14 avqust 2020 18:06
1349

Neft-qaz sektoruna investisiya qoyuluşu artıb, bəs qeyri-neft sektoruna necə?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 588,3 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6 faiz azalıb.  İstifadə olunmuş vəsaitin 5 milyard 104,7 milyon manatı və ya 67,3 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 745,9 milyon manatı və ya 23 faizi xidmət sahələrinə, 737,7 milyon manatı  və ya 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 692,5 milyon manatını və ya 61,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 703,9 milyon manatı və ya 62 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,7 faiz, büdcə vəsaitləri 22 faiz, bank kreditləri 6,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,8 faiz, sair vəsaitlər 4,2 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,1 faiz təşkil edib.

Göründüyü kimi, pandemiya dövründə də əsas kapitala yönədilən vəsaitin miqdarı artmaqdadır. Hərçənd ki, bu dövrdə ölkədə ümumi daxili məhsul istehsalı 2,8 faiz azalmaya məruz qalıb. Eyni zamanda, Azərbaycanın neft hasilatının azaldılması ilə bağlı beynəlxalq təşəbbüsə qoşulması təsiri ilə  neft-qaz sektorunda  4,5 faizlik  azalmaya rəğmən qorulan investisiyaların artması böyük maraq doğurur.

Lakin adlandırılmasından da aydın göründüyü kimi, bu sektora təkcə neft deyil, təbii qaz hasilatı da aiddir. Təbii qaz barədə danışdıqda, təkcə onu demək kifayətdir ki, təkcə cari ilin birinci yarısında “Şahdəniz” yatağından qaz hasilatı ötən ilin müvafiq dövründən 11,9 faiz artıb.  “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə birinci yarımil üzrə biznesə dair yaydığı məlumata görə, “Şahdəniz 2” layihəsi çərçivəsində 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün bütün işlər plana uyğun davam edir. Bildirilib ki, “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 18 quyu qazıb və bunlardan 16-sını tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam etdiriləcək.   

Bu ilin birinci yarısında, həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli”  yataqlar blokundan neft hasilatının azalmasına baxmayaraq, fəaliyyət əsaslı xərclər 44 faiz artıb. Məlumata görə, təkcə ikinci rüb ərzində  ”Azəri Mərkəzi Şərqi” layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına dərin özüllər zavodunda davam edib. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılıb və ilkin iri  avadanlıq rüb ərzində Bakıya gətirilib. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılıb. Başqa sözlə, pandemiyadan irəli gələrək neft hasilatın azaldılmasına, qlobal enerji bazarında qiymət dəyişkənliklərinə baxmayaraq ölkədə neft-qaz sahəsinə investisiyalar davam etdirilir.

Qeyri neft-qaz sektoruna gəlincə,  əlavə dəyərin azalması investisiyaların həcmində də özünü göstərir. Bununla belə, Maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət investisiya proqramı çərçivəsində investisiya layihələrinin həyata keçirilməsi üçün ayrılmış vəsaitin 44,3 faizinin və yaxud 1 milyard 835 milyon manatının maliyyələşdirilməsinin təmin edildiyini bildirib.

Ümumilikdə isə yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakən rayonunda regional “Asan xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça” ASC-nin filialı, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Ceyhun Piriyev, “İki sahil”