23 may 2020 12:25
147

Müxalifət seçkilərə yeni liderlə gedəcək

Yeni Zelandiyada müxalifətdə olan Milli Partiya sentyabrın 19-na planlaşdırılan seçkilərə yeni liderlə gedəcək.

AZƏRTAC “New Zealand Herald” qəzetinə istinadla xəbər verir ki, partiyanı bu seçkilərə qismən az tanınmış Todd Müller aparacaq.

Əsasən kivi istehsalı ilə məşğul olan T.Müller parlamentin sağ mərkəzçilər fraksiyasının mayın 22-də keçirilən fövqəladə iclasında səsvermə zamanı partiyanın sabiq sədri Saymon Bricesi əvəz edib.

Milli Partiyanın sədrinin seçkiləri hazırkı Baş nazir Casinda Ardernin nüfuzunun artması və onun əsas rəqiblərinin reytinqinin düşməsi fonunda baş verib.

Yeni seçilən sədr bəyan edib ki, sentyabr seçkilərindən sonra o, Baş nazir vəzifəsini tutmağa çalışacaq. Onun sözlərinə görə, koronavirus pandemiyasından sonra irəli addımlamağa çalışan ölkəni yalnız Milli Partiya xilas edə bilər.

Əlavə olaraq bildirək ki, Yeni Zelandiya müxalifətinin 51 yaşlı lideri ölkədə az tanınıb və heç vaxt yüksək siyasi vəzifə tutmayıb. Parlamentə üzv seçilənədək əsasən kivi meyvəsinin yetişdirilməsi ilə məşğul olan aqrar-sənaye müəssisəsində çalışıb.