18 mart 2020 13:19
2153

Muzeyə yeni arxeoloji eksponat hədiyyə olunub

2020-ci ildə 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlan Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına bu yaxın günlərdə daha bir eksponat daxil olub. Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu müəssisənin arxeologiya fonduna hədiyyə edilmiş həmin eksponat keçi təsvirli küpdür. Küp 2009-cu ildə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi altında Ovçulartəpəsi abidəsində aparılan beynəlxalq arxeoloji qazıntılar zamanı tapılıb. Keçinin buynuzları qoşa maili, gövdəsi və ayaqları düz xətlərlə göstərilib.

Saxlanma vəziyyətinə görə bu nadir maddi mədəniyyət nümunəsi tam deyil, bərpa olunub. Mütəxəssislər tərəfindən e.ə. V minilliyə aid edilən bu küp Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli mənbədir.