21 may 2019 14:59
1626

Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb

Qədim inancları, möcüzəvi sirləri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət etmək istəyən çoxsaylı turistlərin, zəvvarların, qonaqların, eləcə də muxtar respublika sakinlərinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbrə verir ki, marşrut hər gün 2 reys olmaqla, saat 8:30 və 14:00-da Naxçıvan şəhərindəki avtovağzaldan Əshabi-Kəhfə, saat 12:00 və 17:00-da isə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən əks istiqamətə yola düşəcək. Sərnişin sıxlığı nəzərə alınaraq həftənin şənbə və bazar günləri dörd reys həyata keçiriləcək.

Muxtar respublikaya gələn qonaqların bu marşrutdan səmərəli istifadə etmələri üçün “Təbriz” və “Grand” otellərinin, eləcə də “Cahan” Ticarət Mərkəzinin qarşısında avtobusların dayanacaq yerləri müəyyən olunub.