27 iyun 2019 17:51
287

Naxçıvanda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün hərbi hissələrdə və təlim mərkəzlərində ümumqoşun, ixtisas və fiziki hazırlıq üzrə dərs və məşğələlər keçirilib.

İxtisas hazırlığı kurslarını uğurla bitirmiş gənc əsgərlərin növbəti xidmət yerlərinə yola salınması münasibəti ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə zabit, əsgər və valideynlər gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibəti ilə təbrik ediblər.

Çıxışlardan sonra Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Elman Orucov bildirib ki, gənclərin təntənəli şəkildə hərbi xidmətə yola salınması və hərbi hissələrə qəbulunun yüksək səviyyədə keçirilməsi əsgər adına verilən qiymətin göstəricisidir. O vurğulayıb ki, iyun ayının 7-dən 11-dək Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq - 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində şəxsi heyətin məşğələlərdə qazandıqları bilik və bacarıqları böyük vətənpərvərlik hissləri ilə nümayiş etdirməsi hərbçilərimizin yüksək peşəkarlığından xəbər verir. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz nümunəvi xidmətləri ilə komandirlərinə və valideynlərinə hər zaman başucalığı gətirəcəklər.

Tədbirdə əsgərlər müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Bölmələrin tribuna önündən təntənəli keçidindən sonra “Əsgər marşı” ifa edilib.