KÖŞƏ

Taleh Turqut

Ermənistanın sonu yaxınlaşır

04 iyul 2018 15:54
1167

Hakimiyyət dəyişikliyindən sonra gərgin iqtisadi və siyasi dövr yaşayan Ermənistanda vəziyyət getdikcə ağırlaşmaqdadır. Ermənistan cəmiyyəti Serj Sarkisyanın hərbi xuntasından canını qurtardığını və “ağ günə” çıxdığını düşünməyə macal tapmamış əhali yeni problemlərlə üz-üzə qalıb.

Bunun əsas səbəblərindən biri də hakimiyyət dəyişikliyi baş versə də Ermənistan dövlətinin apardığı siyasətin mahiyyətcə dəyişməməsidir. Nikol Paşinyanın davranışları deməyə əsas veriri ki, Ermənistanın işğalçılıq və terrorçuluq ənənlərinə söykənən separatçılıq siyasəti davam etdiriləcək. Belə olan halda isə ölkənin iqtisadi-siyasi gələcəyi sual altındadır.

N. Paşinyan hakimiyyətə gəldiyi gündən Dağlıq Qarabağ münaqişəsinin həllində zahirən də olsa aqressiv görünür. Lakin ölkəsinin yaşadığı böhran fonunda Azərbaycanın son günlərdə atdığı addımlar Paşinyan iqtidarını çıxılmaz vəziyyətə salıb.

Son günlərdə biri-birinin ardınca baş verən hadisələr göstərir ki, Azərbaycanın həm siyasi istiqamətdə, həm də hərbi sahədə atdığı addımlar Ermənistanı təlaşa salıb. Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində 11 min hektar ərazinin Azərbaycan tərəfindən azad edilməsi düşmən ölkədə ajiotaja səbəb olub. Vəziyyət o yerə çatıb ki, Ermənistan rəhbərliyi öz əhalisini aldatmaq məqsədilə sərhəddəki əkin və otlaq sahələrinə od vuraraq guya ərazidə döyüşlər gedirmiş kimi imitasiya yaratmağa çalışır. Əvəzində yenə də öz sadə vətəndaşlarına xeyli maddi ziyan vurur.

Onun ardınca iyunun 26-da Azərbacan Ordusunun keçirdiyi parad da Ermənistanda böyük təşviş yaratdı. Təcavüzkar ölkənin rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin saysız-hesabsız açıqlamaları göstərir ki, ermənilər indi əvvəlkindən də artıq qorxu içərisindədirlər. Ordumuzun nümayiş etdirdiyi silahlar sübut edir ki, Azərbaycan torpaqlarını hərbi yolla qısa müddətdə azad etməyə qadirdir. Bunu ermənilər hamıdan yaxşı dərk edirlər.

Ermənistanı ciddi narahat edən hadisələrdən biri də yaxın günlərdə bir qrup rusiyalı deputatın və ictimai xadimin Azərbaycanın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etməsi, burada keçirilən konfrans və Rusiya nümayəndələrinin səsləndirdikləri bəyanatlardır.

Ümumiyyətlə, N.Paşinyanın hakimiyyətə gəldiyi gündən “nala-mıxa vurması”, gah Qərbə, gah da Rusiyaya meyillənməsi onun ölkəsini özünün “daimi ağası”nı itirmək təhlükəsi ilə üz-üzə qoyub. Detallara varmadan vurğulamaq kifayətdir ki, Ermənistanın satqınlığını həzm edə bilməyən Rusiya cəmiyyətinində ermənilərin ünvanına hər cür aşağılayıcı ifadələr səslənməkdədir. İndi Rusiyada, hələlik rəsmi səviyyədə olmasa da Dağlıq Qarabağın qeyd-şərtsiz Azərbaycana qaytarılması fikirləri aktuallaşıb. Ermənistanı isə ən çox narahat edən amillərdən biri də budur: o, özünün ən yaxın dayağını itirmək üzrədir və ermənilər yaxşı başa düşürlər ki, bu, baş verərsə Ermənistanın da sonu çatacaq.

Son günlərdə Ermənistanda baş verən iki hadisə işğalçı ölkənin ciddi təlaş içində olduğunu isbatlayan çoxsaylı faktlardandır. 

 Faktlardan biri odur ki, ordudakı çatışmazlıq N. Paşinyanı işğal etdikləri ərazilərəpolis qüvvələrini göndərməyə məcbur edib. Onun göstərişi ilə avqust ayından başlayaraq Daxili Qoşunların bölmələri təmas xəttində xidmət edəcəklər.

Digər mühüm amil isə Ermənistanın yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə müraciət etməsidir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan açıqlamasında bildirib ki, Naxçıvan istiqamətində gərginlik davam edir və bu, onları KTMT-yə müraciət etməyə məcbur edib: “Naxçıvan ətrafında yaranmış vəziyyətlə əlaqədar KTMT-yə üzv olan dövlətlərə müraciət etmişik. Düzdür, Ermənistanın köməyə ehtiyacı yoxdur, amma vəziyyət qənaətbəxş də deyil”.

Lakin bunun ardınca bəzi erməni politoloqlar etiraf ediblər ki, Azərbaycanla münasibətlərdən çəkinən bəzi KTMT-ə üzv ölkələr Ermənistanın bu müraciətinə müsbət cavab verməyəcəklər.

Görünən odur ki, Ermənistan üçün yolun sonudur: ya işğalçılıq siyasətini davam etdirib özün məhvə sürükləyəcək, ya da təcavüzə son qoyub, beynəlxalq hüquq çərçivəsində regiondakı iqtisadi proseslərə qoşulub gələcəyini təmin edəcək.

Taleh Turqut,

“İki sahil”  

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...