19 sentyabr 2020 13:56
840

Neft və qazçıxarma əməliyyatları təkmilləşdirilir

SOCAR bu gün “SAP UFAM” (SAP və OIS-in birgə həlli) əsasında “Rəqəmsal yataq” layihəsinə start verərək neft və qazçıxarma əməliyyatlarını təkmilləşdirir.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, bununla da “SAP UFAM” istehsal proseslərini vahid sistemdə birləşdirərək müəssisənin rəqəmsal nüvəsi olan “SAP ERP” proqram təminatı ilə inteqrasiya edəcək. Bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, “Caspian Innovation Center” (Xəzər İnnovasiya Mərkəzi), “SAP Digital Business Services” və “OIS” əməkdaşları tərəfindən mərhələli olaraq həyata keçirilir. İlk növbədə, əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və “SAP ERP” rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin inteqrasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub. Rəqəmsal platforma itkilərin əhəmiyyətli dərəcədə azaldılmasına, qərarvermənin dəstəklənməsinə, statik və dinamik məhdudiyyətlərin hesablanması üçün daimi fəaliyyətdə olan aktiv modelin yaradılmasına, bütün biznes obyektlərinin (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektləri və sair) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunmasına və onların pasportlarının, son və cari iş parametrlərinin tərtib edilməsinə imkan verir.