22 avqust 2019 16:26
1916

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası üçün müasir xidmət şəraiti yaradılıb

Azərbaycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə malikdir. Bu dövrdə Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda ilk milli sərhəd qurumları yaradılıb.

Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci ilin sentyabr ayının 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul edib. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulub. Həmin vaxt Naxçıvandakı sərhəd dəstəsinin əmlakının, silah və sursatının tamamilə Azərbaycan sərhədçilərinə təhvil verilməsi işi də ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olunub. 1992-ci il avqustun 22-də Naxçıvandakı 41-ci sərhəd dəstəsi Azərbaycanın tabeliyinə keçmiş və sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci Sərhəd Dəstəsi ləğv olunub, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verilib, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilib. Ümummilli lider Heydər Əliyev bu barədə deyib: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər boyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın burada yerləşən 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının birinci dəstəsi yaradıldı... Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, həmçinin gələcək nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir”.

Ölkəmizdə Sərhəd Qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdirib. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. “Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əlamətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyil”, – deyən dövlət başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayıb, normativ-hüquqi baza təkmilləşdirilib, maddi-texniki təminat və döyüş hazırlığı artırılıb. Ali Baş Komandan İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli Fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında Sərhəd Diviziyası, 2015-ci il 17 avqust tarixli Fərmanı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Naxçıvanda sərhədlərimizin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyub.

Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün də muxtar respublikamızda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçilər qarşısında mühüm vəzifələr qoyaraq deyib: “Müasir Azərbaycan sərhədçisi universal funksiyaların icraçısıdır. O, sərhədlərin mühafizəsi ilə yanaşı, beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizə aparmalı, fədakarlıq göstərməlidir”.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Göstərilən diqqət və qayğı nəticəsində qərargah binası, xəstəxana, müasir tələblərə cavab verən uşaq bağçası tikilib, mərkəzləşmiş istilik sistemi yaradılıb. Həmçinin sərhədçi ailələri üçün istirahət parkı salınıb, hamam-camaşırxana kompleksi yenidən qurulub, çörək sexi istifadəyə verilib. Bundan başqa, Şərur və Culfa sərhəd komendantlıqları, müasir tələblərə uyğun 10 sərhəd zastavası, zabit-gizir ailələri üçün yaşayış binaları, Qaraçuq sərhəd dəstəsi tikilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının ərazisində abadlıq işləri də görülüb, avtomobil parkında təmir emalatxanaları, bütün anbarlar, avtomobillərin saxlanılması üçün yeni saxlanclar, qarovul və qazanxana binaları inşa edilib. Bununla yanaşı, şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır.