KÖŞƏ

Taleh Turqut

Xalq-Prezident birliyinin sarsılmazlığı pozucu qüvvələrə ən tutarlı cavabdır

11 iyul 2018 19:24
1601

Ölkəmizin yerləşdiyi həssas geosiyasi bölgə aparılan dövlət siyasətindən və bütövlükdə cəmiyyətdən ciddi həssaslıq tələb edir. Ətrafda baş verənlərə nəzər yetirdikdə müxtəlif güc mərkəzlərinin bir sıra ölkələrdə yaratdıqları çaxnaşmalar, qanlı toqquşmalar, terror hadisələri səbəbindən ortaya çıxan vəziyyətin hansı ağırlıqda olduğunu görməmək mümkün deyil.

Azərbaycanın son onilliklərdəki uğurlu inkişafı və sabitliyi bir sıra düşmən mərkəzləri narahat edir və bu mərkəzlər ən müxtəlif vasitələrlə ölkədə qarışıqlıq yaratmağa cəhdlər edirlər. Bu cəhdlər bəzən özünü “demokratik müxalifət” adlandıran antimilli qüvvələrin fəaliyyətində, bəzən isə müxtəlıif radikal dini cərəyan nümayəndələrinin pozucu hərəkətlərində büruzə verir. Son bir neçə ildə Suriyada və Yaxın Şərq bölgəsində radikal-dini terror təşkilatlarının qanlı fəaliyyətini genişləndirmək istəyən qüvvələr onların uzantılarını Azərbaycanda da formalaşdırmağa çalışırlar. Üç il bundan əvvəl Nardaran qəsəbəsində din pərdəsi altında gizlənən bir qrup insanın antikonstitusion hərəkətləri də bu məqsədə xidmtət edirdi.

Son bir neçə gündə həmin qüvvələr yenidən üzə çıxmağa başlayıblar. Gəncədə baş verən terror aktı və ondan sonra bir qrup insanın iğtişaşlar törətmək cəhdləri bu çirkin məqsədlərin növbəti təzahürüdür. Hadisələrdə iki nəfər yüksək rütbəli polis məmurunun məqsədli şəkildə qətlə yetirilməsi göstərir ki, bu, müəyyən qüvvələrin bəzi kriminal şəxslərdən istifadə edərək terror aktları törətmək və beləliklə, ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdləridir.

Lakin hər bir halda bu qüvvələr öz çirkin məqsədlərinə nail ola bilmirlər. Azərbaycan dövlətinin gücü, dövlət qurumlarının ayıq-sayıqlığı sayəsində hər zaman belə hadisələrin qarşısı qanun çərçivəsində qətiyyətlə alınıb. Əlbəttə, Azərbaycan dövləti güclü dövlətdir və bütün təhlükələrin qarşısını almaq iqtidarındadır. Lakin belə iğtişaşaların yayılmamasının əsas səbəblərindən biri Azərbaycan xalqının, cəmiyyətimizin açıqgözlülüyü, hər zaman dövlətin yanında olması, milli maraqlara zidd olan qüvvələrə və hərəkətlərə qarşı birlik nümayiş etdirməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafı və möhkəmlənməsi istiqamətində son on beş ildə apardığı siyasət ölkəmizi bölgənin lider dövlətinə çevirməklə yanaşı, dünyanın ən sabit məkanlarından biri kimi tanınmasına da imkan yaradıb. Azərbaycanın demək olar ki, bütün qonşu dövlətlərində bu və digər formada qarışıqlıq və münaqişə ocaqları mövcuddur. Bu xaos ya iqtisadi müstəvidə, ya da ictimai-siyasi müstəvidə təzahür edir. Lakin Azərbaycan bu gərginliklər halqasında bir sabitlik və inkişaf adası kimi özünü qotumağı bacarır. Həm ölkə vətəndaşları, həm də xarici qonaqlar ölkəmizdə özlərini olduqca təhlükəsiz və əminlikdə hiss edirlər. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

Dövlət başçısının apardığı uğurlu islahatlar, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən siyasət ölkə əhalisinin həyat səviyyəsini yüksəltmiş, xalqda dövlətə inam hissini gücləndirmişdir. Bunun nəticəsidir ki, ölkə başçısı İlham Əliyev hər zaman xalqın birmənalı dəstəyini qazanmağa nail olmuşdur. Bu uğurlu siyasət nəticəsində əhalinin dövlət qurumlarına, bütövlükdə iqtidara etimadı möhkəmlənmiş, sarsılmaz iqtidar-xalq birliyi formalaşmışdır

Azərbaycanda müəyyən qüvvələrin həyata keçirmək istədikləri təxribat xarakterli əməllərin yayılmamasının bir səbəbi dövlətin gücüdürsə, digər səbəbi xalqın belə pozucu qruplara meydan verməməsi, onların oyununu pozmasıdır. Azərbaycan xalqının öz Prezidentinə olan inamı və etimadı belə hadisələrdən müəyyən siyasi məqsədlər üçün istifadə edən qüvvələrə ən yaxşı cavabdır. Bəzən belə olayları fürsət bilib xalqı itaətsizliyə, iqtidar əleyhinə çxışlara səsləyənlər elə özlərinin çirkin niyyətlərində boğulurlar. Çünki Azərbaycan xalqı aydın təfəkkürlü, açıq gözlü, yaxşını pisdən seçməyi bacaran bir xalqdır. Xalqımız hər zaman dövlətimizin milli təhlükəsizliyi ilə bağlı məsələlərdə həssas davranmış, təxribatların ifşa olunmasına hər cür dəstək göstərmişdir.

Gəncədə baş verən terror və təxribat hadisələri də Azərbaycan xalqı tərəfindən qətiyyətlə pislənir və lənətlənir. Xalq Prezident İlham Əliyevə və onun komandasına özünün layiqli dəstəyini nümayiş etdirməklə ölkədə iğtişaş törətmək istəyən qüvvələrin layiqli cavabını verdi. Bu qüvvələr anlayırlar ki, bəzi ölkələrdə oynadıqları oyunları Azərbaycan xalqına və dövlətinə qarşı törədə bilməyəcəklər.

Taleh Turqut,

“İki sahil”

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...