KÖŞƏ

Zahid Rza

Dağıdıcıların sosial şəbəkə “partizanlığı” iflasa məhkumdur

09 iyul 2018 22:31
3727

 Bir neçə gün bundan əvvəl Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza ilə bağlı ölkə başçısı müşavirə keçirdi, aidiyyəti qurumların rəhbərlərini sərt tənqid etdi,  qəzanın başvermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiyanın qarşısında ciddi tələblər qoydu. Ölkəmizin başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində ciddi addımlar atdılar. Məhz bütün bunların sayəsində baş verə biləcək xoşagəlməz hadisələrin qarşısı qısa müddətdə alındı. Bütün bunlar bir daha sübut etdi ki, respublikamızın milli təhlükəsizliyi, vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığı ölkəmizin başçısı üçün əsas prioritetlərdəndir.

Mingəçevir İES-də baş verən qəza ilə bağlı keçirilən müşavirədə mühüm məslələrdən biri də  dövlətimizin başçısının o ağır vaxtlarda göstərdikləri təmkinə, anlayışa görə ölkə vətəndaşlarına təşəkkür etməsi idi. Böyük fərəh hissi ilə demək lazımdır ki, Azərbaycan dövləti və cəmiyyətimiz bu çətin sınaqdan şərəflə çıxdı, xaricdəki düşmənlərimizin və onlara nökərçilik edən, təbii fəlakətdən, fövqəladə hallardan belə xəyanətkarcasına faydalanmaq üçün dəridən-qabıqdan çıxan dağıdıcı müxalifətin, yerli satqınların niyyətlərini puç etdi. Vətəndaşlarımız böyük məsuliyyət, əsl vətəndaşlıq qeyrəti və həmrəyliyi nümayiş etdirərək öz dövlətlərinin yanında durdular. Məhz buna görə də iyulun 4-də  ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə dövlətimizin başçısı bu məsələ ilə bağlı  göstərdikləri dəstəyə, anlayışa və həmrəyliyə görə bütün vətəndaşlarımıza təşəkkür etdi. 3 iyul hadisəsi  bir daha təsdiq etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi və milli həmrəylik sarsılmazdır. Bir daha sübut olundu ki, cəmiyyətimiz ən ağır  vaxtlarda belə ölkə rəhbərliyinin ətrafında birləşərək,  istənilən tarixi məqamda monolit qüvvə kimi təşkilatlanaraq bir hədəfə vurmaq,  eyni məqsədə xidmət etmək qabiliyyətinə sahibdir.

Özünü cəmiyyətimizdən təcrid edərək marginllaşan, dağıdıcı müxalifət düşərgəsinin başbilənləri AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, bir ayağı Müsavat Partiyasında, bir ayağı “Milli Şura”da olan Tofiq Yaqublu, Avropanın müxtəlif ölkələrində, ABŞ-da mühacir statusu adı altında məskunlaşan Orduxan Teymurxan, Tural Sadıqlı, Vidadi İsgəndərli, Səid Dadaşbəyli kimilər həmişə olduğu kimi, fürsəti əldən verməyərək bu qəzanın nəticələrindən siyasi dividend götürmək üçün dəridən-qabıqdan çıxsalar da heç nəyə nail ola bilmədilər. Əksinə, belə ağır vəziyyətdən öz məqsədləri, çirkin niyyətləri üçün istifadə etdiklərinə görə ictimaiyyətin sərt qınağına məruz qaldılar. Şübhəsiz ki, dünyanın əksər ölkələrində bu cür hallar olur, hətta bu zaman insan tələfatı da müşahidə edilir. Dünyanın heç bir ölkəsində təbii fəlakətlərin, qəzaların, fövqaladə halların qarşısının tam alınması mexanizmi yoxdur. Əslində dağıdıcı müxalifət düşərgəsindəkilər də bütün bunları yaxşı anlayırlar. Ancaq çirkin niyyətləri, şəxsi ambisiyaları imkan vermir ki, həqiqətləri etiraf etsinlər, respublikamız üçün ağır vaxtlarda xalqla, cəmiyyətlə birləşsinlər. Bu marginallar əvvəllər olduğu kimi, Mingəçevir İES-dəki qəzadan da istifadə edərək öz merkantil maraqları naminə sosial şəbəkələrdə iqtidarın, dövlətin və dövlətçiliyimizin əleyhinə həqiqətdən uzaq, qeyri-obyektiv, qərəzli fikirlər səsləndirməyi davam etdirirlər. Şübhəsiz, bu canavar xislətli ünsürlər xarici dairələrin istəklərinə uyğun hərəkət edərək respublikamızda xaos, anarxiya yaratmağa çalışırlar. Ancaq bu kəmfürsətlərin antimilli əməlləri həmişə olduğu kimi, bu dəfə də fiaskoya uğraycaq.

Zahid Rza,

“İki sahil”