16 oktyabr 2019 11:07
692

Müstəqil dövlətin müstəqil övladları - FOTO

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azərbaycanın müstəqilliyinə həsr olunmuş “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Rayon Ağsaqqalar Şurasının sədri Ağarza Bayramov iştirak ediblər.

Tədbir ilk olaraq məktəb şagirdlərinin əl işlərindən ibarət sərginin açılışı ilə başlayıb. Sərgidə məktəbin şagirdlərinin çəkdikləri rəsimlər nümayiş etdirilib.

Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Gülnurə Babaşova bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb: “Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.  Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.”

Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Ağakərim Ömərov və Şamaxı Rayon Ağsaqqalar Şurasının sədri Ağarza Bayramov Azərbaycanın ikinci dəfə əldə etdiyi suverenliyin məhz ulu öndər Heydər Əliyevin qətiyyətli uzaqgörən siyasəti nəticəsində dönməz xarakter aldığını diqqətə çatdırıblar. Natiqlər vurğulayıblar ki, 1995-ci ildən başlayaraq ölkədə iqtisadi inkişaf tədbirlərinin əsası qoyulub, bütün sahələrdə ardıcıl olaraq həyata keçirilən islahatlar, əhalinin maddi rifah halının yaxşılaşması, vətəndaşların təhlükəsizliyinə dövlət təminatı xalqın inamını bərpa edib. Bu gün ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev həyata keçirdiyi daxili və xarici siyasətlə Azərbaycanı daha da qüdrətli ölkəyə çevirdi. İndi regionun aparıcı dövləti kimi Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Çıxışlardan sonra şagirdlərin hazırladıqları bədii kompozisiyalar tədbir iştirakçılarına təqdim edilib.

Orxan Vahidoğlu, “İki sahil”