulan investisiyalar Azərbaycanın iqtisadi və siyasi cəhətdən daha da güclənməsinə dəstək verir.

Bütün bunları diqqətə alsaq, dünya enerji bazarı tərəfindən daimi izlənilən SOCAR-ın Türkiyəyə qoyduğu investisiyalar heç də təsadüfi olmadığını anlamaq olar. Məsələn, qlobal iqtisadiyyatda böyük bazar olan Türkiyədə neft-kimya məhsullarına yüksək tələbat var. “SOCAR Turkey”in tərkibində fəaliyyət göstərən, Türkiyənin ilk və yeganə neft-kimya məhsulları istehsal edən inteqrasiya olunmuş müəssisəsi olan “Petkim” bu gün ölkədə ehtiyac duyulan neft-kimya məhsullarına tələbatın, sadəcə, 18-20 faizini tək başına təmin edə bilir. Bu sahədə Türkiyə demək olar ki, 80 faizdən daha çox idxaldan asılı vəziyyətdədir. “SOCAR Turkey” neft-kimya sahəsinə qoyduğu bu sərmayələrlə bir tərəfdən müştərisi hazır bazarda xidmət göstərərkən, digər tərəfdən də Türkiyənin cari kəsirinin azalmasına töhfə verir. Yenə də qeyd etmək istərdim ki, qlobal rəqabətdə güclü olmaq üçün dəyər üstünlüyü olduqca vacib məsələdir. Dünyadakı uğurlu neft-kimya müəssisələrinin ən böyük üstünlüyü neft emalı zavodları (NEZ) ilə inteqrasiya olunmuş formada fəaliyyət göstərmələridir. Türkiyədə idxaldan asılı olan NEZ məhsullarına tələbatın yüksək həcmdə olması, burada neftayırma zavodunun qurulmasını cəlbedici vəziyyətə gətirib. 2018-ci ilin oktyabrında istismara verilən “Star” NEZ-i rasional davranışın bir hissəsi olaraq qiymətləndirmək lazımdır.

- COVID-19 pandemiyası enerji, xüsusilə neft-qaz sektoruna necə təsir göstərdi? Eyni zamanda, “SOCAR Turkey”in fəaliyyətinə mövcud vəziyyət necə təsir etdi?

- Son günlər bütün dünyanı təsiri altına salan COVID-19 pandemiyası aviadaşımalar, logistika, nəqliyyat başda olmaqla demək olar ki, bütün sektorlara öz mənfi təsirini göstərdi. Beynəlxalq ticarətdə yaranan daralma nəticəsində bir çox sektor bir tərəfdən xam məhsula olan tələbatı təmin etməkdə çətinliklərlə qarşılaşarkən, digər tərəfdən tələb cəbhəsində sürətli bir azalma oldu. Bu zaman çərçivəsində ABŞ-ın “Light” markalı xam neftinin qiyməti tarixdə ilk dəfə mənfiyə endiyini, “Brent” markalı neftin bir barrelinin qiymətinin isə 20 dollardan da aşağı endiyini gördük. Bütün bu hadisələr, neft istehsal edən ölkələr və şirkətləri cari ilin ilk yarısında çətinliklərlə qarşı-qarşıya qoydu. Ancaq “OPEC+” ölkələrinin mayın 1-dən etibarən gündəlik 9,7 milyon barrel daha az neft istehsal etməyə başlaması ilə dünyada böyük istehsalçı və istehlakçı olan Çindən ticari baxımdan müsbət siqnalların gəlməsi ilin ikinci yarısında gözləntiləri hələlik müsbətə doğru çevirdiyini deyə bilərik. Bu irəliləyişlər davam edərsə yaxın zamanda qiymətlərin yenidən yüksələcəyinə dair fikirlər var.

Mövcud hadisələrə “SOCAR Turkey” nöqteyi nəzərdən baxdığımızda şirkətlər qrupu olaraq bu dövrdə sərmayələrimiz arasındakı sinerji və rəqəmsallaşmanın müsbət nəticələrini tam olaraq gördük. Bölgəmizdə bir çox NEZ istehsal həcmini azaldarkən “Star” zavodunun “Petkim”lə inteqrasiya olunmuş bir müəssisə olması bizə böyük üstünlük qazandırdı. “Star” NEZ sayəsində “Petkim” xarici idxaldan asılı qalmadan, ehtiyacı olan naftayı asanlıqla əldə edə bildi və istehsalı fasiləsiz olaraq davam etdirdi. Egey bölgəsinin ən böyük inteqrasiya olunmuş limanı “SOCAR Terminal” da xarici ticarətdə əhəmiyyətli bir qapı olaraq fəaliyyətini fasiləsiz davam etdirdi.

Bu dövrdə 2019-cu ildə “SOCAR Turkey”in tərkibinə daxil olan “Bursagaz”, “Kayserigaz” və “Millenicom” kimi istehlakçılara yönələn fəaliyyət göstərən şirkətlərimizin uğurla həyata keçirdiyi əməliyyatlar da qürurverici oldu. Belə ki, 1,5 milyondan çox təbii qaz abonentinə fasiləsiz xidmət göstərən “Bursagaz” və “Kayserigaz” sağlamlığımız üçün evdə qalmağın böyük önəm daşıdığı bu müddətdə yerli abunəçilərin tələblərini tez bir zamanda həll etdi. Türkiyədə alternativ telekom sektoruna liderlik edən “Millenicom” da 250 mindən çox fərdi və korporativ müştərisinə ən yüksək formada xidmət göstərdi.

- “Petkim” neft-kimya holdinqinin bu ilin ilk rübündə xalis gəliri 132,8 milyon türk lirəsi olub. Mövcud vəziyyətlə əlaqədar əvvəlki illərlə müqayisədə azalma var?

- Qeyd etdiyim kimi, cari ilin ilk ayları COVID-19 pandemiyası səbəbindən bir çox sektor üçün olduqca çətin dövr oldu. Lakin “Petkim” bu müddətdə Türkiyənin ehtiyacı olan tibbi və qablaşdırma məhsullarının istehsalında istifadə olunan xammalın istehsalını gücləndirərək bütün bu sektorların xam məhsula olan tələbatını qarşılamaq məqsədilə 7 gün 24 saat fasiləsiz istehsala davam etdi. 2018-ci ilin son rübündə fəaliyyətə başlayan “Star” NEZ ilə inteqrasiya olunmuş fəaliyyət nəticəsində pandemiyanın ən çox yayıldığı dövr də daxil olmaqla istehsalını keçən ilin eyni dövrünə görə 1,7 faiz artıran “Petkim” 2019-cu ilin ilk rübündə 788 min ton olan istehsal həcmini bu ilin eyni dövründə 802 min tona yüksəltdi. İlk rübdə “Petkim”in əsas mənfəəti isə 132,8 milyon lirə təşkil edib.

Qlobal bazarlardakı daralma, məzənnədə yüksək dəyişkənlik və məhsul qiymətlərindəki azalmaya baxmayaraq, “Petkim”in ümumi satış hasilatı ötən ilin eyni dövrü ilə eyni səviyyələrdə qalaraq 2,8 milyard lirə oldu. Bu rəqəm ötən ilin eyni dövrünə görə iki faiz az olsa da bütün sektorlarda mövcud vəziyyətdə yaşanan çətinlikləri nəzərə alsaq, əslində, bunu önəmli bir uğur olaraq qiymətləndirə bilərik.

- İndiyədək TANAP-la Türkiyə hansı həcmdə Azərbaycan təbii qazı alıb? Pandemiya TANAP-ın fəaliyyətinə təsir etdimi?

- Azərbaycan və Türkiyənin 6,5 milyard dollarlıq sərmayə ilə həyata geçirdiyi və bu günə qədər enerji sahəsində davam edən uğurlu əməkdaşlığının strateji baxımdan əhəmiyyətli layihələrindən olan TANAP boru kəməri istər Türkiyənin, istərsə də Avropa İttifaqının təbii qaz mənbə və marşrut müxtəlifliyi artırması baxımından çox əhəmiyyətlidir. Bu layihə Türkiyəni regionun enerji mərkəzi, Azərbaycanı isə Avropanın və Türkiyənin yeni və önəmli qaz təchizatçısına çevirdi. Bu baxımdan TANAP-ın dünya enerji bazarlarında xüsusi yeri var. Azərbaycan təbii qazını Türkiyə və Avropaya nəql edən 3 min 500 kilometrlik Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-la 2018-ci il iyunun 30-u başlayan ticari əməliyyatlar planlaşdırıldığı kimi davam edir, bu il iyunun 30-a kimi Türkiyəyə nəql olunan qazın həcmi 6 milyard kubmetrəyə çatacaq.

TANAP boru xətti sistemi bu günə qədər tam məhsuldarlıqla işləyir. Daşıma miqdarı və qiyməti əvvəlcədən müəyyənləşdirilən, 15 il müddətlik qaz tranzit müqavilələri çərçivəsində hər il sabit gəlirin zəmanət altına alınması səbəbindən dünyada yaşanan iqtisadi və sosial böhranlar ticari fəaliyyətlərdə hər hansı bir maneələrə səbəb olmayıb. Pandemiya dövrü də daxil olmaqla, həyata keçirdiyimiz planlaşdırma və gördüyümüz tədbirlərin ciddi şəkildə tətbiq olunması ilə iş davamlılığımız fasiləsiz şəkildə davam etməkdədir.

- “Petkim” pandemiya zamanı digər məhsullarla yanaşı, Türkiyədə maska və xüsusi tibbi geyim (tulum) hazırlanmasında istifadə olunan xam məhsullar da istehsal edir. İstehsal olunan bu xam məhsullar Azərbaycana da ixrac edildimi?

- Sizin də dediyiniz kimi, “Petkim” bu çətin zamanda səhiyyə sektorunun ehtiyacı olan xam məhsul istehsalı ilə önə çıxdı. COVID-19 pandemiyası ilə mübarizədə Türkiyənin ehtiyacı olan tibbi və qablaşdırmada istifadə olunan digər məhsulların hazırlanmasında lazımi xam məhsullar istehsal etməyə başlayan “Petkim” indiyə qədər Azərbaycandan bir tələb olmadığı üçün yalnız Türkiyənin daxili bazarının ehtiyacına görə istehsalı ara vermədən davam etdirir. Maska və tulum parçası istehsalında istifadə olunan “polipropilen nonwoven” üçün daxili tələbin hamısı demək olar ki, qarşılanıb. Bu məhsulların satış qiymətlərində də hər hansı bir artım olmayıb.

- “Star” NEZ Türkiyənin daxili bazarının maye yanacaq ehtiyacının böyük hissəsini təmin edir. NEZ-də hansı növ maye yanacaq istehsal olunur? Mövcud vəziyyət zavodun fəaliyyətinə necə təsir göstərdi? Gələcəkdə NEZ-də başqa hansı yanacaq növlərinin istehsalı planlaşdırılır?

- Türkiyədə real sektora, tək istiqam

ətə qoyulan ən böyük investisiya olan “Star” NEZ 2018-ci ilin oktyabr ayında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən açılış mərasimindən sonra fəaliyyətə başladı. 2019-cu ilin sentyabr ayından tam gücü ilə fəaliyyət göstərən NEZ-də bu günə kimi emal edilən xam neftin miqdarı 11,5 milyon tona çatıb. İllik 10 milyon ton xam neft emal gücü olan “Star”da 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, Türkiyənin cari kəsirində önəmli yer tutan aviasiya yanacağı, LPG kimi neft məhsulları da istehsal olunur. NEZ istifadəyə verilmədən əvvəl Türkiyədə istehlak olunan motorinin 60 faizi idxal olunurdu. “Star”ın illik 4,8 milyon tonluq istehsalı ilə birgə bu idxal həcmi 40 faiz azaldı.

COVID-19 pandemiyası səbəbindən bu ilin ilk 5 ayında istehlak bir qədər azaldı. Buna baxmayaraq, Türkiyə bazarında istehsal olunandan daha yüksək tələb olduğuna görə bazar ehtiyacının müəyyən hissəsini ödəmək üçün “Star” NEZ motorin istehsalına fasiləsiz davam edir.

Əsas mənfi təsir aviasiya və logistika sektorunda özünü göstərdi. Səyahət məhdudiyyətləri səbəbindən demək olar ki, bütün uçuşlar müvəqqəti dayandırıldı. Bu da təbii olaraq aviasiya yanacağına olan tələbatı sürətlə azaltdı. Modern texnologiyalarla təchiz olunmuş və əməliyyat müxtəlifliyinə malik “Star” NEZ bu xüsusiyyəti nəticəsində illik 1,6 milyon ton aviasiya yanacağı istehsal gücünün demək olar ki, hamısını motorin istehsalına çevirdi. Normallaşma istiqamətində atılan addımlar və turizm sektorunun bərpa olunması halında aviasiya yanacağı istehlakı da buna paralel olaraq arta bilər. Müsbət irəliləyişlər olduğu təqdirdə biz də istehsalını müvəqqəti olaraq dayandırdığımız aviasiya yanacağı istehsalına yenidən başlaya bilərik.

- “SOCAR Turkey”in BP şirkəti ilə birgə Türkiyədə ikinci neft-kimya müəssisəsi qurması layihəsi var idi. Bu layihə davam edirmi və reallaşdırılması nə zamana planlaşdırılır?

- Pandemiya bir çox sahələrdə olduğu kimi, investisiya planlarına da öz mənfi təsirini göstərdi. COVID-19-dan əvvəl İzmirin Əliağa bölgəsində BP ilə birgə həyata keçirməyi planlaşdırdığımız yeni neft-kimya kompleksinin qurulmasi ilə bağlı sərmayənin cari ilin ilk rübündə ərazi işlərinə başlanılacaqdı. Lakin, izolyasiya tədbirləri, səyahət məhdudiyyətləri, iş həyatında evdən idarə olunması və neft qiymətlərindəki azalma kimi müxtəlif səbəblərdən bu proses yavaşladı. İkinci neft-kimya kompleksi ilə bağlı son investisiya qərarının bu ilin axırında qəbul edilməsi planlaşdırılırdı, lakin bu qərarı 2021-ci ilin ilk rübünə kimi təxirə saldıq. İnvestisiya haqqında tam qərarın verilməsi ilə gələn ilin son rübündə layihənin icrasına başlaya bilərik.

Bildiyiniz kimi, “Petkim” Türkiyədə daxili bazar tələbatının yalnız 18-20 faizini təmin edə bilir. Yəni bu sahəyə sərmayə qoyulması ehtiyacı qarşıdakı illərdə də davam edəcək. Belə ki, neft-kimya kompleksinin qurulması ilə Türkiyənin saf tereftalik asit (PTA) idxalı tamamilə sıfırlanacaq, eyni zamanda, paraksilen (PX) məhsulların üzrə idxal edilən 800 min tonluq həcmi də Türkiyədə istehsal etmək mümkün olacaq.

- Pandemiya “Petkim” və “Star” NEZ-in fəaliyyətlərinə təsir etdimi?

- COVID-19 demək olar ki, bütün şirkətlərə öz mənfi təsirini göstərdi. Bu dövrdə bölgədəki NEZ-lərin böyük əksəriyyəti tam gücü ilə işləmə həcmini demək olar ki, 50-75 faizə qədər azaltdı. Əliağada bir-biri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərən “Star” NEZ və “Petkim” bu dövrdə əməliyyatlarını uğurlu şəkildə davam etdirir. Neft emalı və neft-kimya sektorunda həyata keçirdiyimiz rəqəmsal transformasiya və inteqrasiyanın nə qədər vacib olduğunu bütün dünyanın böyük mübarizə apardığı bu dövrdə bir daha gördük. Rəqəmsal transformasiyanı yekunlaşdıran şirkətlər istehsal, planlaşdırma, optimallaşdırma və satış kimi bütün əməliyyat proseslərinin bu dövrdə sağlam formada, güclü rəqəmsal infrastrukturlarla həyata keçirmənin nə qədər faydalı və uğurlu olduğunu bir daha gördülər. Pandemiya səbəbindən beynəlxalq ticarətdə yaşanan ləngimələrin təsiri ilə bir çox şirkətin xam məhsul tapa bilmədiyi vaxtda, bir-birinə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərən “Star” NEZ və “Petkim” belə bir çətinliklə üzləşmədi. “Petkim” artıq idxaldan asılı olmadan xam məhsulu olan nafta ehtiyacının tamamını “Star” NEZ-dən təmin etməklə bazarın güvənli tədarükçüsü olduğunu bir daha sübut etdi.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul