KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Müxalifətdə dalaşanlar hakimiyyətdə…

04 aprel 2019 14:12
1711

Bir ölkədə sağlam və konstruktiv müxalifətin olması vacibdir, faydalıdır. Belə olanda hakimiyyət də özünü daim formada saxlamağa məcbur olur. Əks təqdirdə müxalifət onu üstələr, hakimiyyət əldən gedər.

Azərbaycanda da sağlam, güclü, konstruktiv müxalifətin olmasında maraqlıyıq. Özəlliklə də tənqidçi jurnalist olaraq şəxsən özüm belə müxalifətin olmasında çox maraqlıyam. Çünki tənqidlərimə görə, hansısa məmurun basqısına məruz qalarsam, sığınacağım bir ictimai kəsimin olması işimə yarardı.

Lakin hadisələrin gedişi, hər gün müşahidə etdiklərimiz onu göstərir ki, Azərbaycanda əsas müxalif güc olduğunu iddia edənlərin böyük çoxluğu həm sağlamlıqdan, həm də konstruktivlikdən çox uzaqdır. Bununla bərabər onlar həm də nə istədiklərini özləri üçün tam müəyyən edə bilmirlər…

İki gündür sosial mediada “Yeni Müsavat”ın yaydığı bir video dolaşır. Azərbaycan Xalq Hərəkatı adı altında bu yaxınlarda fəaliyyətə başlamış bir qurumun toplantısındandır. Baxmışam. Dəhşət içindəyəm. Sadəcə o görüntüləri seyr etmək yetər ki, özünü 90-cı illərin anarxiyası içində hiss edəsən.

Təsəvvür etməsi belə mümkünsüz olan bir görüntüdür. İllərin siyasətçisi, həyat təcrübəsini gənclərə ötürməli olan, şəxsən özümün də həmişə sayğılı yanaşdığım İsgəndər Həmidov oğlu yaşında bir gənclə dilləşir, az qala ona əl qaldırır. Digər tərəfdə bir zamanlar Şuşaya görə başına güllə çaxmağa hazır olduğunu hayqıran keçmiş müdafiə naziri Rəhim Qazıyev çığırır. O tərəfdə də söz deyib ortalığı qarışdıran başqaları gözə dəyir. Böyük-kiçik, xətir-hörmət ayaqlar altında. Bir az da getsə, bunlar bir-birilərinə nəinki şapalaq, silah da çəkərlər. Və bu adamların tamamı Azərbaycan hakimiyyətinə müxalifdirlər!

O hakimiyyətə ki, böyüyünün də, kiçiyinin də yeri dəqiq bilinir. Toplantılarında, görüşlərində biri danışanda digərləri səbrlə, ədəblə dinləyir. Heç kim heç kimə qəzəb püskürmür, şapalaq atmağa qalxışmır. İndi belə bir monolit və nizamlı hakimiyyətə qarşı bu qədər pərakəndə və dözümsüz adamlar necə müxaliflik edə bilirlər? Ümumiyyətlə, bu davranış sahibləri hakimiyyətdə olsa ölkənin düşəcəyi durumu təsəvvür etmək belə insanı qorxudur.

Hələ bu görüntüləri izlərkən bir də Müsavat-AXCP dartışması məşğul etdi gündəmi. Ana müxalifət adına iddialı bu iki partiyanın hərəsi bir günə mitinq elan edib. Müxalifdirlər, müxalifətin birliyi haqqında bəyanatlar verirlər. Lakin ən adi etiraz aksiyasını belə birlikdə keçirə bilmirlər. Düzdür, o mitinq istəkləri ciddi zaman fərqilə olsaydı, başqa məsələ. Lakin bunlar cəmi bir gün fərqlə mitinq elan edirlər. Özü də o halda ki, bunların belə pərakəndəliyi illərdir öz tərəfdarlarının qınağına tuş gəlir.

O tərəfdə isə həbsdən çıxdıqdan sonra dəbdən düşmüş İlqar Məmmədov nəsə “Turan” agentliyi ilə yola getmir. Bu zat “Turan”ın təcrübəli jurnalistinə necə sual verməyi öyrətməyə çalışır. Çaşıb qalmışam. Adam demokratik dəyərlərə sadiqlikdən dəm vurur, amma hansısa müstəqil bir agentliyin müstəqil jurnalistinin sualı necə verməsinə irad tutur. Özü də Avropa Şurasından Azərbaycan jurnalistlərinə seminar keçmək çağırışı etməsinin fonunda bunu ictimailəşdirir. Məncə, Avropa Şurası bunun kimilərinin özlərinə seminar keçməlidir ki, jurnalistin necə sual verməsinə qarışmamağı öyrənsinlər…

Müxalifət cəbhəsinin bu durumu heç ürəkaçan deyil, heç. İndi təsəvvür edək ki, bu yanaşma və davranış sahibləri hakimiyyətin hamısını olmasa da az bir kəsimini əldə etmiş olsun. Nələr baş verməzdi? Ölkə rəsmən anarxiyaya sürüklənərdi. Bunlar bir-birini döyər, cəmiyyətdə vətəndaş qarşıdurmasına səbəb olardı. Yaxud da jurnalistləri tutub bir-bir necə sual verməyi öyrədərdilər. Müxalifətdə olub mitinq məsələsində ortaq məxrəcə gələ bilməyənlər hakimiyyətdə olub ölkəni birləşdirə bilərmi? Bilməz əlbəttə. Belə adamlar ölkəni parçalar.

Bir də sual edən olar ki, çoxmu yanıram bu müxaliflərin halına? Yanmıram. Sadəcə halına yandığım bu adamların siyasi dəllallığına aldanıb özünü oda-közə vuranlardır. Özəlliklə də gənclər. Ona görə mövzuya müraciət etdim…