21 avqust 2019 15:13
666

Naxçıvanda Prezident təqaüdünün ödənilməsinə başlanılıb

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanına əsasən müvafiq kateqoriyadan olan şəxslərə, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə təsis edilən 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün muxtar respublikada ödənilməsinə başlanılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aprel ayının ilk günündən hesablanmaqla ödənilən Prezident təqaüdü bu günədək muxtar respublikada sağlamlıq imkanları məhdud 1642 nəfər şəxsə qulluq göstərən vətəndaşları əhatə edib.