12 iyul 2019 12:49
167

Naxçıvanlı çağırışçı gənclər hərbi xidmətə yola salınıb

Bu gün Azərbaycanın güclü ordusu var. Ordumuzun hərtərəfli təminatı imkan verir ki, əsgərlərimiz öz xidməti vəzifələrini layiqincə yerinə yetirsinlər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində səsləndirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Davud Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək hərbi xidmətə yola salınanları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Valideyn Vüqar Bağırzadə çağırışçı gənclərə xoş arzularını çatdırıb.

Çağırışçılar adından çıxış edən Vüsal Əsgərov Vətənə layiqincə xidmət edəcəklərini bildirib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək hər bir çağırışçı üçün ən müqəddəs borcdur. Xalq-ordu birliyi imkan verir ki, bu gün hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənimizə ləyaqətlə xidmət edərək müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə öz töhfələrini versinlər.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxışında bildirib ki, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə birgə döyüş atışlı təliminin keçirilməsi Milli Ordumuzun istənilən döyüş tapşırığının yerinə yetirilməsinə hazır olduğunu bir daha sübut etdi. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər məhz belə güclü ordunun cəsur və layiqli əsgərləri olacaqlar.

Həmin gün Babək rayonunda da gənclər hərbi xidmətə yola salınıblar.