15 aprel 2019 10:46
224

Nəriman Nərimanov Marneulidə yad edilib

Görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 149-cu ildönümü ilə bağlı Marneulidə tədbir keçirilib

Tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Tbilisidəki Nəriman Nərimanov adına xatirə muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Nəriman Nərimanovun abidəsi qarşısında toplaşan ictimaiyyət nümayəndələri onun xatirəsini ehtiramla anıblar və buraya gül dəstələri düzüblər.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin icraçı direktoru Aygül İsayeva, İdarə Heyətinin sədri Murad Muradov, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Tbilisidəki Nəriman Nərimanov adına muzeyin rəhbəri Rəna Dəlivalova, "Qarapapaqlar" jurnalının redaktoru Akif Xansultanlı və şairə Fatma Aslan çıxış edərək, böyük ədibin yaradıcılığından və onun iri miqyaslı fəaliyyətindən danışıblar.

GAİM-nin icraçı dirüktoru A.İsayeva bildirib ki, görkəmli dövlət xadimi iki ölkə arasında dostluq və mənəvi körpü rolunu oynayıb. O, deyib ki, Marneulidəki heykəlinin yerləşdyi parka və mədəniyyət evinə N.Nərimanovun adının verilməsilə bağlı yerli rəhbərliyə rəsmi şəkildə müraciət olunub. 2020-ci ildə dövlət xadiminin 150 illik yubileyinin keçiriləcəyini xatırladan A.İsayeva irəli sürdükləri təklifin gerçəkləşəcəyinə ümid etdiklərini vurğulayıb.

N.Nərimanovun Tbilisidəki xatirə muzeyinin kuratoru Rəna Dəlivalova onun Marneulidəki fəaliyyətindən danışıb.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev isə N.Nərimanovu görkəmli şəxsiyyət və Azərbaycan xalqının böyük oğlu adlandırıb.

Çıxış edən digər natiqlər bildiriblər ki, N.Nərimanovun 150 illik yubileyinin Marneulidə yüksək səviyyədə qeyd olunması olduqca önəmlidir.

Sonda məktəblilər N.Nərimanovun oğlu Nəcəfə vəsiyyətini oxuyublar.