07 noyabr 2019 17:16
1768

Neft Daşlarının 70 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Noyabrın 7-də Neft Daşlarında ilk neftin çıxarılmasınn 70-ci ildönümü günündə SOCAR rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.Şirkət nümayəndələri müstəqil Azərbaycan dövlətçilyinin memarı, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun abidəsi qarşısına əklillər qoymuş, tər çiçəklər düzmüşlər.

Həmin gün əlamətdar yubiley münasibəti ilə SOCAR-ın Baş ofisində təntənəli mərasim keçirilmişdir. Əvvəlcə Neft Daşlarına həsr olunmuş film nümayiş etdirilmişdir. Filmdə Neft Daşlarının yaranması, Azərbaycan neftçilərinin ilk neftin çıxarılması üçün göstərdikləri şücaət və qəhrəmanlıq, ötən 70 ildə burada əldə edilmiş nailiyyətlər əks olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Neft Daşlarının 70 illiyi münasibətiilə Azərbaycan neftçilərinə təbrikini oxumuşdur.

Yubiley mərasimində geniş məruzə ilə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft Daşlarının fəth edildiyi dövrdə dəniz neftçilərinin ilk nəslinin göstərdiyi qəhrəmanlıq və fədakarlığın sonrakı nəsillər üçün örnək olduğunu vurğulayaraq demişdir: “ 1949-cu ildə hələ dənizdə neft kəşfiyyatı və hasilatı sahəsində heç bir təcrübə yox idi, müasir texnologiyalar, norma və standartlar işlənilməmişdi. Geoloji strukturunun çoxlaylı olmasına, zəngin ehtiyatlarına görə unikal bir yataq olan Neft Daşlarında kəşfiyyat və istismar məqsədlərinə çatmaq üçün yeni və tamamilə fərqli yanaşmaya ehtiyac vardı. Azərbaycan neftçiləri bütün bu problemlərin öhdəsindən layiqincə gələ bildilər. Neft Daşlarında qazanılan zəngin təcrübə sonrakı dövrdə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə güclü təkan verdi, az müddətdə yeni yataqların kəşf olunmasına və istismara daxil edilməsinə yol açdı. Xəzərin qəhrəman fatehlərinin və onların ardıcılları olan dəniz neftçilərinin hünəri nəsillərə nümunədir”.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Neft Daşlarının istismara başlanılmasının 70 illiyi münasibəti ilə neftçiləri təbrik etdi və bildirdi ki, bu hadisə Xəzər Dəniz Gəmiçiliyi üçün də əlamətdardır. Neft Daşlarının kəşfi ilə neftçilərlə gəmiçilər arasında yaranmış işgüzar əlaqələr bu gün də yüksək səviyyədədir. Rauf Vəliyev Azərbaycanın neft donanmasının da bu gün özünün 70-ci ildönümünü qeyd etdiyini bildirmiş, Azərbaycan dənizçilərinin də böyük neftçi ailəsinin ayrılmaz hissəsi olduğunu vurğulamışdır.

Daha sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə söz alaraq uzun illər çalışdığı Neft Daşlarının şanlı inkişaf tarixindən danışmış və demişdir: “Məndən əvvəl çıxış edənləri dinləyərkən gözlərim önündə Xəzərdə keçən aylarım, illərim canlanır, “Əsrin müqaviləsi”nin işlənib hazırlanmasının və imzalanmasının iştirakçılarından biri kimi düşünürəm ki, indiyədək dənizdə gördüyümüz işlərin, əldə etdiyimiz nailiyyətlərin təməli Azərbaycan neftçilərinin dənizdə məskən saldıqları və məşhur Neft Daşlarının dünyaya səs saldığı vaxtdan qoyulmuşdur”.

Tədbirdə gənc neftçilər adından “Neft Daşları” NQÇİ-nin İstilik elektrik stansiyasının baş mühəndisi Cavid Qocayev çıxış edərək ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən qayğıdan və həyata keçirilən islahat kursundan söhbət açmış, SOCAR-da çalışan gənclərin yeni çağırışlara cavab verdiklərini bildirmişdir.

Sonra “Neft Daşları” NQÇİ-nin Baş geoloqu Əhəd Abduyev Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini oxumuşdur.

Tədbirin sonunda “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə fəxri adlara layiq görülən neftçilərə mükafatlar təqdim edilmişdir.

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əvsanəvi geoloq Ağaqurban Əliyev kəşf etmiş və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin gerçəkləşdirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.

İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma va yaşayış üçün şərait yaradılmışdır ki, Neft Daşlarının bir müddət xalq arasında “Yeddi gəmi adası” kimi məşhurlaşması da bununla əlaqədardır. 1951-ci ildə Neft Daşlarında hasil edilmiş ilk məhsul tankerlə sahilə göndərilmişdir. İstismar dövründə “Neft Daşları” Neft-qazçıxarma İdarəsi ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində dönüş nöqtəsi olmuş və ölkəmizin tarixində ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi dəniz mədənlərində çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə əlaqələndirən və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə hasil olunan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi məhz Neft Daşları üzərindən sahilə ötürülür.