12 avqust 2020 18:40
1010

Neft strategiyasının yeni hədəfləri: Nəticəyə hesablanan məqsəqyönlü addımlar

Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Ancaq xalqımız bu sərvətlərdən biri olan neftdən yalnız XX əsrin sonralarında – dövlət müstəqilliyini bərpa etdikdən sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə, Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin bağlanması, Azərbaycanın uğurlu neft strategiyası ölkəmizi regionun lider dövlətinə çevirdi. Beynəlxalq aləmdə “Əsrin müqaviləsi” kimi tanınan bu dünya əhəmiyyətli irimiqyaslı saziş müasir tariximizə qızıl hərflərlə həkk olundu. Bütün çətinliklərə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. İlk neft çıxarıldı, onun dünya bazarına çatdırlması üçün iki istiqamətdə-Bakı Novorossiysk və Bakı-Supsa neft kəmərləri inşa edildi. Bundan sonra isə Bakı-Tblisi-Ceyhan neft kəməri barədə danışıqlar başlandı. “Əsrin müqaviləsi” təkcə ölkəmiz üçün deyil, ümumilikdə beynəlxalq aləmlə, enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihə oldu.

Uğurlu neft strategiyası və "Əsrin müqaviləsi"nin əhəmiyyətli cəhətlərindən biri də yeni-yeni əməkdaşlıq formatları və layihələrin meydana çıxması idi ki, ötən müddət ərzində reallaşan, təşəbbüsləri irəli sürülən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Cənub Qaz Dəhlizi və onun əsas seqmnentləri olan Tanap, Tap kimi layihələr bunun əyani sübutudur.

Bu yaxınlarda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması da bunlardan biri kimi xarakterizə edilə bilər. Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də mərasimdən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu hadisəni xüsusi əhəmiyyətə malik tarix kimi dəyərləndirib, bu məqama diqqət çəkib: "1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar "Qarabağ" yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və "Qarabağ" yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir".

"Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması Azərbaycanın qarşısına qoyduğu hədəflərə tezliklə nail olması, onun etibarlılığı, etimadının artmasının göstəricisidir. Bununla yanaşı, sözügedən yataq müstəqillik illərində kəşf edilmiş ilk yataq olmaqla da xüsusi əhəmiyyət daşıyır ki,  Prezident İlham Əliyev bu fakta xüsusi diqqət yetirib: "Bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki "Azəri", "Çıraq", "Günəşli" yataqları sovet dövründə kəşf edilmişdir. "Şahdəniz" və "Abşeron" yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar".

Beləliklə, 2022-ci ildən "Qarabağ" yatağının istismara başlanması ilə Azərbaycan dünyanın enerji xəritəsindəki yerini möhkəmləndirməklə yanaşı, çəkisini və nüfuzunu daha da artıracaq.

Nigar Orucova, “İki sahil”