12 noyabr 2019 16:12
926

“Murmanski Vestnik” qəzeti soydaşlarımızdan yazıb

Murmanskın “Murmanski Vestnik” vilayət qəzetində dərc edilmiş “Tarixsiz həyat yoxdur. Qütb paytaxtında ilk dəfə “Etnomurman” gənclər forumu keçirilib” sərlövhəli məqalədə Rusiya Federasiyasının bu bölgəsində yaşayan soydaşlarımızdan bəhs edilir.

“Azərbaycan” Mədəniyyət mərkəzi” Murmansk vilayət ictimai təşkilatının mətbuat katibi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, məqalənin müəllifi İlya Vladimirov gənclər forumu çərçivəsində Kola Qütb Dairəsinin şəhər və kəndlərindən milli diasporların, muxtariyyətlərin, ictimai təşkilatların liderlərinin bir meydançada toplaşdığını qeyd edib.

Məqalədə qeyd edilir: “Murmansk Arktik Dövlət Universitetinin forumun acılısının keçirildiyi akt zalı mədəniyyətlərin bu cür parlaq kaleydoskopunu görməyib və yəqin ki, heç bir vaxt görməyəcək. Adama elə gəlir ki, sərgidə təqdim edilən kiçik kolleksiyaların hər bir əşyası haqqında saatlarla danışmaq olar. Hətta ilk baxışda heç nə ilə fərqlənməyən və naxışları olmayan gil qablar haqqında belə.

Yaxınlıqda yetərincə təvazökar hazırlanmış saam stendi var. O, tarixi məlumatlardan daha çox, müasir dövrdən bəhs edir. Onun qonşuluğunda isə emosiya və rənglərin parlaq vəhdəti – Azərbaycan milli geyimlərində olan uşaqlar var”.

Sonra gündəlik hökumət qəzetində “Azərbaycan” Mədəniyyət mərkəzi” Murmansk vilayət ictimai təşkilatının sədr müavini Hüseynəli Hüseynovun szləri sitat gətirilir: “Harada yaşamağımızdan asılı olmayaraq, biz adət-ənənəlimizi, dil və maddi mədəniyyətimizi qoruyub saxlamalı və onların nəsildən nəslə ötürməliyik. Çünki bundan, tarixindən məhrum olan xalqın bu torpaq üzərində yaşamağa haqqı yoxdur”.

Sonra “Murmanski Vestnik” qəzetinin xüsusi müxbiri öz məqaləsində forumun proqramının iki gün üçün nəzərdə tutulduğunu yazıb. Proqrama “Etnik stereotiplər mədəniyyət fenomeni kimi”, “Gənclər siyasəti: özünü reallaşdırmaq imkanları” kimi elmi məruzələr, treninqlər, seminarlar, diskussiyalar daxil edilib. Bölmələrdən birində moderator qismində Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının dövlətin milli siyasətinin informasiya dəstəyi Komissiyasının məsul katibi Andrey Xudoleyev də çıxış edib. Məqalədə onun sözləri sitat gətirilir: ”Çox arzu edərdik ki, bizim ölkəmizdə hansı millətə mənsub olduğunu deyə bilməyən insanların sayı daha az olsun. Milli mənsubiyyətini itirən insan öz əcdadlarının yüz illər boyu topladığı hər şeydən məhrum olur. Mənə elə gəlir ki, bizim bu tədbirdə vəzifəmiz nəyisə öyrətmək deyil, təkan verməkdir. Gəncləri biliklər öyrənməyə sövq etmək, onları milli mövzunun hər bir insan və bütövlükdə dövlət üçün vacib olduğu üzərində düşünməyə vadar etmək lazımdır”.

Məqaləyə dörd fotoşəkil əlavə edilib, onlardan birində bizim soydaşlarımız əks olunub.