12 avqust 2019 22:41
139

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri muxtar respublikada baş konsul kimi fəaliyyətə başlaması və Qurban bayramı münasibətilə Seyid Əhməd Hüseynini təbrik edib, dost və qonşu ölkələr olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin nümunə gücündə olduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında da əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri ikitərəfli münasibətlərin qarşılıqlı hörmət və ehtirama əsaslandığını vurğulayıb.

Ali Məclisin Sədri təcrübəli diplomatın muxtar respublikaya baş konsul təyin olunmasını İran İslam Respublikasının Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına verdiyi əhəmiyyətin daha bir ifadəsi kimi dəyərləndirib, Seyid Əhməd Hüseyniyə fəaliyyətində uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən Seyid Əhməd Hüseyni Qurban bayramı münasibətilə təbriklərini çatdırıb, müqəddəs gündə Naxçıvanda diplomatik fəaliyyətə başlamağından məmnunluğunu ifadə edib. İran İslam Respublikasının Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdıran baş konsul mövcud əməkdaşlığın daha da genişləndirilməsində səylərin artırılacağını bildirib və etimadnaməsini Ali Məclisin Sədrinə təqdim edib.