17 oktyabr 2019 12:57
578

Naxçıvanlı melioratorlar payız suvarma mövsümünə hazırdır

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tabe təşkilatları tərəfindən payız-qış mövsümünə hazırlıq, torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün 2019-cu ilin sentyabr ayında da işlər davam etdirilib, sudan səmərəli istifadəyə nəzarət artırılıb.

Muxtar respublikanın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 10 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində 8 min 196 hektar torpaq sahəsi suvarılıb. Bu dövrdə 7 kilometr beton və torpaq kanal, 21 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənib, 630 metr yeni içməli su xətti, 700 metr yeni suvarma xətti çəkilib. Şahbuz rayonunun Türkeş kəndi ərazisindəki 300 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsində, Şərur və Ordubad rayonlarındakı sutəmizləyici qurğularda tikinti işləri davam etdirilib.