13 avqust 2020 18:46
2227

Neft kapitalının insan kapitalına çevrilməsi bugünümüzün reallıqlarındandır

Dövlətimizin başçısı İlham Əliyev Balakən  regional «ASAN xidmət» mərkəzinin açılışında bir daha bildirmişdir ki,  inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir

 

Zaman dəyişir, dövr dəyişir. Qarşıya yeni-yeni vəzifələr qoyulur. Azərbaycanın bütün çağırışları lazımi səviyyədə dəyərləndirməsi sonrakı mərhələlərdə davamlı uğurlara yol açır. Pandemiya dövrü Azərbaycanın yeni texnologiyalar sahəsində qazandığı uğurların təqdimatında mühüm rol oynadı.  Ölkəmizin bu sahədə təcrübəsi beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilərək, digər ölkələrlə müqayisədə ön yerdə dayandığımız xüsusi qeyd edildi. Azərbaycanın təşəbbüsü ilə videoformat şəklində keçirilən beynəlxalq səviyyəli tədbirlər bunun təsdiqi kimi önə çəkildi.  

     2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu.  Dövlətimizin başçısı İlham Əliyev  bu çağırışı etdi ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Cənab İlham Əliyevin «Neft kapitalını insan kapitalına çevirək» tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atıldı. Ən əsası qarşıya qoyulan məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyi önə çəkildi və buna  uyğun olaraq  regional inkişaf proqramları qəbul olundu,  uğurla icra edildi.  Artıq 4-cü Dövlət Proqramının icrası həyata keçirildi.  İcrası başa çatan sənədlərdə  nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının, keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar açıb.

    Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. Hər zaman qeyd olunduğu kimi,  iqtisadiyyatın inkişafı  elmin və yeni texnologiyaların  inkişafı ilə zəncirvari bağlıdır. İKT son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr verir. Ölkə əhalisinin 85 faizdən çoxu  internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda  internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır.  İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir  ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin  Dünya İqtisadi Forumunun hesabatlarında  ölkəmiz bu sahədə də  liderliyini qoruyur.

   Ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının inkişafına diqqətin bariz nümunəsi dövlətimizin başçısı İlham Əliyevin  17 fevral 2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)”nın uğurlu icrası  nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsinin nəzərəçarpacaq dərəcədə artmasını,   2013-cü ilin ölkəmizdə  «İKT ili» elan edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini xüsusi qeyd etməliyik. «İKT ili»ndə  ölkəmizin ilk telekommunikasiya peyki orbitə buraxıldı. Ölkə Prezidenti  İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük nailiyyəti kimi dəyərləndirərək bildirmişdir: «Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.»  «Azərspace-1»  ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə, peyk texnologiyalarının geniş tətbiqinə, telekommunikasiya, internet, televiziya-radio yayımı xidmətlərinə olan tələbatın ödənilməsinə şərait yaradaraq, iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrdə inkişafa təkan verir. 2016-cı ildə  “Azərsky” müşahidə peyki və 2018-ci ildə  isə  “Azərspace- 2” peyki orbitə buraxıldı. «Bu peyklərin çox böyük əhəmiyyəti var» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər. Peyklərin kommersiya tərəfi də xüsusi qeyd olunmalıdır.  Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar öz növbəsində  qeyri-neft sektorunun inkişafını şərtləndirir. “Azərsky” müşahidə peyki vasitəsilə  nəinki ölkəmizin, dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələri daim  izləyə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsində  “Azərsky” peykinin xüsusi rolu vardır. Bu peykin fəaliyyəti nəticəsində  bu sahədə də xaricdən asılılıq tamamilə aradan qaldırılıb. Bir sözlə, Azərbaycan qısa müddətdə  dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilib. Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Ölkəmiz  İKT sahəsində təkcə region  deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq  hər il keçirilən "Bakutel" beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmiş,  ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də deyilənlərin təsdiqidir.

  Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi məsələsindən bəhs edərkən  bu mühüm  məqamı xüsusi qeyd edir ki, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında keçirilmişdir. Cəmi bir dəfə, o da Bakı şəhərində: «O vaxt ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdir ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin. Hesab edirəm ki, 2022-ci ildə - təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. O vaxt biz müstəqil deyildik, ancaq Sovet İttifaqında məhz Bakı Astronavtika Konqresinin məkanı kimi seçilmişdir. Bu gün isə biz müstəqilik və müstəqil Azərbaycan bu böyük tədbirə ev sahibliyi edəcəkdir.» Bu mühüm hadisəni  Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirən cənab İlham Əliyev ölkəmizin bu tədbirə  ev sahibliyinin böyük məsuliyyət və bununla bərabər böyük fürsət olduğunu  vurğulayır.

   Hər zaman qeyd olunduğu kimi, dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması  bir daha  bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. «XX əsr texnoloji mübarizə  əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» bildirən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki,  genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində  son illər ərzində  əldə edilmiş  təcrübə bizə imkan verir ki, Konqres ən yüksək səviyyədə  keçirilsin. Bundan sonra da  kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində  əlavə addımlar atılacaq. 

    Qeyd edək ki, Azərbaycanın qarşıdakı illərdə hədəflərini müəyyənləşdirən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmiş və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu,  potensialı önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev konsepsiyaya uyğun olaraq ölkədə  innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunmaq üçün İKT sektorunun inkişafının prioritetliyini mühüm vəzifə kimi qarşıya qoyub.  Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün  İKT sektorunun həcminin 4 dəfədən çox  genişləndirilməsi  nəzərdə tutulub.  Bu mühüm addımlar  onu deməyə əsas verir ki,  müstəqil Azərbaycan dövlətinin gələcək tarixi də İKT-nin davamlı inkişafı ilə əlamətdar olacaq və ölkəmiz bu sahədə daha möhtəşəm uğurlara imza atacaq.  Bugünümüzün əsas çağırışını-İKT sektorunun tərəqqisini sürətləndirmək üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi, onların dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin potensial imkanlarından səmərli istifadə olunması istiqamətində atılan addımların davamlılığı da göz önündədir.  Cənab İlham Əliyev daim bildirir ki,  ölkənin iqtisadi tərəqqisi kadr hazırlığı ilə uzlaşmalıdır. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin  Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri çərçivəsində Balakən regional «ASAN xidmət» mərkəzinin açılışı mərasimində  bu fikirləri xüsusi vurğulamışdır ki, gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər. Buna nail olmaq üçün ilk növbədə, bilikli, savadlı və vətənpərvər olmalısınız. Bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur.

   «Minlərlə gənc “ASAN xidmət”də çalışıb, təcrübə qazanıb» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  bu gün onların nümayəndələri, o cümlədən könüllülər  çox önəmli vəzifələrdə çalışırlar. Əslində, könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır.  Bu mühüm məqam da xüsusi vurğulanmışdır ki,  bizim inkişafımızı, gücümüzü, ölkəmizin qüdrətini insan kapitalı müəyyənləşdirir: «Təbii resurslar, sadəcə olaraq, bir vasitə kimi bizə kömək göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir. Əlbəttə, bu gün mən çox sevinirəm ki, bizim gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir.»

   Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi gəncləşmə siyasəti gənclərimizdə məsuliyyət hissini daha  da artırır, onların potensial imkanlarını ortaya qoymaq üçün daha səylə çalışmalarına stimul verir. Bu gün   həyata keçirilən struktur islahatlarının mahiyyətinə diqqət yetirdikdə də gənclərin potensial imkanlarından, onların müasir  yanaşmalarından, yeni texnologiyaları mənimsəmək və tətbiq etmək imkanlarından səmərəli istifadə emək  istəyi özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, gənclərin dinamizmi ilə təcrübənin  vəhdətinin  yaradılması əsasdır.

   Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə  koronavavirusla mübarizə sahəsində  görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə qaşıya qoyduğu vəzifələrin, aidiyyəti qurumlara, dövlət şirkətlərinə və müəssisələrə tapşırıqlarının uğurlu icrasında da yeni texnologiyaların yaratdığı imkanlardan maksimum istifadənin  rolu xüsusi önə çəkilir. Bu imkanlardan istifadə etməklə  şəffaflığın, dürüstlüyün təmin olunması əsas vəzifə kimi qarşıya qoyulub. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında yaradılan,  dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», DOST  layihələrinin uğurlu icrasında da məqsəd bu şəffaflığın təmin edilməsidir. Cənab İlham Əliyevin bu günlərdə növbəti Sərəncamı əsasında Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasında da məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır. Sənəddə də vuğulandığı kimi,  ölkəmizdə  həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bununla yanaşı, bu günlərdə Bakı dərin özüllər zavodunda «Qarabağ» dayaq blokunun dənizə yola salınması da ölkəmizin bu imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı.   

  Ölkə iqtisadçılarının, ekspertlərin də qeyd etdikləri kimi, artıq Azərbaycanda  mövcud kadr potensialı qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa əsas yaradır. Bir sözlə,   yerli mütəxəssislər  yalnız yeni texnologiyarın tətbiqini, idarə edilməsini deyil,  hazırlanmasını həyata keçirir.  Nəticə etibarı ilə «qara qızıl» insan kapitalına çevrilir, bu isə öz növbəsində inkişafa, tərəqqiyə dəstək olur.

Yeganə Əliyeva, «İki sahil»