20 noyabr 2019 19:44
784

Müsavatın “mühacir biznesi” çökür Partiyada təcili toplantı keçirilib

Uzun zamandır adı “mühacir biznesində” hallanan Müsavat partiyası təcili olaraq toplantı keçirərək “gün üzünə çıxan” məsələləri müzakirə edib. Qərara alınıb ki, Müsavata qarşı irəli sürülən ittihamların araşdırılması üçün komissiya yaradılsın. Məlum olduğu kimi, partiyanın xeyli sayda tanınmış simaları rəhbərliyi “mühacir alveri”nə şərait yaratmaqda ittiham edir, bununla bağlı mətbuatda mütəmadi çıxışlar edirlər. Hansı ki, onların arasında partiyanın Divan üzvü Alya Yaqublu, başqanlığa namizəd olmuş Yadigar Sadıqlı da var.

Partiya dəhlizlərində dolaşan xəbərə əsasən yaradılan araşdırma komissiyası bu şəxslərin cəzalandırılması, Müsavatdan xaric edilməsi məsələsinə baxacaq. Rəhbərliyi tənqid edən hər bir şəxs Müsavat partiyasına qarşı böhtan kampaniyası aparmaqda və mövqelərinə zərbə vurmaqda ittiham olunacaq.

Məsələ ilə bağlı açıqlama verən Yadigar Sadıqlı bildirib ki, partiya Nizamnaməsinə məsuliyyəti yaradacaq heç bir addım atmayıb: “Mən partiya rəhbərliyini qeyri-şəffaf fəaliyyət göstərməkdə qınayıram və ictimaiyyət də şahiddir ki, qarşı tərəf bunu inkar edəcək heç bir fakt qoymur. Məni Müsavatın Divanın üzvlüyündən xaric etsələr buna təəccüblənməyəcəm. Amma bu qərar partiya rəhbərliyi ətrafında gəzən söz-söhbəti səngitməyəcək, çünki ortada faktlar var”.

Bəli, ortada həqiqətəndə faktlar var və bu Almaniya məhkəməsinin çıxardığı son qərarda da öz əksini tapır. Yəqin Y. Sadıqlıda elə bunları nəzərdə tutur.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Almaniyada mühacir alverində ittiham olunaraq saxlanılan Müsavat partiyasının üzvləri ilə bağlı Koblenz məhkəməsinin qərarı açıqlanıb. Qərarda bildirilir ki, maddi sübutların aşkar edilməsi üçün şübhəli şəxslərin evlərinə, nəqliyyat vasitələrinə, eləcə də onlara aid digər əşyalara baxış keçirilib. Baxış zamanı elektron və kağız daşıyıcılarda üçüncü şəxslərin qanunsuz ölkə ərazisinə daxil olması, təqsirləndirilənlərin əmlak, maliyyə və gəlirləri barədə elektron və yazılı məlumatlar, mobil telefonlar, kompüter, elektron tabletlər, qanunsuz olaraq ölkəyə gətirilən şəxslər barədə məlumatların yerləşdiyi yaddaş kartları, yerli və xarici bank hesabları, 1000 avro nəğd pul, üçüncü şəxslərə məxsus pasport, xidməti möhür, sui-istifadə olunmuş qaçqınlıq statusu ilə bağlı müraciət üçün ərizə nüsxələri və digər bu növ sənədlər maddi sübut kimi götürülüb. Araşdırmalar nəticəsində məlum olub ki, Müsavat partiyasının üzvü Mehdi Xəlilbəyli 2015-ci ildən etibarən gəlir əldə etmək məqsədilə Azərbaycan vətəndaşlarına icazəsiz, pasportsuz, pasport əlavəsiz yaşamaq hüququ olmadan Almaniyaya gəlməyə köməklik edib. Koblenz məhkəməsinin araşdırmaları nəticəsində o da məlum olub ki, M. Xəlilbəyli 2015-ci ildən etibarən hissə-hissə olmaqla təxminən 300 min avro qazanc əldə edib.

Təbii ki, bunlar məhkəmə qərarının çox qısa təsviridir, geniş təsvirini isə Müsavat rəhbərliyi daha yaxşı bilir. Təkcə bu fakta əsaslanaraq demək olar ki, Müsavat partiyasının rəhbərliyi Almaniya məhkəməsinin qərarını və bu qərara istinadları araşdırmaqdansa, özlərinə “əl gəzdirsələr” daha yaxşı olar.

Taleh Bağırov, “İki sahil”