05 iyun 2020 11:28
1953

Nəcib təşəbbüs

Bu gün  dünyada  gedən qlobal  proseslər  respublikamız üçün  yüksək ixtisaslı kadrların, eləcə də  dünya əmək bazarında layiqli yer tutan mütəxəssislərin hazırlanmasına tələbatı artırır.Təhsil sahəsinin inkişafına,  ölkəmiz üçün savadlı kadrların və layiqli vətəndaşların yetişdirilməsinə  bölgələrimizdə də  xeyriyyəçi  iş adamları öz  köməkliklərini  əsirgəmirlər.  Masallıda uzun müddət xeyriyyəçiliklə məşğul olan Yeni Azərbaycan  Partiyasının üzvü, millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaranan Təhsil  Fondu da  bu  xoş mərama xidmət edir. 

Təhsil Fondunun yaradılmasında əsas məqsəd,  ali  məktəblərin   müəllimlik ixtisasına qəbul imtahanlarında 300 baldan yuxarı nəticə ilə qəbul olunmuş qızların təhsillərini davam etdirmələri üçün böyük maddi və mənəvi dəstək göstərməkdir. 

Masallıda digər  iş adamlarının, imkanlı şəxslərin   bu  xeyirxah  təşəbbüsə  qoşulması rayonun aztəminatlı  ailələri tərəfindən  çox yüksək qiymətləndirilir.

Təhsil Fonduna uzun illər təhsil sahəsində çalışmış təcrübəli  pedaqoq Hüseyn Hüseynov rəhbərlik edir.  Onun fikrincə,  orta təhsil alan qızların təhsillərini davam etdirməsi mühüm məsələ kimi  daim diqqətdə saxlanılmalıdır.

   Hazırda  əməli tədbirləri  həyata  keçirən  Təhsil Fondu 70 saylı seçki dairəsinə daxil olan Masallı şəhər, Musaküçə, Yeddioymaq, Şərəfə, Səmidxan, Qarğalıq, Həsənli, Xırmandalı, Banbaşı, Çaxırlı ərazi dairələrindən bu il orta ümumtəhsil məktəblərini bitirmiş  267 qıza   “Azərbaycan dili”, “İngilis dili”,  “Riyaziyyat”, “Abituriyent-1” jurnalı və imtahana hazırlaşmaq üçün cavab kartlarının paylanmasını yekunlaşdırıb.  Kitabçalar fondun təşkil etdiyi iki  qrup tərəfindən şagirdlərin hər birinə öz evində təqdim edilib. Təqdimat zamanı   məzunlarla qısa söhbətlərdə  izah edilib ki, əgər  ölkənin dövlət hesabına maliyyələşən universitetlərinin müəllimlik ixtisası verən fakültələrinə 300-dən artıq balla daxil olsalar, onlara Masallı Təhsil Fondu tərəfindən təqaüd veriləcək. Yaxud ödənişli ali məktəblərə qəbul olunarlarsa, onların  təhsil xərcələri qarşılanacaq. Fond tərəfdən təhsil və təqaüd xərclərinin bank hesabı vasitəsilə ödəniləcəyi  nəzərdə tutulub. Bildirilib  ki, smestr imtahanlarında 51 baldan aşağı nəticə göstərən tələbələrə ödənişlər dayandırılacaq.

Məlum  olub ki,  ali təsil almaq istəyən qızların sayı  çoxdur. Qrupun üzvləri  tərəfindən təkcə Yeddioymaq ərazisində 5 qızın Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix müəllimi olmaq istəyi müəyyən  edilib. Onu da qeyd etmək lazımdır ki, yeni yaradılmış  fondun üzvləri  yuxarı siniflərdə təhsil alan şagirdlərlə bağlı bəzi neqativ hallarla da üzləşiblər.  Belə ki,  təkcə bir məktəbdə orta  təhsilini  bu il  başa  vuracaq 17 qızdan 8  nəfərinin ailə həyatı qurmaq üçün nişanlı olduğu məlum olub. Fond üzvlərinin evbəev gəzməsi,  ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarına daxil olan qızlara maddi və mənəvi dəstək  göstərməsi təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.  Hazırda  seçilmiş  məzunlarla əlavə görüşlər keçirilir, sənədləşmə  işləri aparılır.

Biz də öz növbəmizdə  bu şərəfli və  xeyirxah işlərində  Masallı Təhsil Fonduna  böyük uğurlar diləyirik.  

Nurəddin Muğanlı,

“İki sahil”