15 oktyabr 2019 19:51
3915

Nəqliyyat vasitələri atmosferi çirkləndirmə mənbəyidir

Mütəxəssislər problemin həllini nədə görürlər?

Bakının havasının çirklənməsinə təsir edən bir sıra amillər var. Gün ərzində paytaxt küçələrində hərəkət edən nəqliyyat vasitələrinin sayının durmadan artması da bu nüanslar sırasında əsas yer tutur. Xüsusilə köhnə avtomobillər atmosfer çirklənməsində həlledici rol oynayır.  Bu çirklənmə isə insanların səhhətinin pozulmasına, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır...

Bəs bu problemdən necə yaxa qurtarmalı?

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev  sözügedən mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib ki, BDYP tərəfindən müayinə mərkəzlərinin məntəqələrində texniki baxış zamanı nöqsanlar aşkar olunduqda bu barədə nəqliyyat vasitəsinin sahiblərinə, sürücülərinə məlumat verilir: “Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yalnız texniki baxış zamanı yox, eyni zamanda, il ərzində  vaxtaşırı “Təmiz hava aylığı” keçirilir. Məqsəd təkcə stasionar postlarda deyil, eyni zamanda yollarda, küçə və prospektlərdə hərəkətdə olan nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə daxil olan qazların insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkəndirilməsinin qarşısının alınmasıdır. Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları maarifləndirici və təbliğat işləri də aparırlar. Yol polisi əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olmayan, atmosferə normadan artıq qaz buraxan nəqliyyat vasitələri aşkar olunaraq, müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilir. Sürücülərə tövsiyə edirik ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə mütəmadi olaraq nəzarət etsinlər. Bununla onlar öz həyatlarının və havanın çirkləndirilməsinin qarşısını almış olarlar”.

Azərbaycan  Dövlət Pedoqoji Univeristetinin professoru, biologiya elmləri doktoru, ekoloq Rauf Sultanov isə avtomobillərin ekologiyaya vurduğu zərəri konkret faktlar və rəqəmlərlə ifadə edir: “Azərbaycanda atmosferin çirklənməsində ən böyük amil nəqliyyat vasitələrinin havaya buraxdığı karbon oksiddir. Monitorinqlər nəticəsində müəyyən olunub ki, Azərbaycanda əksər avtomobillərdə karbon oksidin norması 0,3 %dir. Amma atmosferin çirklənməsində bu, 0,3 həddi keçib, 3 və ya 5%-ə qədər qalxıb. Rusiyadan gələn avtomobillərdə aparılan monitorinq  nəticəsində məlum olub ki, bu maşınlar təzə olmasına baxmayaraq onlarda karbon oksidin miqdarı 3%-dir. Avropa ölkələrindən, Almaniyadan, Yaponiyadan və başqa ölkələrdən gələn avtomobillərdə isə əksinə karbon oksidin miqdarı 0%-dir. Amma müəyyən müddətdən  1 və ya il yarımdan sonra karbirator sıradan çıxdığı üçün onlarda 3, 5, 7%-ə qədər qalxma olur. Normativ qayda belədir ki, müəyyən vaxtdan sonra karbiratorlar dəyişdirilməlidir. Ən böyük ekoloji problemlərdən biri avtomobil vasitələrinin atmosferi çirkləndirməsidir. Ona görə də avtomobillərin texniki baxışı zamanı əsas bu amilə fikir verilməlidir.”

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə qeyd etdi ki, texniki baxış zamanı avtomobillərin bir neçə parametr üzrə texniki müayinəsi aparılır: “Onlardan biri də avtomobilin havaya buraxdığı zərərli tullantıların həcminin müəyyən olunması ilə bağlıdır. Yəni, müəyyən hədd var, o həddi keçdikdə avtomobilin mühərrik sistemində və müvafiq qaydada o zərərli tullantıların sistemində zəruri işlərin həyata keçirilməsi ilə bağlı rəy verilir. Texniki baxışda ətraf mühitlə bağlı element sırf bununla əlaqədardır”.

A.Allahverənov onu da vurğuladı ki, avtomobil havanı təkcə mühərrikdən çıxan qazla zəhərləmir: “Buraya təkərlərin tozunu və rezin örtüyün yerlə təması zamanı yaranan zəhərli maddələri də əlavə etsək, təhlükənin daha da böyüdüyünü görərik. Aparılan hesablamalar göstərir ki, hər avtomobil havaya ildə 10 kq rezin toz buraxır.  Nasaz və ya köhnə avtomobillərin atmosferə buraxdığı zəhərli qazların miqdarı adi hallarla müqayisədə 3-5 dəfə çoxdur. Buraya, uzun müddətli tıxaclar, naşı sürücülərin nəqliyyat vasitəsi ilə qeyri - peşəkar davranışı, başqa sözlə, tez-tez qaz və əyləcdən istifadəsi və s. kimi hallar daxildir. Nəzərə almaq lazımdır ki, yüksək və ya həddən artıq aşağı sürətlə hərəkət edən avtomobillərin ətraf aləmə vurduğu ziyan da 2-3 dəfə artıq olur. Atmosferi daha çox çirkləndirən isə benzinlə işləyən avtomobillərdir (75%). Siyahıda ikinci yeri dizel mühərrikli nəqliyyat vasitələri tutur (4%). Traktor və digər kənd təsərrüfarı maşınları isə siyahıda üçüncüdür (4 %). Ən dəhşətlisi odur ki, zaman keçdikcə qeyd olunan statistik rəqəmlər durmadam yüksələn xətt üzrə artır. Ekoloji təmizliyi və təhlükəsizliyi qorumaq üçün sürücülər nəqliyyat vasitələrini  daim nəzarətdə saxlamalıdırlar. Avtomobillərini texniki “müayinədən” keçirməli, aşkarlanan problemləri isə dərhal  həll etməlidirlər. Belə olduqda, biz,  atmosferin təmizliyi qorumuş olarıq.”

Yaqut Ağaşahqızı, “İki sahil”