20 sentyabr 2019 13:00
1209

Neft sənayesi tariximizin şanlı səhifəsi

XX əsrin 70-80-ci illərində Azərbaycan nefti dünyada neftçıxarma və neft emalı sənayesinin inkişafında, SSRİ kimi nəhəng ölkənin sənayeləşməsində həlledici rol oynamışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızda neft emalı, neft-kimya sənayesinin müxtəlif sahələri ilə bağlı çox mühüm qərarlar qəbul edilmişdir.

Təsadüfi deyi ki, 1970-80-ci illər məhz Azərbaycanın neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və  modernləşdirilməsində əsaslı dönüş mərhələsi kimi dəyərləndirilir. Məhz o dövrdə, neft emalı, neft-qaz, neft-kimya sənayesində geridə qalmış texnoloji proseslər, mənəvi və fiziki baxımdan köhnəlmiş avadanlıqlar milyonlarla vəsait hesabına texnoloji üstünlüklərə malik yeniləri ilə əvəz olundu. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi, neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 metrə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 metrədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa, ilk vaxtlarda dənizin 70 metr dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 metr dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 metr dərinlikdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu.

 Məhz Ulu Öndərin bilavasitə iştirakı ilə dənizdə perspektivli neft yataqlarının  kəşfiyyat işləri xeyli genişlənərək sürətləndi. Xəzərin Azərbaycan sektorunda yeni dəniz neft-qaz kondensat yataqları- “Bahar” (1968), “Səngəçal-Duvannı-dəniz” (1969), “Bulla-dəniz” (1975-ci il) yataqlarının açılışı və istismara başlanması reallaşdırıldı. 1970-ci ildə dəniz neftinin çıxarılması maksimum həddə yüksələrək 12,9 milyon tona çatdı.

1971-ci il martın 28-də Azərbaycanın yeraltı sərvətlərinin istismarının başlandığı andan bir milyardıncı ton neft çıxarıldı. Bu, ölkəmizin neft sənayesinin tarixinə şanlı səhifə kimi yazıldı. Bu əlamətdar hadisə münasibətilə aprelin 21-də M.F.Axundov adına Opera və Balet Teatrında  ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli yığıncaq keçirildi.

 Məhz o dövrdə Sumqayıtda üzvi yarımməhsullar zavodunda ilk dəfə olaraq Bakı neftinin benzin funksiyalarının ən mühüm kimya xammalı olan benzol almağa imkan verən platforminq prosesi həyata keçirildi. 1979-89-cu illərdə dənizdə, 200 metr dərinlikdə ümumi resurs ehtiyatı 700 milyon ton neft və 200 milyard kubmetr qaz olan “Günəşli” (1979-cu il), “Çıraq” (1985-ci il), “Azəri” (1988-ci il) və “Kəpəz” (1989-cu il) kimi 4 yeni çoxlaylı neft yatağı açıldı. 1980-ci ildə Fransanın “Seret” firması tərəfindən düzəldilmiş Ə.Əmirov adına xüsusi gəmi 1” yeni struktur-kartirovka qazma gəmisi istismara verildi. Burada ilk dəfə olaraq şlanq-kabel qazması və hidroloji tədqiqatlar üçün avadanlıq quraşdırıldı. 1981-ci ildə ilk dəfə olaraq yarısalınan qazma qurğusunun köməyi ilə 200 metr dərinlikdə olan qazma həyata keçirildi. 1985-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Dərin Sulu Özüllər zavodu ilk məhsulunu buraxdı.

Təbii ki, bütün bunların tətbiqi sayəsində isə Xəzər zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində mühüm rol oynadı. Məhz bu qurğuların sayəsində “Çıraq”, “Azəri”, “Günəşli”, “Kəpəz” və s kimi iri yataqlar kəşf edildi.  Ötən əsrin 70-ci illərinin sonlarında SSRi-də yeganə olan 400 milyon ABŞ dollarına alınmış Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. Sonralar bu kompleks Xəzər dənizində dərin neft və qaz yataqlarının kəşfi üçün müasir dərin özüllər bloku istehsal etdi.

Görülən işlərin, həyata keçirilən tədbirlərin sayəsində o illərdə neft hasilatı getdikcə artırdı.  1970-ci illərin əvvəllərində ildə 17,3 milyon ton neft hasil edilməsi bunun əyani sübutu idi.

O dövrdə aparılan yenidənqurma işləri respublikamızın neft sənayesinin infrastrukturunun və neft emalının inkişafına ciddi təkan verdi. Belə ki, 1976-cı ildə Yeni Bakı Neftayırma Zavodu, 1982-ci ildə Bakı Neftayırma Zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusu işə salındı. 1983-cü ildə Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan Sovet İttifaqının vahid neft kəmərinə qoşuldu. Neft emalı sahəsinin yenidən qurulması üçün irimiqyaslı layihələr həyata keçirildi.Yeni Bakı Neft Emalı zavodunda (“Azərneftyanacaq”) ELOU-AVT-6 qurğusu istismara verildi. Bu qurğu o dövr üçün ən müasir, yüksək  istehsal gücünə malik kombinə edilmiş atmosfer-vakuum qurğusu idi. 1979-cu ildə həmin zavodda Qərb texnologiyası üzrə müasir katalitik riformiq qurğusu da quraşdırıldı. Qurğu yüksək oktanlı etilləşdirilməmiş avtomobil benzini buraxmağa imkan verdi.1981-ci ildə Bakı Neft Emalı Zavodunda (hazırkı Heydər Əliyev adına Neft Emalı Zavodu “Azərneftyağ”) ikinci analoji ELOU-AVT-6 kompleksi işə salındı. Məhz Ulu Öndərin əsaslı yenidənqurma proqramının həyata keçirilməsi nəticəsində Bakı neft emalı zavodları texniki təhizatına görə o dövrdə dünyada mövcud profilli müəssisələrin səviyyəsinə yüksəldi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyinin Sovet dövründə respublikamızın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə ümumi neft və qaz hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı. Sovet İttifaqı dağılanadək dənizin Türkmənistan, Qazaxıstan və Rusiya sektorlarında da səmərəli kəşfiyyat işləri aparan Azərbaycan neftçiləri dənizdə 350-dən çox struktur aşkar etdilər. Onlar Xəzərin Azərbaycan sektorunda yeni yataqlarla yanaşı, dənizin Türkmənistan sektorunda “Şərqi Livanov”, İ.M.Qubkin adına, Barinov adına, LAM və “Çələkənyanı günbəz”, Rusiya sektorunda “İnçixe-dəniz 1” və “İnçixe-dəniz 2” neft yataqlarını və Qazaxıstan sektorunda bir neft yatağını kəşf etdilər.

1975-ci ildə “Bulla-dəniz” yatağının, 1980-ci ildə isə “Günəşli” yatağının dayazsulu hissəsinin işlənilməsinə başlandı. 1984-cü ildə Bakıda Dərin Özüllər Zavodu tikilib istifadəyə verildi. 1985-ci ildə “Çıraq”, 1987-ci ildə “Azəri” yatağı kəşf edildi. 1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə başlanıldı,  “Kəpəz” yatağı aşkar edildi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış Saziş Azərbaycan Respublikasının müstəqil tarixinin yeni səhifəsini açdı. Bu gün   öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən “Cənub Qaz Dəhlizi”nin seqmentləri olan TANAP, TAP kimi iri transmilli layihələrin Azərbaycanın təşəbbüsü, siyasi iradəsi, əzmi ilə   reallaşdırılması, “XXI əsrin layihəsi” adlandırılan “Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi  də məhz əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının məntiqi davamıdır.  Qətiyyətlə demək olar ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi bundan sonra da müstəqil Azərbaycanın güclənməsinə,  respublikamızın sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının yüksəlməsinə böyük töhfələr verəcək.

Zahid Rza,

“İki sahil”