“Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi İli” elan edilməsi klassik söz-sənət adamına göstərilən yüksək ehtiram və məhəbbətin ifadəsidir. Təkcə ona görə yox ki, bu, həyatı əfsanəyə dönmüş bir qüdrətli söz ustasının halal haqqıdır, bəlkə, daha çox ona görə ki, aradan altı əsr yarım keçməsinə rəğmən, bu gün də dəyərini itirməyən bir sənətkarın söz dünyasına, daha geniş anlamda isə bənzərsiz həyat və yaradıcılığına verilən qiymətdir. Bu, həm də məsləkindən dönməyən bir insanın istər həyatın bütün dönəmlərində yüksək diqqət, qiymət və əyara malik olduğunun sübutu kimi, istərsə də Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə məhz Nəsiminin timsalında bəxş etdiyi dəyərlər sisteminin təntənəsi baxımından diqqət şəkir”. Bu fikirləri yazıçı Əlabbas (Əlabbas Bağırov) “İki sahil” qəzetinə açıqlamasında söylədi.
Bildirdi ki, təkcə Azərbaycan və Şərq ədəbiyyatı xəzinəsinə deyil, ümumən, dünya mədəni irsinə layiqli töhfələr verən bu söz adamı Nizami ilə Füzuli, başqa sözlə desək, XII əsrlə XVI əsr arasında möhtəşəm bir körpü rolu oynamaqdan əlavə, həm də daha böyük bir missiyanın daşıyıcısına çevrilə bilib: “Tale ona Azərbaycan dilində yazan çox boyük və müqtədir sənətkar titulu qismət elədi. Nadir incilər yaratdığı bu lətafətli dillə o, dövrün-zamanın çox ciddi tələbi olan ərəb-fars dilində yazıb-yaratmağa qarsı etibarlı bir sipər çəkmiş oldu. Nəsiminin elmi-fəlsəfi düşüncəsinin kamilliyini, müstəsna əqidə və iradə sahibi kimi böyüklüyünü bir yana qoysaq belə, bir şair kimi onun misilsiz xidməti, məncə, məhz bunlardır. O dövrün, bəlkə də, Nəsiminin özü ilə yaşıd olan, xalq üslubunda yaranmış
Əzizim tatar məni,
Qul edib satar məni,
Vəfalı yarım olsa,
Axtarıb tapar məni
tipli şeir nümunələrinə klassik üslubda qələmə aldığı əsərləri ilə tək dəstək yox, həm də qarşılıq vermiş oldu: Məndə sığar iki cahan, mən bu cahana sığmazam... Bir misranın səkkiz kəlməsindən altısı türkcədi... Özü də necə? Sadədən sadə, anlaşıqlı və başadüşülən. Onu:
Ey bülbüli-qüdsi, nə giriftari-qəfəssən?
Sındır qəfəsi, tazə bir gülüstan tələb eylə!
həqiqətinə gətirib çıxaran da elə o yenilik ruhu, ana dili uğrunda sonacan mübarizə və öz ideyalarından geri çəkilməmək əzmi idi...”
Yazıçı Əlabbasın fikrincə, dövr və tarix baxımından Füzulidən əvvəl yaşamasına baxmayaraq, Nəsiminin dili poetik fikirlərlə, gözlənilməz təşbehlərlə zəngin olan xələfindən daha sadə, daha rəvan və tezqavranandır, hərçənd ortada iki əsrin söhbəti var:
Dilbəra, mən səndən ayrı təndə canı neylərəm?
Tacü-təxtü, mülkü-malü, xanimanı neylərəm?”
“Qoca Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini” yaradan şairi bu gün köhnəlməyə, təravətini itirməyə qoymayan da məhz bu amildir ki, ədəbiyyatımıza Nəsimi dövrü adı ilə xüsusi bir mərhələ kimi düşmüşdür. Belə nadir sənətkarların işıqlı və parlaq xatirəsini unutmağa kimsənin haqqı yoxdur”.
Müsahibimiz, həmçinin qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib: “Həmin illərdən başlayaraq Nəsimi ilə bağlı xeyli tədqiqat işləri aparılıb. Seyid İmadəddin Nəsimi irsinin tədqiqi və nəşri sahəsində böyük işlər görülüb. Məhz o vaxtdan Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb. Şübhəsiz, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamı anadilli şeirimizi humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşdirən ölməz sənətkarın həyatı və yaradıcılığının, həmişəyaşar ideallarının daha geniş miqyasda və elmi əsaslarla tanıdılmasına, həmçinin təbliğ edilməsinə geniş meydan açır. Bu mənada Nəsiminin bir çox cəhətdən zəngin dili, eləcə də fəaliyyəti yeni-yeni tədqiqatların obyekti olacaq”.
Qvami Məhəbbətoğlu, “İki sahil”